YAP Xocalı soyqırımımın 20-ci ildönümünə həsr edilən tədbir keçirib

Atif Eyvazov/AZADİNFORM. Bu gün Atatürk Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımımın 20-ci ildönümünə həsr edilən tədbir keçirilib. “Azadinform” xəbər verir ki, tədbirdə bir sıra millət vəkilləri, Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edib. 

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, millət vəkili Əli Əhmədov bildirib ki, Xocalı faciəsi 20-ci əsrin ən qanlı hadisəsidir. Zaman-zaman ermənilər tərəfindən xalqımıza qarşı soyqırımıları tətbiq edildiyini xatırladan Ə.Əhmədov bu soyqırımının dünyaya çatdırılması ilə bağlı bütün səylərin birləşdirilməsinin vacibliyini qeyd edib.
Xocalı şəhər İcra Hakimiyyətinin başçısı Şahmar Usubov Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat verib. O, hadisədən sağ çıxan xocalıların mövcud vəziyyəti, onlar üçün Azərbaycan dövləti tərəfindən yaradılan şərait və digər məsələlərdən danışıb, soyqırımının dünyaya çatdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib.
Milli Məclisin şöbə müdiri Nizami Səfərov Xocalıda baş verən hadisələrlə bağlı cinayət işlərinin açıldığı, faciənin törədilməsində iştirak edən şəxslərin beynəlxalq axtarışda olduğunu söyləyib, ancaq cinayətkarların tutularaq Azərbaycana gətirilməsinin problem olduğunu qeyd edib. Bu vaxta qədər heç bir beynəlxalq təşkilat, o cümlədən BMT-nin həmin cinayətkarların mühakimə olunması ilə bağlı xüsusi tribunal yaratmadığını diqqətə çatdıran N.Səfərov bu barədə də düşünməyin vacibliyinə toxunub və təklif edib ki, sözügedən məsələ ilə bağlı BMT-yə müraciət etmək olar. O, həmçinin təklif edib ki, Xocalı soyqırımının qurbanları və onların nümayəndələri bu məsələyə hüquqi qiymət verilməsi üçün Avropa məhkəmələrinə müraciət etsinlər.
H.Kılıç dünyanın reallığı görmədiyini, ancaq qondarma məsələlərə tez reaksiya verdiyini təəssüflə qeyd edib. Səfir Xocalı soyqırımının bütün dünyaya çatdırılması üçün birgə səy göstərməyin vacibliyinə diqqət çəkib və bildirib ki, Türkiyə bu məsələdə daim Azərbaycanın yanında olacaq.
Millət vəkili Gövhər Baxşəliyeva təklif edib ki, Xocalı soyqırımının tanınması üçün  parlamentlərə müraciətlər göndərilsin. O, Xocalı, eləcə də ermənilər tərəfindən azərbaycanlılara qarşı Quba, Şamaxı və digər yerlərdə törədilən cinayətlərlə bağlı məlumatların müxtəlif dillərə tərcümə edilərək xarici ölkələrdə yayılmasının zəruriliyini qeyd edib.
Millət vəkili Vahid Əhmədov bildirib ki, Türkiyədə planlaşdırıldığı kimi, Azərbaycanda da Xocalı soyqırımı ilə bağlı yürüş təşkil edilsin.

22.02.2012 14:22 / Baxılıb: 258 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.06.2018
    18.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo