Zərifə Əliyevanın 95-ci ildönümünə həsr olunmuş Qələbəyə doğru intellektual oyunu yekunlaşıb Fotolar

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Binəqədi rayonu İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Zərifə Əliyevanın 95-ci ildönümünə həsr olunmuş “Qələbəyə doğru” intellektual oyununun bağlanış mərasimi keçirilib. 

Azadinform trend-ə istinadən xəbər verir ki, mərasimdə əvvəlcə Zərifə Əliyevanın xatirəsinə həsr olunan "Nur dolu ömür" adlı film nümayiş olunub. 

Daha sonra mərasimdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tədbirin Binəqədidə keçirilməsini təsadüfi saymayıb. Zərifə Əliyevanın adını daşıyan parkın Binəqədi rayonu ərazisində yerləşdiyini xatırladan X.İsgəndərov hesab edir ki, Binəqədi rayonunda belə bir möhtərəm oyunun finalının keçirilməsi alimə verilən böyük qiymətdir. 

Azərbaycanın dünyada uşaq və gənclər siyasətinə xüsusi önəm verən az sayda ölkələrdən biri olduğunu deyən Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, uşaq və gənclər dövlətin verdiyi imkanlardan faydalanaraq öz bilik və bacarıqlarının artırılması üçün çalışmalı, vətənpərvər olmalıdırlar. 

H. Hüseynova deyib ki, “Qələbəyə doğru” kimi intellektual oyunların keçirilməsi uşaqların Azərbaycanın tarixi, mədəniyyəti, görkəmli ziyalıları barədə məlumatlarının artırılması baxımından çox dəyərlidir: "Hər bir uşaq ailənin davamçısı olduğu kimi həm də xalqın gələcəyidir. Ölkəmizin gələcəyi uşaqlardan, onların intellektual səviyyəsindən asılıdır. Ona görə də belə intellektual oyunların keçirilməsinin mühüm əhəmiyyəti var". 

Zərifə Əliyevanın da intellektual gənclərə böyük diqqət göstərdiyini, onun öz ətrafına daim gəncləri topladığını, onlara yol göstərdiyini vurğulayan komitə sədri qeyd edib ki, Zərifə Əliyevanın arzularından biri Azərbaycanın uşaq və gənclərini intellektual səviyyəli, bacarıqlı, savadlı görmək olub. 

H. Hüseynova qeyd edib ki, Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş "Qələbəyə doğru" intellektual yarışının məqsədi də gənclərin Azərbaycanın tarixi, mədəniyyəti, ziyalıları haqqındakı biliklərini artırmaq, onların düşüncələrini, sərbəst fikir yürüdə bilmək bacarıqlarını inkişaf etdirməsinə yardım etməkdir. 

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxışında akademik Zərifə Əliyevanın Azərbaycanı dünyada tanıdan azsaylı şəxslərdən biri olduğunu söyləyib. 

Ə. Əmiraslanov sözlərinə görə, Zərifə Əliyeva oftalmologiya sahəsinin ən aktual problemləri ilə məşğul olub. O, görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasında az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparıb: “Zərifə Əliyevanın elmi fəaliyyətinin böyük hissəsi Moskva ilə bağlı olub. Zərifə Əliyeva Moskvada böyük elmi uğurlar əldə edib. Alim qazandığı uğurlarla səhiyyə sahəsində öz sözünü deməyi bacarıb. Zərifə Əliyevanın daha böyük uğuru həyatının 3 böyük şəxslə - Əziz Əliyev, Heydər Əliyev və ilham Əliyevlə bağlı olmasıdır”. 

Milli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva bildirib ki, akademik Zərifə Əliyeva tibb sahəsində böyük alim olmaqla yanaşı, həm də tarixi araşdırmaçı olub: “Zərifə xanım o qədər çox işin, qayğıların içində tarixi araşdırmalarla da məşğul olub. Azərbaycanın bu cür qadınlarının olması tariximizin xalqımıza göstərdiyi böyük lütfdür. Bunu biz hamımız, xüsusilə gələcəyimiz olan uşaqlar dəyərləndirməlidirlər”. 

Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, gözəl alim olmaqla yanaşı, gözəl həyat yoldaşı da olan Zərifə Əliyeva ümummilli lider Heydər Əliyevin gərgin siyasi fəaliyyətində ona hər zaman mənəvi dayaq, arxa olub. 

M. İbrahimqızı Vətənimizin fəxri sayılan bu cür insanların parlaq sima kimi daim yaddaşlarda yaşayacağını söyləyib. 

Tədbirdə daha sonra “Qələbəyə doğru” intellektual oyununun qalibləri mükafatlandırılıb. 

Bakıətrafı kənd və qəsəbələri təmsil edən komandaların iştirakı ilə keçirilən “Qələbəyə doğru” intellektual oyununun final yarışında iştirak etmək hüququnu seçim turlarında qalib olan komandalar qazanıblar. 

Final oyununda qəsəbələri təmsil edən hər bir komandada dünyagörüşü və intellektual səviyyəsi yüksək olan 5 məktəbli iştirak edib. 

Final yarışında 1,2 və 3-cü yerlərin qalibləri olan komandalar diplom və hədiyyələrlə mükafatlandırılıb. 1-ci yerin qalibi olmuş komandaya "Qələbəyə doğru" kuboku təqdim olunub.

20.04.2018 18:30 / Baxılıb: 278 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
19.10.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo