Ermənistanda siyasi və sosial böhran niyə dərinləşib? - ANALİZ

Yerevanda davam edən nümayişlər xalqla hakimiyyət arasında dərin uçurum və inamsızlıq olduğunun göstəricisidir... 


Sosial-iqtisadi problemlər və siyasi böhran məngənəsində boğulan Ermənistanın vəziyyəti getdikcə ağırlaşır. Əhali, hakimiyyətin siyasətinə qarşı öz kəskin etirazını bildirmək üçün meydanlara axışır. Bu gün Ermənistan hüquq-mühafizə orqanları etiraz aksiyalarında iştirak edən 183 nəfəri saxlayıb, polis tərəfindən onlarla insana xəsarət yetirib.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Edqar Canoyan bildirib.

Etiraz aksiyalarının təşkilatçısı, parlamentin üzvü Nikol Paşinyan isə yolların yük maşınları ilə mühasirəyə alındığını açıqlayıb. O bildirib ki, plan baş tutarsa, “məxməri inqilab” bir neçə günə başa çatacaq.

Etiraz aksiyaları ilkin olaraq siyasi tələblərlə başlasa da əsas səbəbin sosial-iqtisadi amillər olduğu aydındır. Hələ keçən il yerli və xarici ekspertlərin bu ölkənin ictimai-siyasi, sosial-iqtisadi vəziyyəti ilə bağlı proqnozları özünü doğrultmuş oldu. Erməni xalqı ağır vəziyyətdə yaşamaqdan bezərək mübarizəyə başlayır.

Ümumiyyətlə, Ermənistanda sosial-iqtisadi böhran və siyasi gərginliyin bu il partlayış həddinə çatacağı gözlənilən idi. Yerli informasiya mənbələri bahalaşmanın sürətlə davam etdiyi və yoxsulluğun artdığı barədə dəfələrlə məlumatlar yayırdılar.

Beynəlxalq təşkilatların Ermənistanla bağlı verdiyi açıqlamalarda da işğalçı ölkədə yoxsulluğun səviyyəsinin artdığı və bu tendensiyanın davam edəcəyi göstərilirdi. Son illərdə, bu ölkədə əhalinin yaşayış səviyyəsi sürətlə aşağı düşür. Qiymətlər bahalaşır, əhalinin gəlirləri isə artmır. Ekspertlərin hesab edir ki, istehlak qiymətlərinin artması və inflyasiyanın dərinləşməsi fonunda maaşların artmaması isə yoxsulluğun səviyyəsinin yüksələcəyini deməyə əsas verir.

Erməni iqtisadçıları isə deyir ki, Yerevan ciddi tədbirlər görməsə, 2020-cü ildə Ermənistanda əsil sosial-iqtisadi fəlakət baş verəcək və əhalinin 70 faizi yoxsulluq həddində yaşayacaq. Erməni KİV-lərinin yaydığı xəbərə görə, ötən illərə nisbətən Ermənistanda sosial-iqtisadi vəziyyət bu il daha ümidsiz şəkil alıb. Məlumatlarda qeyd olunur ki, hökumətin böhrana qarşı yürütdüyü iqtisadi tənzimlənmə proqramı öz effektini verməyib.

İqtisadçı ekspertlər, eyni zamanda, böhranın aradan qaldırılması üçün ayrılan vəsaitin bəzi şəxslər tərəfindən mənimsənildiyini bildirir.  Qeyd olunur ki, "elit" binalarda əyləşən Ermənistan rəsmiləri yalnız bir funksiyanı yerinə yetirirlər - onlar yalnız korrupsiya ilə məşğul olurlar.

İqtisadi böhranın dərinləşməsi, inflyasiyanın səviyyəsinin artması nəticəsində əhali Ermənistanı sürətlə tərk edir. Beynəlxalq təşkilatların hesabatlarında bildirilir ki, 2005-ci ildən başlayaraq ermənilərin Ermənistanı tərk edərək başqa ölkələrin vətəndaşlığını qəbul etmələri halı artıb.

Sərhədyanı ərazilərdə yaşayan ermənilər kütləvi şəkildə Gürcüstana günəmuzd işləməyə gedirlər ki, ailələrini yaşada bilsinlər. Orada qazandıqları isə yalnız yemək puluna çatır.

Qeyri-rəsmi məlumatlara görə isə, Ermənistanda işsizliyin səviyyəsi 30 faizə qədər yüksəlib. Bütün bunlar Ermənistanda acınacaqlı vəziyyətin hökm sürdüyünün, ölkənin təkcə demoqrafik yox, həm də böyük sosial-iqtisadi tənəzzül içərisində olduğunu göstərir.

Son hadisələr bir daha sübut edir ki, Ermənistan hakimiyyətinin, nə ölkənin inkişafına dair konsepsiyası, nə idarəetmə təcrübəsi, nə komanda ilə işləmək bacarığı mövcuddur, nə də dövrün tələblərinə cavab verə bilir.

İşğalçı ölkədə təkcə sosial-iqtisadi böhran deyil, bunlarla paralel və buna bağlı olaraq siyasi böhran da yaşanır. Söhbət kadr dəyişikliklərindən deyil, Ermənistan dövlətçiliyinin, milli ideologiyasının böhranından gedir. Müstəqil dövlət yaradan erməni xalqının siyasi elitası, inkişafı qonşu dövlətlərə qarşı torpaq iddiasında görür. Bu isə heç zaman, heç bir dövlətə uğur gətirməyib, Ermənistana da gətirmədi.

Hazırkı proseslər Ermənistan cəmiyyətində gedən böhranın üzdə görünən əlamətləridir. Ölkədən əhalinin durmadan köçməsi, ölkə iqtisadiyyatının tənəzzülü, ölkənin regional iqtisadi layihələrdən kənarda qalması, iqtisadi, siyasi, hərbi, diplomatik sahədə uğursuzluqlar göz qabağındadır.  

Ermənistan hakimiyyəti hazırkı siyasətini davam etdirərsə, bundan sonra da bu cür böhran əlamətləri tez-tez görünəcək. Çünki ölkənin iqtisadi tənəzzülü artıq dönməz xarakter daşıyır, bunun qarşısını almaq üçün isə hökumət konkret proqram və sənədlərə malik deyil. 

Beləliklə, təcavüzkar ölkə getdikcə böhran içərisində boğulur və özünün reabilitasiya imkanlarını itirir. Vəziyyətdən yeganə çıxış yolu isə işğalçı siyasətdən imtina və regionda sülhü qoruma təşəbbüslərinə yardım etməkdir. İşğalçı ölkənin sabiq prezidenti Ter-Petrosyanın və sabiq xarici işlər naziri Vardan Oskanyanın etiraf etdiyi kimi, Ermənistan hökm sürən bu faciəvi vəziyyətdən yalnız Dağlıq Qarabağ məsələsi həll ediləndən sonra, Bakı-Yerevan münasibətlərinin normallaşması sayəsində çıxa bilər.


Elçin Bayramlı

20.04.2018 17:17 / Baxılıb: 266 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.08.2018
    20.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo