Baş tutmayan şou

Prezident seçkiləri ilə bağlı radikal müxalifətin ölkədə ardıcıl mitinqlər sistemi yaratmaq cəhdlərinə ictimai dəstək gəlmədi. Prezident seçkiləri elan olunan kimi, “5-ci kolon” Qərbdən verilən tapşırıq üzrə hərəkətə gəldi və seçkini boykot edəcəyini açıqladı, xalqı da bu boykota qoşulmağa çağırdı. 

Sosial şəbəkələrdə bir sıra vurtual “qəhrəman”lar fəal təbliğat aparır, gəncləri ölkə hakimiyyətinə qarşı birləşməyə səsləyirdi. Lakin araşdıranda məlum oldu ki, bu şəxslərin çoxu Avropa və Amerikadan şəbəkəyə girir və Azərbaycandakı gənclərin siyasi etiraza cəlb olunmasına çalışırlar. Bu planlar heç bir nəticə vermədi, nə ölkədəki mitinqlərə xalqdan dəstək gəldi, nə də Avropadakı şou aksiyalar ciddi reaksiya doğurdu.

Qərb dairələrinə tabe olmayan, müstəqil siyasət yeritməyə çalışan ölkələrə qarşı qlobal şəbəkə işə salınır. Proseslər xalqların istəkləri əsasında deyil, qlobal bir gücün təşkilatçılığı və gizli dəstəyi ilə başlanır. Bəhanə olaraq, demokratiya və sosial problemlər önə çəkilsə də, əslində məqsəd başqadır. Saxta demokratiya çağırışı isə artıq Qərbin əlində siyasi alətə çevrilib.

Qərb hər hansı bir ölkəni tam nəzarət altına almaq, orada vətəndaş müharibəsi yaratmaq, hakimiyyəti özünün təsiri altına keçirmək üçün bu texnologiyalardan həmişə istifadə edir. 

Amma Azərbaycan bəzi ərəb ölkələri kimi qeyri-demokratik dövlət, əhalisi təhsil və dünyügörüşü zəif olan, yoxsulluq içində yaşayan ölkə deyil. O üzdən də belə planlar burda iflasa uğrayır. Düzdür bu planların sayı-hesabı yoxdur, amma hamısının oxşar cəhəti (daxili parçalanmaya cəhd) və məntiqi sonluğu (iflas) var.

Xarici güclərin bu planları həyata keçirmək üçün əlində alət kimi istifadə etdiyi şəxslər və təşkilatlar həmişə olur. Bunlar hələ çox öncədən “verbovka” olunur, ələ alınır, yetişdirilir və günlərin bir günündə “mərkəzdən” komanda gəlir- başlayın! O zaman həmin qüvvələr xalqın da onlara dəstək verəcəyini güman edərək əməliyyata başlayırlar.

Lakin tarix və təcrübəni unudurlar və bu da onların məşlubiyyətinə gətirir. Unudurlar ki, bu xalq siyasi cəhətdən yetkin, savadlı və ağıllı xalqdır, üstəlik, indi 90-cı illərin əvvələri deyil. Əslində, “liderlər” bunu bilirlər, amma özlərini bilməyən kimi göstərirlər. Çünki belə sərf edir, yoxsa xarici qrantları onlara kim verər?

Həm də bu qara pulları (yaşıl da demək olar) “yumaq” lazımdır. O zaman həmişə nəzarət altında saxlanan bir qrup gənc olmalıdır. Bu qrup üçün ən potensial qüvvə isə tələbələr ola bilər. Gənclər adətən idealist, hövsələsiz olur, siyasi cəhətdən yetkin olmur. Onları yalançı ideologiya ilə silahlandırdıqda, ortaya çıxaramağa bir dəstə adam tapmaq çətin olmur.

Son vaxtlar paytaxtda təşkil olunan şou aksiyalarda da aşkar göründü ki, içtirakçılar tamamilə yeniyetmə və gənclərdən ibarətdir. İnsafən, gənclər təlumata uyğun maraqlı şou göstərə bildilər və bu tamaşanı foto və vedioyaddaşa köçürməyə nail oldular. Amma, insafən bəziləri şəkildə yaxşı düşüblər.

İndi həmin görüntülər, sonuncu tranşın “yuyulması” üçün liderlərə lazım olacaq. Artistlərin -  şou iştirakçılarının qazancı isə, Qərb ölkələrindən siyasi sığınacaq almaq ola bilər. Əslində, elə aksiyaya bu cür istəkdə olan gənclər cəlb olunur, onlar da öz arzularını realaşdırmaq üçün düşən imkandan yararlanmağa çalışırlar.

Mətbuatda ağız dolusu xalqın onları dəstəklədiyi iddia edən siyasi dələduzlar hər dəfə fiaskoya uğrasalar da heç keflərini pozmurlar. Çünki Məşədi İbadın sözü olmasın, bir növ adətkarda olublar. Birinci dəfə deyil ki? Həm də əsas məqsəd xalq üçün nəsə etmək deyil ki, növbəti “tranşın” daha çox olması arzusudur. 

Adama deyərlər ki, ayə, sən bu xalqın dərdini çəkirsənsə, o zaman belə aksiyaları 1-2 ay əvvəl niyə keçirmirdin? Bircə dəfə sosial problemlə bağlı aksiya keçirmisənmi? Yox, çünki sənin dərdin xalq deyil, hakimiyyətə gəlməkdir.

Maraqlı orasıdır ki, hakimiyyət ölkədə siyasi və iqtisadi islahatları uğurla həyata keçirməklə müxalifətin bütün bəhanələrini ardıcıl olaraq əlindən alır. Yalnız sonuncu tutalğac var idi ki, ölkədə müəyyən korrupsiya halları var. Düzdür, dünyada elə bir ölkə yoxdur ki, orada belə hallar olmasın. Amma Azərbaycan hakimiyyəti korrupsiyanın qarşısını tamamilə almaq əzmindədir və son vaxtlar bu istiqamətdə səylər daha da güclənib. Qısa müddətdə ölkədə bir çox sahələrdə rüşvət halları və digər neqativ hallar aradan qaldırılıb, yüzlərlə dövlət məmuru həbs olunub, işdən azad olunub.

Beləliklə, müxalifətin əlindən sonuncu bəhanə də alınır. İndi artıq xalqla hakimiyyət arasında möhkəm, sarsılmaz birlik yaranıb. Ölkədə dini, etnik, siyasi, sosial zəmində anlaşma və yüksək tolerantlıq mühiti yaradılıb. Azərbaycan iqtisadi inkişafına, qüdrətli ordusuna, xalqın sosial durumuna, strateji maliyyə ehtiyatlarına, müasirliyi və abadlığına görə dünyada ən yaxşı ölkələrdən birinə çevrilir.

Bir sözlə, Azərbaycan artıq öz yolunu seçib - bu, dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olmaq, əhalinin rifahını daha da yüksəltmək, sivil, demokratik bir ölkə kimi dünyada öz layiqli yerini tutmaqdan ibarətdir. Belə ölkələrdə siyasi şoular heç bir effekt vermir cənablar! Yaxşısı budur ki, özünüzə yeni iş tapın, xalqın, dövlətin inkişafına töhfə verin. Əks halda, heç nəyə nail ola bilməyəcəksiniz!


Elçin Bayramlı

2.05.2018 16:28 / Baxılıb: 2540 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo