Tahir Salahovun xalça dünyası. Portretlər adlı sərginin açılışı olub

AZADİNFORM. Azərbaycan Xalça Muzeyində Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “Tahir Salahovun xalça dünyası. Portretlər” adlı sərginin açılışı olub.

Xalça Muzeyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirliyin əməkdaşları, bir sıra digər dövlət və hökumət qurumlarının təmsilçiləri, tanınmış rəssamlar və ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sərgidə xalq rəssamı Tahir Salahovun müəllifi olduğu bir neçə rəngkarlıq əsərlərinin əsasında əməkdar rəssam Taryer Bəşirovun texniki layihəsi və rəhbərliyi ilə toxunan xalçaların təqdimatı keçirilib.

Muzeyin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova T. Salahovun əsərlərinin dünyanın nüfuzlu muzeylərində və rəsm qalereyalarında daima nümayiş olunduğunu bildirib.

Nazir Ə. Qarayev T. Salahovun yaradıcılığını yüksək qiymətləndirib.

Xalça Muzeyinin baş rəssamı, Azərbaycanın əməkdar rəssamı T. Bəşirov T. Salahovun əsərlərindən ilhamlanaraq, onunla həmmüəllif olaraq yaratdıqları xalçaların ərsəyə gəlməsindən, təqdim olunan xalçaların bədii xüsusiyyətlərindən söz açıb.

Sonda çıxış edən xalq rəssamı T. Salahov hər bir əsərin meydana gəlməsi tarixçəsindən danışıb, sərgiyə təqdim olunan xalçaların özünəməxsus keyfiyyətlərindən bəhs edib

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Sərgidə Heydər Əliyevin, bəstəkar Fikrət Əmirov, yazıçı Maqsud İbrahimbəyov və xalq qəhrəmanı Koroğlunun portretləri toxunan xalçalar nümayiş olunub.

Sərgi mayın 15-dək davam edəcək.

5.05.2018 20:12 / Baxılıb: 598 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
    15.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo