Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisi davam etdirilir - VİDEO - FOTO

Adəm Abbaslı/AZADİNFORM. Cəlilabad və Yardımlı rayonları arasında yeni bir bağlantı yaradacaq Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı Azərbaycan Prezidentinin Sərəncamına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri yüksək sürətlə və keyfiyyətlə davam etdirilir.

Agentlikdən Azadinform-a verilən məlumata görə, sözügedən avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Yol yatağının eni 10 metr təşkil edir. Bura 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyin hissələr daxildir.

Avtomobil yolunun ümumi uzunluğu 72 km-dir. Yolun 51 km-i Cəlilabad rayonu, 21 km- isə Yardımlı rayonu ərazisindən keçir.

Hazırda tikinti işləri yolun Yardımlı rayonu ərazisinə düşən 21 km-lik hissədə aparılır. Bundan öncə yolun Cəlilabad rayonu ərazisinə düşən 51 km-lik hissəsinin 35 km-də yenidənqurma işləri aparılaraq yekunlaşdırılmışdı, qalan 16 km-lik hissədə isə davam etdirilərək asfaltlanma işləri aparılırdı. Bu işlər 100 min m2-ə yaxın sahəni əhatə edirdi. Yolun Yardımlı ərazisinə düşən hissəsində isə hazırda torpaq işləri görülür, yeni yol yatağı inşa olunur. Bunun üçün yolun avtoqreyderlə profilə salınması və genişləndirilməsi, yararlı material tökülərək kipləşdirilməsi, dağ yamaclarının kəsilməsi işləri texnoloji ardıcıllıqla həyata keçirilir.

Layihə çərçivəsində yolun altından suların ötürülməsi üçün mövcud boruların bərpası, zəruri olan yerlərdə isə müxtəlif diametrli suötürücü dəmir-beton boruların tikintisi işləri də aparılır. Artıq bir-neçə yerdə 500, 800 və 1500 mm diametrli boruların quraşdırılması işləri aparılaraq yekunlaşdırılıb. Hazırda yol boyu zəruri olan digər yerlərdə də bu istiqamətdə işlər davam etdirilir.

Yeni yol yatağı hazır olan kimi, yol əsasının inşasına və asfalt-beton örtüyünün döşənməsi işlərinə start veriləcək. Asfaltlanma alt və üst lay olmaqla xırda və iri dənəli asfalt-beton qarışığından istifadə edilməklə aparılacaq.

Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda canlıq qüvvə və texnika cəlb olunub. Tikinti işləri bitəndən sonra hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolcızgi və yolgöstərici xətlər çəkiləcək.

Qeyd edək ki, iki rayonu birləşdirmək baxımından mühüm əhəmiyyətə malik yolun yenidən qurulması ilə 59 yaşayış məntəqəsinin 60 mindən çox əhalisinin gediş-gəlişi rahatlaşacaq, yük və sərnişin daşınması isə asanlaşacaq. Bundan başqa yeni yolun salınması ilə yol boyu yaşayan əhalinin yetişdirdikləri məhsulları istər Yardımlı, istərsə də Cəlilabad rayon mərkəzlərinə rahat şəkildə daşımasına imkan yaranacaq, bu isə sözügedən bölgədə kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.

 

19.04.2018 16:35 / Baxılıb: 711 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
22.08.2018
21.08.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo