DİM-dən jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət

Samir Soltanov/AZADİNFORM. Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının I mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın II mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər. 

Dövlət İmtahan Mərkəzindən (DİM) Azadinform-a verilən məlumata görə, həmin bakalavrlar aprelin 20-dən 30‑dək Mərkəzin internet saytında qeydiyyatdan keçməli və mayın 7-dən 11‑dək qabiliyyət imtahanı verməlidirlər. 

Jurnalistika üzrə proqramı yalnız qabiliyyət imtahanında iştirak edən və “məqbul” qiymət alan bakalavrlar seçə bilərlər. 

Jurnalistika üzrə ixtisaslaşmalara qəbul olmaq istəyənlər aprelin 20-dən 30-dək DİM-in internet saytının müvafiq səhifəsində həmin ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq sorğu anketini doldurmaqla qeydiyyatdan keçməlidirlər. 

Anketin bütün bəndləri Azərbaycan dilində, yığcam şəkildə doldurulmalıdır. 

Anketi doldurmaqla qeydiyyatdan keçən bakalavrlar mayın 4-dən 6-dək "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməli və 2018-ci il mayın 7-dən 11-dək vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər. 

Bakalavrlar qabiliyyət imtahanında iştirak etmək üçün özləri ilə şəxsiyyətini təsdiq edən sənədi, “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni, dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika janrları üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) (qovluqda), təqdim edilən materialların və çıxışların müəllifə məxsus olması ilə bağlı KİV-in məsul işçisi tərəfindən imzalanmış və təşkilatın möhürü ilə təsdiqlənmiş arayışı mütləq gətirməlidirlər. 

Yuxarıda sadalanan sənədlərdən hər hansı birini gətirməyən bakalavrlar qabiliyyət imtahanına buraxılmırlar. 

Qabiliyyət imtahanında hər bir bakalavra təxminən 1 saat (30 dəqiqə imtahan biletinə hazırlaşmaq və 30 dəqiqə biletin suallarını cavablandırmaq üçün) vaxt ayrılır. Hər bir bakalavr bilet çəkməklə Qabiliyyət İmtahanı Komissiyası (QİK) qarşısında cavab verir. Mətbuat materialının təhlili yazılı formada yerinə yetirilir. 

Bakalavrın biletin hər bir bəndi üzrə cavabı 5 ballıq şkala üzrə qiymətləndirilir (3 bənd üzrə maksimum bal: 15). Biletin hər bir bəndi üzrə ən azı 3, bilet üzrə ümumilikdə isə 9 və daha çox bal toplamış bakalavrlar imtahandan “məqbul” qiymət almış hesab edilirlər və proqram seçimi zamanı jurnalistika üzrə 44 saylı proqramı seçmək hüququ qazanırlar. Onlar magistraturaya qəbul imtahanının ikinci mərhələsində həmin proqram üzrə imtahan verərək inşa (esse) yazırlar. Bu bakalavrlardan mərhələ üzrə və ümumi müsabiqə şərtini ödəyənlər ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə ixtisaslaşmaları seçə bilərlər.

19.04.2018 18:20 / Baxılıb: 234 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2018
    26.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo