Bu, ordu və dövlət birliyini şərtləndirən mühüm sənəddir Ekspert

Ləman Hüseynzadə / AZADİNFORM. “Prezident İlham Əliyevin ərazi bütövlüyümüz uğrunda həlak olmuş, itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı imzaladığı fərman hər şeydən əvvəl Ali Baş Komandan kimi tabeçiliyindəki hərbi qulluqçulara göstərdiyi diqqət və qayğının əsgəri nümunəsi, indiyədək ordu quruculuğu sahəsində atılan mühüm addımların davamıdır”.

Bu fikri Azadinform-a açıqlamasında ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert İbrahim Rüstəmli deyib.

O bildirib ki, bu, mürəkkəb və gərgin vəziyyətlərlə xarakterizə olunan ordu müstəvisində müəyyənedici əhəmiyyət daşıyır: “Bu əhəmiyyət məsələnin maddi yükündən çox, mənəvi tərəfini önə çəkir və bir sıra məqamlara aydınlıq gətirir. Yəni, ilk növbədə döyüşən əsgərin etimadını qazanmaq, əgər bir tərəfdən daim onun yanında, səngərdə olmaq deməkdirsə, digər tərəfdən ölkənin milli maraqlarının qorunmasına, ərazi bütövlüyünün təminatına, suverenlik və müstəqillik kimi strateji dəyərlərə verilən önəmdir. Eyni zamanda, yürüdülən dövlət siyasətinin ana xətti haqqında dolğun təəssürat yaradan, gələcək prioritetlərin müəyyənləşdirilməsində müstəsna əhəmiyyət daşıyan, ordu və dövlət, ordu və xalq birliyini şərtləndirən mühüm sənəddir”.

“Fərmanın yeni prezidentlik dövründə ilk sənəd kimi imzalanması və tarixə düşməsi təsadüfi xarakter daşımır”, - deyən ekspert əlavə edib ki, indi o, ölkə Prezidenti və Ali Baş Komandan kimi fövqəladə statusları az qala eyni məxrəcdə birləşdirən, bununla da, siyasi iradəni əsgəri fədakarlıqla cilalayan mühüm vəhdət rolunu oynayır: “Bəzi məqamlarda məmur etinasızlığı ilə yadda qalan problemlərin qarşısına sədd çəkir, səlahiyyət sahiblərinə öz həddini və vəzifə borclarını tanıdır. Nəhayət, Silahlı Qüvvələrimizin nüfuz dairəsini daha da genişləndirir. Fərmanın hərbi vətənpərvərlik tərbiyəsi işində müstəsna rol oynayacağı danılmazdır. Çünki tətbiq sahəsinə görə cəmiyyətin mühüm qismini özündə ehtiva edir. Bu mənada xüsusilə yeni yetişən gənc nəslin ordu ilə bağlı düşüncələrində əhəmiyyətli təsirləri ilə yadda qalacaq. Silahlı Qüvvələrimizin vətənə, xalqa və dövlətə sədaqətli hərbi qulluqçularla komplektləşdirilməsinə təkan verəcək, müdafiə qüdrətimizin etibarlı özüllər üzərində qurulmasına əsaslı zəmin yaradacaq”.

İ. Rüstəmli qeyd edib ki, burada məqsəd ərazi bütövlüyümüzün təmin olunması, suverenliyimizin bərpası kimi strateji hədəflərdir: “Bu hədəflər həm də yad tapdağı altında qalmış torpaqlarımızı və o torpaqlar uğrunda öz həyatını qurban verənlərin, itkin düşənlərin haqqını qaytarmaq üçündür – xüsusilə, məzarsız qəhrəmanlarımızın ana südü kimi halal haqqını”.

20.04.2018 11:20 / Baxılıb: 727 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2018
    22.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo