Dünya birliyinin mütləq əksəriyyəti bizi dəstəkləyir

İlham Əliyev: “Azərbaycanın son 15 ildə beynəlxalq aləmdə böyük uğurlara imza atıb”

 

 

XX əsrin 90-cı illərində müstəqilliyini yenidən bərpa edən Azərbaycan 1993-cü ildən başlayaraq dünya birliyinin layiqli üzvünə çevrilməyə başladı. İşğalçı Ermənistan istisna olmaqla, bütün dünya dövlətləri ilə qarşılıqlı maraqlara xidmət edən münasibətlərin qurulması illər keçdikcə ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da artırdı. Bu gün müasir Azərbaycan sabitlik məkanı, miltikulturalizm, tolerantlıq ənənələrini yaşadan diyar, etibarlı tərəfdaş, Cənubi Qafqazın inkişaf etmiş lider dövləti kimi tanınmaqdadır. Prezident İlham Əliyev də aprelin 18-də Milli Məclisdə keçirilən andiçmə mərasimində ölkəmizin beynəlxalq aləmdəki rolunu şərh edərək bildirib ki, Azərbaycan dünyada çox müsbət reputasiyaya malikdir. O, Azərbaycanın son 15 il ərzində beynəlxalq aləmdə böyük uğurlara imza atdığını vurğulayıb. Qeyd edib ki, dünyadakı mövqelərimiz daha da möhkəmlənir, Azərbaycana qarşı dünya birliyi tərəfindən böyük rəğbət, dəstək nümayiş etdirilir: "Biz bunu hiss edirik və əldə edilmiş nəticələr, qəbul edilmiş qərarlar bunu bir daha təsdiqləyir. Əlbəttə ki, bunun ən bariz nümunəsi bizim 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına seçilməyimiz olubdur. Bu, gənc müstəqil dövlət üçün çox böyük nailiyyətdir. Bu, onu göstərir ki, dünya birliyinin mütləq əksəriyyəti bizi dəstəkləyir”.  
Prezident İlham Əliyev bildirib ki, son 15 il ərzində qonşu dövlətlərlə daha da sıx münasibətlər qura bilmişik. Onun sözlərinə görə, hazırda ikitərəfli münasibətlərimiz ən yüksək səviyyədədir, işğalçı Ermənistan istisna olmaqla digər qonşu dövlətlərlə Azərbaycanın heç bir problemi yoxdur, bütün məsələlər konstruktiv şəkildə öz həllini tapır və ikitərəfli əməkdaşlıq çoxtərəfli əməkdaşlığa şərait yaradır: "Çoxtərəfli əməkdaşlıq da Azərbaycanın təşəbbüsü ilə baş verir. Bizim təşəbbüsümüzlə dörd qonşu ölkə ilə dörd çoxtərəfli əməkdaşlıq formatı yaradılıbdır və bu, işlək formatlardır. Biz bu üçtərəfli və dördtərəfli görüşlərdə çox önəmli məsələləri müzakirə edirik, həll edirik. Məsələlərin həlli bütün qonşu ölkələr, o cümlədən Azərbaycan üçün böyük fayda verir, eyni zamanda, qonşularla isti münasibətlərimiz regional sabitliyə, təhlükəsizliyə də öz müsbət təsirini göstərir”. 
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, ATƏT PA-da təmsil olunan millət vəkili Tahir Mirkişili də son 15 ildə Azərbaycan çox böyük inkişaf yolu keçdiyini dilə gətirib. O qeyd edib ki, bu müddət ərzində həm müstəqilliyimiz möhkəmlənib, həm ordumuz güclənib, həm iqtisadiyyatımız 3 dəfədən çox artıb, həm də digər sahələrlə bağlı uğurlar əldə olunub. Millət vəkilinin sözlərinə görə, bütün bunlar Azərbaycanın beynəlxalq reputasiyasını və dünya bazarında yerini möhkəmləndirib. Azərbaycanın dünyadakı mövqeyinin möhkəmləndirilməsini sübut edən göstəricilərdən söhbət açan komitə üzvü söyləyib ki, ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, orada sədrliyə başlaması, Qoşulmama Hərəkatına üzv olan ölkələrin 2019-cu ildən etibarən 3 il müddətində Azərbaycanın bu təşkilatı idarə etməsi ilə bağlı qərar qəbul etməsi ölkəmizə beynəlxalq aləmdə verilən dəyər, etibar və inamdır. Azərbaycanın ATƏT kimi çox böyük regional təşkilatda mühüm reputasiyaya malik olduğunu dilə gətirən millət vəkilinin qənaətincə, dünyada çox az ölkə var ki, onların özlərinin müstəqil mövqeləri mövcuddur: "Bir çox ölkələrin mövqeləri qruplaşmalar, böyük dövlətlərin diktəsi altında formalaşır və onlar buna uyğun şəkildə xarici siyasət aparırlar. Amma Azərbaycan çox az ölkələrdəndir ki, özünün xarici siyasəti və mövqeyi, bir çox hadisələrə yanaşması var. Məhz bu yanaşma dünya birliyi tərəfindən rəğbətlə qarşılanır. Bunun nəticəsidir ki, hər hansı qərar verilən zaman əgər bizim regiona aiddirsə, o zaman ölkəmizin mövqeyi hökmən nəzərə alınır. Bunun özü Azərbaycanın beynəlxalq mövqeyinin yüksək olmasını göstərir. Əlbəttə ki, ölkəmiz bu mövqeyindən istifadə etməklə regionda sülh və əmin-amanlığın təmin olunması, regional layihələrin həyata keçirilməsində özünü göstərir”. 
Millət vəkili qeyd edib ki, son 15 ildə Azərbaycana 230 milyard dollardan çox xarici investisiya cəlb edilib. Onun sözlərinə görə, xarici investisiya o ölkələrə yatırılır ki, onların reputasiyası yüksək olsun, reytinq cədvəllərində üst pillələrdə qərarlaşsın. Deputat deyib ki, Azərbaycanın iqtisadi cəhətdən də Cənub Qaz Dəhlizi kimi böyük layihələr həyata keçirməsi, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum layihələrin reallaşması ölkəmizin beynəlxalq imicinin kifayət qədər yüksək olmasının bariz nümunəsidir. Milli Məclis tərəfindən ölkəmizdə həyata keçirilən xarici siyasətin dəstəklənməsi istiqamətində xeyli işlər görüldüyünü dilə gətirən parlamentari əlavə edib ki, bu işlərin davam etməsi, daha da aktivləşməsi, buna uyğun qanunvericilik bazasının yaradılması yönümdə də planlar mövcuddur. 
Millət vəkili Aydın Mirzəzadə isə söyləyib ki, son 15 ildə Azərbaycanda ümummilli lider Heydər Əliyevin bizə qoyduğu miras daha da çoxaldılıb. Azərbaycan dövlətçiliyi daha da möhkəmləndirilib, iqtisadiyyatımız gücləndirilib, bir milyona yaxın yeni iş yeri yaradılıb, ölkəmiz beynəlxalq aləmdə siyasi nüfuzunu bir qədər də artırıb: "Bu gün Azərbaycanın region və dünya məsələləri ilə mövqeyi diqqətlə gözlənilir və hörmətlə yanaşılır. Prezident İlham Əliyev öz inauqurasiya çıxışında Azərbaycanın gələcəyə yönələn siyasətinin əsas istiqamətini də vurğuladı. Bu, müstəqilliyimizin möhkəmlənməsi, iqtisadiyyatımızın daha da güclənməsi, Dağlıq Qarabağ münaqişəsinin ancaq və ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyi, hər bir vətəndaşa qayğı ilə yanaşılması və sair idi. Azərbaycanda demokratik inkişaf ölkə cəmiyyətinin bağlılığı istiqamətində baş verir. İnanıram ki, növbəti yeddi ildə Azərbaycanın inkişafı daha möhtəşəm olacaq”.

 


Alpər Turan

21.04.2018 13:15 / Baxılıb: 216 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2018
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo