Səlim Müslümov İƏT baş katibinin müavini ilə görüşüb

Adəm Abbaslı/AZADİNFORM. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin gənclər və idman nazirlərinin “Gənclərin inkişafı üçün fəaliyyətlərdə həmrəylik” mövzusunda Bakı şəhərində keçirilən dördüncü toplantısında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İƏT baş katibinin iqtisadi və hüquqi məsələlər üzrə müavini Həmid Opelayeru ilə görüş olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Azadinform-a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin səlahiyyətlərini icra edən Səlim Müslümov bildirib ki, aparılan islahatlar nəticəsində postenerji dövrünə xas uğurlu idarəetmə sisteminin formalaşması və milli iqtisadiyyatın şaxələndirilməsi şəraitində neftdən asılı olmayan iqtisadi inkişaf tempi əldə olunub. Dövlət başçısının sosial-iqtisadi siyasətində əhalinin səmərəli məşğulluğunun təminatının başlıca prioritetlərdən biri olması iqtisadi islahatların işçi qüvvəsinin daim artdığı şəraitdə əmək bazarında sabitliyin davam etməsi ilə müşahidə olunmasına imkan verib.

S.Müslümov ölkəmizin əmək bazarında uzunmüddətli inkişaf meyllərinin təmin olunması, gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi, peşə və ixtisas təhsili sisteminin iqtisadiyyatın inkişafına və əmək bazarının tələblərinə uyğunlaşdırılması məqsədilə aparılan işləri, cari ilin əvvəlindən formalaşan işsizlikdən sığorta sisteminin maliyyə imkanları əsasında aktiv əmək bazarı tədbirlərinin əhəmiyyətli dərəcədə genişləndirildiyini diqqətə çatdırıb.

Layiqli əmək üçün vacib faktorlardan olan işçi qüvvəsinin bacarığının artırılması yönündə görülən işləri qeyd edən S.Müslümov Azərbaycanın İƏT-lə uğurlu əməkdaşlıq təcrübəsinə malik olduğunu, həmçinin İSESCO (İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı), müsəlman ölkələrini birləşdirən digər mötəbər beynəlxalq təşkilatlar ilə əlaqələrin getdikcə genişləndiyini vurğulayıb. O bildirib ki, bu gün İƏT-ə üzv ölkələr arasında əmək və məşğulluq, əmək bazarının tənzimlənməsi, qeyri-formal məşğulluğun azaldılması, zəif sosial qrupların əmək bazarına inteqrasiyası və s. kimi ümumi maraq kəsb edən məsələlər mövcuddur. Üzv ölkələr arasında bu sahədə də əlaqələrin genişlənməsi üçün İƏT-in səyləri, eləcə də üzv ölkələrin əmək nazirlərinin konfranslarının təşkili təqdirəlayiqdir: “Bununla yanaşı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin üzv ölkələr tərəfindən yekdilliklə dəstəklənən təklifi əsasında İƏT-in mənzil-qərərgahı Bakıda olacaq Əmək Mərkəzinin yaradılması əmək və məşğulluq sahəsində aktual məsələlərin həlli ilə bağlı Təşkilata üzv ölkələr arasında əməkdaşlığın təşviqində fəal və müstəsna platforma yaradacaq. İƏT-in beynəlxalq statuslu bu Mərkəzinin təsis edilməsi üçün onun Nizamnaməsini 10 üzv ölkənin imzalaması tələb olunur ki, son illərdə artıq Türkiyə və Azərbaycan tərəfindən həmin sənəd imzalanıb”.

H.Opelayeru İslam dəyərlərinin təbliğinə və İslam həmrəyliyinin güclənməsinə mühüm töhfələr verən ölkəmizin İƏT-lə fəal əməkdaşlıq əlaqələrinə malik olduğunu qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə, İƏT-in Bakıda Əmək Mərkəzinin yaradılması istiqamətində görülən işlərə dair fikir mübadiləsi aparılıb.

20.04.2018 14:35 / Baxılıb: 191 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2018
    26.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo