Azərbaycan və Xorvatiya arasında strateji əməkdaşlıq məsələləri müzakirə edilib

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycanın Xorvatiyadakı fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov aprelin 19-da Xorvatiya Parlamentinin Parlamentlər arası əməkdaşlıq üzrə komitəsinin sədri xanım Romana Yerkoviç ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, görüş zamanı tərəflər Xorvatiya ilə Azərbaycan arasında dostluq və strateji əməkdaşlıq səviyyəsində olan əlaqələrin inkişafından məmnunluq ifadə edib, 2017-ci ilin noyabr ayında Azərbaycan və Xorvatiya hökumətləri arasında İqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 1-ci iclasının və ticarət əlaqələrinin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Səfir F.Qurbanov Xorvatiyanın Bakı şəhərində səfirliyinin açılması haqqında qərarından məmnunluğunu ifadə edərək, bunun iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün geniş zəmin yaratdığını qeyd edib. İkitərəfli əməkdaşlığa dair qarşıda duran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistan tərəfinin qoşunların təmas xəttində törədiyi təxribatlar haqqında həmsöhbətini məlumatlandıran səfir beynəlxalq ictimaiyyətinin münaqişənin həll edilməsi üçün səylərinin gücləndirilməsinin önəmli olduğunu vurğulayıb.

Xanım Romana Yerkoviç Xorvatiyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha vurğulayıb.

Səfir Fəxrəddin Qurbanov Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, 2018-ci ilin “Cümhuriyyət İli” elan edilməsi barədə məlumat verib və bu münasibətlə keçiriləcək təntənəli tədbirlərlə bağlı həmsöhbətini məlumatlandırıb.

İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın səviyyəsindən söhbət açılıb, Azərbaycanın “Expo-2025”-ə ev sahibliyi etməsi üçün namizədliyinin Xorvatiya tərəfindən dəstəklənəcəyinə ümid ifadə edilib.

Xanım R.Yerkoviç Azərbaycanın gözəl və qonaqpərvər ölkə olduğuna ölkəmizə səfərləri zamanı şahidi olduğunu bildirib.

Tərəflər iki ölkə arasında münasibətlərin genişləndirilməsi üçün parlamentlər arası əlaqələrinin intensivləşdirilməsinin önəmli olduğunu qeyd ediblər.

20.04.2018 13:20 / Baxılıb: 208 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo