Narkobaron necə azad olunub?

AZADİNFORM. 2017-ci ilin mart ayında 6,6 kq narkotika ilə həbs olunan Elşən Məmmədov azadlıqdadır. Azadinform-a daxil olan məlumata görə, bu barədə Sirvan Apellyasiya Məhkəməsinin hakimi Ələsgər Novruzovun sədrliyi ilə keçirilən məhkəmə baxışında qərar  verilib. 

Qeyd edək ki, 2017-ci il martın 27-də Salyan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 1965-ci il təvəllüdlü Salyan rayonu Qaraçala qəsəbə sakini, Məmmədov Elşən Ağalar oğlunun fərdi yaşayış evinə baxış keçirilərkən onun evindən və “Mercedes” markalı, 52 BH 977 dövlət qeydiyyat nişanlı avtomaşınından küllü miqdarda narkotik maddə aşkarlanaraq götürülmüşdü. Həmin vaxt polisin həyata keçirdiyi bu mühdiş əməliyyat ölkənin aparıcı media qurumlarında ictimailəşdirildi, Elşən Məmmədovun evindən götürülən 6,6 kiloqrama qədər narkotika, 7,72 qram narkotik vasitə olan çətənə bitkisinin toxumları  böyük rezonans doğurdu.  (http://apa.tv/video/38612)

Məlumatlarda qeyd olunurdu ki, rayonda genişmiqyaslı narkotika satışı ilə məşğul olan Elşən Məmmədov eyni əmələ görə əvvəllər də həbs olunmasına baxmayaraq, istintaqdan yayına bilib, rayonda yenidən narkotika satışı ilə məşğul olmağa başlayıb. Elşən Məmmədov həbs olunduqdan sonra ona qarşı Cinayət Məcəlləsinin 228.1 maddəsi (qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı saxlama, daşıma və ya gəzdirmə), CM-nin 228.4 və 234.4.3 maddələri ilə (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri küllü miqdarda törətməklə satma) cinayət işi açılmışdı.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə AR Cinayət Məcəlləsinin 228.4 və 234.4.3 maddələri ilə təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Elşən Məmmədovun cinayət işi apelyasiya şikayəti əsasında baxılmaq üçün Sirvan Apellyasiya Məhkəməsində (iş nömrəsi: 1(106)101/2018) hakim Ələsgər Novruzovun icraatına verilmişdir. 

Maraqlıdır ki, cari ilin mart ayında keçirilmiş məhkəmə prosesində hakim Ələsgər Novruzov, Salyan rayonu Polis İdarəsi tərəfindən keçirilən əməliyyatda şahidlik etmiş kənd sakinlərinə, hal şahidlərinə müxtəlif suallarla psixoloji təzyiq göstərmişdir. Hətta bununla bağlı hal şahidləri Ədliyyə Nazirliyinə şikayət məktubu da yazmışlar. 

Həbsi ilə ölkə gündəmini zəbt edən E.Məmmədovun azadlığa çıxması da bir o qədər maraqlıdır.  

Mövzunu davam etdirəcəyik.  

19.04.2018 16:43 / Baxılıb: 1197 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo