FHN nümayəndələri BSU-da təlim keçiblər

AZADİNFORM. Bakı Slavyan Universitetində (BSU) Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti və Bakı Regional Mərkəzinin əməkdaşları birlikdə “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçiriblər.

Tədbirin əvvəlində çıxış edən BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov bildirib ki, hər il Fövqəladə Hallar Nazirliyi tərəfindən tələbələr üçün maarifləndirmə xarakterli tədbirlər keçirilir. O, bugünki tədbiri də gənclərin fövqəladə hallar zamanı təhlükəsizlik qaydaları istiqamətində maarifləndirilməsinə yönəlmiş mühüm addım kimi qiymətləndirib. Prorektor BSU-da fövqəladə halların qarşısının alınması üçün hər cür şəraitin yaradıldığını, universitetdə yanğından mühafizə sisteminin olduğunu qeyd edib. Təhlükəsizlik hallarına İnzibati-təsərrüfat işləri üzrə prorektorluq tərəfindən ciddi nəzarət edildiyini deyən T. Cəfərov bildirib ki, universitetdə yanğından ilkin mühafizə üçün könüllü dəstə yaradılıb.

Universitet kollektivinin iştirak etdiyi tədbirdə  Dövlət Yanğın Nəzarəti Xidmətinin nümayəndəsi Nizami Fərəcov yanğın təhlükəsizliyi barədə geniş məlumat verib. FHN nümayəndəsi bildirib ki, yanğınların təqribən 4-5%-i təbii fəlakətlər nəticəsində  baş verirsə, 95%-i insan faktorunun ehtiyatsızlığı nəticəsində baş verir. Qaz və elektrik cihazlarından istifadə qaydalarına riayət olunmaması, o cümlədən qaz cihazlarının nəzarətsiz qalması zamanı baş verən fövqəladə hallardan danışan Nizami Fərəcov tüstü bacalarının işlək və təmiz vəziyyətdə olmasının, standartlara uyğun qaz və elektrik cihazlarından istifadə etməyin əhəmiyyətini qeyd edib.

Tədbirdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları, fövqəladə hallar zamanı baş vermiş hadisələr, bu hallardan çıxış yolu tapmaq üçün lazımi qaydalar haqqında slayd və video nümayiş olunub.

Bakı Regional Mərkəzinin sektor müdiri Anar İbrahimov tədbir iştirakçılarına mobil cihazlar vasitəsilə elektron formada yanğından və digər fövqəladə hallardan mühafizə ilə bağlı mövcud proqramlar barədə məlumat verib. O vurğulayıb ki, istənilən şəxs mövzu ilə bağlı FHN-nin rəsmi saytından daha ətraflı məlumat əldə edə bilər.

Tərbiyə işlər üzrə prorektor, dosent Xanım Sultanova tədbirin təşkilinə görə FHN əməkdaşlarına universitet rəhbərliyi adından minnətdarlıq edib.

Sonda tədbir iştirakçılarına “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları”, “Qaz cihazlarından istifadə edərkən yanğın, partlayış, zəhərlənmə kimi fövqəladə hadisələrin baş verməməsi üçün təhlükəsizlik qaydalarına əmək edin!” mövzularında yaddaş vərəqələri paylanılıb və “Təhsil müəssisələrinin yanğın təhlükəsizliyi” və “İnzibati binaların yanğın təhlükəsizliyi” mövzularında yaddaş kitabçaları universitet rəhbərliyinə təqdim edilib.

20.04.2018 15:05 / Baxılıb: 228 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
27.05.2018
26.05.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo