Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycan Prezidenti İlham Əliyevin yenidən prezident seçilməsi münasibəti ilə təbrik zəngləri gəlməkdə davam edir.


Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev: Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi və Ukrayna Millətlər Assambleyası adından Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, gələcək işlərinizdə uğurlar arzulayırıq.

Sizin xalqımızın yüksək etimadını qazanaraq prezident seçilməyiniz Ukraynada yaşayan 500 mindən çox azərbaycanlının böyük sevincinə səbəb olmuşdur. Aprelin 11-də keçirilmiş prezident seçkilərində qazandığınız parlaq qələbə ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməyinizin məntiqi nəticəsidir. Qürurla qeyd etmək istəyirik ki, Sizin rəhbərliyinizlə doğma Azərbaycanımız inkişaf edərək dünyanın aparıcı ölkələri arasında öz layiqli yerini tutmuşdur. Dünyanın müxtəlif ölkələrində yaşayan 10 milyonlarla azərbaycanlı bu gün inkişaf və intibah tarixini yaşayan müstəqil dövlətimizlə fəxr edir, bu yolda Sizin yürütdüyünüz uğurlu siyasəti tam dəstəkləyir. Bu şərəfli və məsuliyyətli işinizdə Sizə böyük uğurlar və yeni-yeni nailiyyətlər diləyir, Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı və səadət arzulayırıq.

Möhtərəm Prezident, Sizi əmin etmək istəyirik ki, Ukraynada yaşayan hər bir soydaşımız özünü müstəqil dövlətimizin sıravi əsgəri hesab edir, istənilən vaxt Sizin çağırışınıza qoşularaq işğal altındakı torpaqlarımızın düşmən tapdağından azad edilməsinə hazır olduğunu bildirir. İnanırıq ki, Sizin rəhbərliyinizlə ölkəmiz daha böyük inkişaf yolu keçəcək, tezliklə Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır".


Koreya Xalq Demokratik Respublikasının Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Kim En Nam: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin birgə mənafeyimizə müvafiq olaraq möhkəmlənəcəyinə və inkişaf edəcəyinə əminliyimi bildirirəm. Sizə ölkənizin tərəqqisinə və xalqın rifahına yönələn fəaliyyətinizdə böyük uğurlar arzu edirəm".


Aktyor və rejissor Stiven Siqal: "Yenidən Prezident seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Siz böyük xalqın həqiqətən dahi liderisiniz. İnanıram ki, Tanrının izni ilə mənə tezliklə Sizinlə yenidən görüşmək nəsib olacaq".


Azərbaycan Respublikasının Almaniyada yaşayan Əməkdar Artisti, bəstəkar və orqan ifaçısı, beynəlxalq müsabiqələr laureatı Arif Mirzəyev: "Azərbaycan Respublikasının Prezidenti seçkilərində qazandığınız möhtəşəm qələbə münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Mübaliğəsiz deyə bilərəm ki, 2018-ci il aprel ayının 11-i həyatımın ən xoşbəxt günlərindən biri oldu. Prezident seçkilərində azərbaycanlıların və respublikamızda yaşayan digər millətlərdən olan vətəndaşların etimadı nəticəsində Sizə verilmiş fantastik səs faizi (86,02) tamamilə nadir bir haldır. Mən digər ölkələrdəki prezident seçkiləri prosesində xalqın belə yekdilliyini görmədim.

Keçirilmiş seçkilərin yekunu fenomenal oldu: Azərbaycan xalqı ötən üç dönəm – 15 il ərzində görkəmli siyasi xadim kimi məhz Sizi bu ali vəzifəyə yenidən layiq görüb. Hər kəsə aydın oldu ki, ölkəyə rəhbərlik etdiyiniz illər ərzində Siz dünya siyasətinin dahisi, ulu öndər Heydər Əliyevin qurduğu bünövrə üzərində tamamilə yeni, nadir, müasir və çoxşaxəli, modern iqtisadiyyatı olan müstəqil dövlət yaratmağa müvəffəq oldunuz. Ənənəvi neft və qaz sahəsindən əlavə, digər istehsal sahələrinə aid yeni zavod və fabriklər inşa edildi. Yüngül sənaye və kənd təsərrüfatı daha tutumlu oldu. Avtomobil və dəmir yollarının yüksək inkişaf səviyyəsi heyrətamizdir.

Azərbaycandan Türkiyəyə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin gerçəkləşdirilməsinin böyük əhəmiyyətini xüsusilə qeyd etmək lazımdır. Son layihənin həyata keçirilməsi bütün Avropanı heyran edib. Çünki bu layihə Cənubi Asiya regionu ölkələrini bütün Qərbi Avropa ilə birləşdirir. Lap bu yaxınlarda isə qonşu İran istiqamətində Astara-Rəşt dəmir yolunun tikintisinə başlanılmışdır ki, heç bunu ağlımızdan keçirə bilməzdik.

Mən hələ bizim möhtəşəm qaz layihəmiz TANAP-dan danışmıram: Bakıdan bizim qazın Avropa ölkələri üçün Gürcüstan, Türkiyə və Yunanıstan vasitəsilə İtaliyanın cənubuna nəqli Azərbaycan xəzinəsinə milyonlarla avro/dollar gətirəcəkdir. Heç şübhəsiz, milli uğurlar sırasında onu da qeyd etmək lazımdır ki, Siz ən güclü Azərbaycan Ordusunu yaratmısınız və bu Ordu erməni işğalçılarını bizim doğma torpaqlardan birdəfəlik çıxarmağa qadirdir. Bunu Sizdən savayı heç kim edə bilməzdi, əziz Prezidentimiz. Məhz bu səbəbdən Sizin yenidən dövlət başçısı seçilməyiniz daha 7 il müddətinə sabitliyin və inkişafın etibarlı təminatıdır.

Hörmətli cənab Prezident, Vətəndən uzaqlarda yaşasam da Azərbaycanımızın inkişafını və Sizin çoxşaxəli fəaliyyətinizi daim izləyir və bundan qürur duyuram. Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm".


Qırğız Xalq Assambleyasının “Azəri” İctimai Birliyinin prezidenti, Qırğız Respublikasının əməkdar hüquqşünası Əzizağa Əliyev: "Zati-alinizin yenidən Azərbaycan Prezidenti seçilməsinə qəlbən sevinir və Qırğız Xalq Assambleyasının “Azəri” İctimai Birliyi və qardaş ölkədə yaşayan çoxsaylı soydaşlarımız adından Sizə səmimi təbriklərimizi çatdırırıq.

Siz, eyni zamanda, bütün dünya azərbaycanlılarının Prezidentisiniz.

Həyata keçirdiyiniz dövlətçilik siyasəti Azərbaycanımızın müstəqilliyinin möhkəmləndirilməsini, hərtərəfli inkişafını və beynəlxalq aləmdə mövqeyinin getdikcə yüksəlməsini təmin etdikcə, doğma Vətənimizlə daha çox qürur duyuruq.

Əziz Prezidentimiz, Ali Baş Komandanı olduğunuz Azərbaycan Silahlı Qüvvələrinin Vətən torpaqlarını işğalçılardan azad edəcəyi günün yaxınlaşdığına əminik və Qarabağda keçirəcəyimiz qələbə bayramını səbirsizliklə gözləyirik.

Zati-alinizə uzun ömür, cansağlığı, səadət və ali dövləti vəzifənizdə bundan sonra da böyük uğurlar arzulayırıq".


Gürcüstanın Bolnisi şəhər merinin müavini Lonqinoz Həsənov: "Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Gürcüstanın Bolnisi şəhər rəhbərliyi və burada yaşayan azərbaycanlılar adından səmimi qəlbdən təbrik edirik.

Sizə möhkəm cansağlığı, uzun ömür, Gürcüstan-Azərbaycan dostluğu naminə uğurlar diləyirik".


Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun sədri Elşad İsgəndərov: "Azərbaycan Respublikasının Prezidenti seçkilərində layiqli qələbəniz münasibətilə Sizi İslam Əməkdaşlıq Təşkilatının filialı olan Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun idarə heyəti, katibliyi və üzv ölkələri adından səmimi qəlbdən təbrik edir və yeni prezidentliyiniz dövründə Sizə yeni-yeni uğurlar arzulayıram.

Sizin səriştəli rəhbərliyiniz sayəsində Azərbaycan bu gün təkcə İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında deyil, həm də dünyada nüfuz sahibi olan ölkələrdən birinə çevrilib. Böyük səs çoxluğu ilə qazandığınız qələbə Azərbaycan xalqının ölkədə uğurla həyata keçirilən sabitlik, təhlükəsizlik və inkişaf yönümlü siyasətə bəslədiyi etimadın və güclü dəstəyin bariz nümunəsidir. Əminik ki, növbəti yeddi ildə də Azərbaycan Respublikası Sizin müdrik siyasətiniz sayəsində indiki inkişaf tempini qoruyub saxlayacaq, gündəlikdə duran bütün məsələlərin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olacaq.

Biz Sizin bütün dünyada gənclərin maraqları naminə İslam Əməkdaşlıq Təşkilatının gənclər strategiyasını həyata keçirən Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə göstərdiyiniz davamlı dəstəyə görə dərin minnətdarlığımızı bildiririk. Həmçinin Azərbaycan Respublikasının milli maraqlarına xidmət edərək “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində keçirilən tədbirlərdə də əməkdaşlığı davam etdirmək niyyətindəyik.

Zati-aliləri, Sizə Azərbaycan xalqının firavanlığı və ölkəmizin tərəqqisi naminə gələcək fəaliyyətinizdə uğurlar arzulayır, ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirik".


Beynəlxalq Güləş Federasiyasının sabiq prezidenti Rafael Martinetti: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Seçkilərdəki parlaq qələbəniz ölkənizi inkişaf etdirmək və Azərbaycan vətəndaşlarının rifahını yaxşılaşdırmaq istiqamətində gördüyünüz işlərə xalqınızın inam və etibarının təcəssümüdür.

Beynəlxalq Güləş Federasiyasının prezidenti vəzifəsində çalışarkən mən sizin güləşə və ümumilikdə idmana olan güclü dəstəyinizin şəxsən dəfələrlə şahidi oldum.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, ailənizə xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq diləyirəm".


Haaqadakı “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva: "Sizi Azərbaycan Respublikasının Prezidenti seçkilərində qazandığınız qələbə münasibətilə “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi, onun tərkibində fəaliyyət göstərən Nizami Gəncəvi adına Haaqa həftəsonu Azərbaycan dili məktəbinin şagirdləri adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Hörmətli Prezident, inanırıq ki, Azərbaycanımızın yüksəlişi üçün gördüyünüz böyük işlər bundan sonra da davam edəcək və ölkəmiz beynəlxalq aləmdə daim inkişaf etmiş bir ölkə olaraq tanınacaqdır. Biz – Hollandiyada yaşayan azərbaycanlı qadınlar həmişə Sizin siyasətinizi dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik".


Rusiya Federasiyası Perm vilayətinin Solikamsk şəhərindəki Azərbaycan diasporunun sədri Uğur Əfəndiyev: "Ölkəmizdə keçirilən prezident seçkilərində qazandığınız möhtəşəm və tarixi qələbəniz münasibətilə Sizi Solikamsk şəhərindəki Azərbaycan diaspor təşkilatı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Birliyimizin və həmrəyliyimizin əsasında Azərbaycan Respublikasının müstəqilliyi dayanır. Bu müstəqilliyin qorunması, inkişafı və dünya birliyində ölkəmizin mövqeyinin möhkəmləndirilməsi naminə ali dövləti fəaliyyətinizdə Sizə uğurlar və möhkəm cansağlığı arzulayırıq.

Əminəm ki, Azərbaycan hər zaman Sizin rəhbərliyinizlə tərəqqi, quruculuq, sabitlik və müasirlik timsalı olacaqdır. Azərbaycan Sizinlə güclü, Sizinlə qüdrətlidir. Respublikamızda sabitliyin davamlı olması naminə Sizə tükənməz enerji və məqsədyönlü işlərinizdə yeni-yeni uğurlar diləyirəm".


Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə Əlizadə: "Azərbaycanda keçirilən prezident seçkilərində qətiyyətli qələbəniz münasibətilə Sizi Belqrad şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzinin çoxsaylı üzvləri adından səmimi qəlbdən təbrik edirik.

Sizin həyata keçirdiyiniz siyasət nəticəsində doğma Azərbaycanımız dövlət quruculuğu, sabit və dayanıqlı inkişaf, eləcə də beynəlxalq əməkdaşlıq sahələrində böyük uğurlar qazanmışdır. Dünyanın bir çox regionlarında gərginliyin artdığı, müxtəlif mədəniyyətlər arasında ziddiyyətlərin gücləndiyi bir dövrdə dövlətimiz nəinki yerləşdiyi mürəkkəb regionda öz təhlükəsizliyini və daxili sabitliyini təmin edə bilir, həmçinin dünyada sülhün, təhlükəsizliyin, əməkdaşlığın və sivilizasiyalar arasında dialoqun genişləndirilməsi prosesinə öz dəyərli töhfələrini verir, regional əhəmiyyətli böyük enerji və infrastruktur layihələrini reallaşdırır.

Azərbaycanın Qərb və Şərq mədəniyyətləri arasında tarixən oynadığı körpü rolunu bu gün də öz xarici siyasətində uğurla davam etdirməsi, Avropa, İslam dünyası, eləcə də qlobal səviyyədə dialoq və əməkdaşlığa xidmət edən beynəlxalq tədbirləri uğurla reallaşdırması, dünyanın müxtəlif ölkələri ilə qarşılıqlı inama söykənən əməkdaşlıq əlaqələrinin qurulması onun beynəlxalq aləmdə daha yaxından tanınmasına, dost və tərəfdaşlarımızın artmasına səbəb olmuşdur.

Zati-aliləri, yaranmış imkandan istifadə edərək Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi bir daha təbrik edir, Sizə möhkəm cansağlığı və bu ali dövləti vəzifənizdə uğurlar arzulayırıq".


Türk Dünyası Araşdırmalar Fondunun baş direktoru Közhan Yazqan: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Türk Dünyası Araşdırmalar Fondu adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Bizim fondun Azərbaycanda təhsil sahəsində gördüyü işlərə verdiyiniz dəstəyə görə Sizə minnətdarıq. Azərbaycanı türk dünyasında və beynəlxalq aləmdə inkişaf etmiş nüfuzlu dövlətə çevirmək üçün həyata keçirdiyiniz uğurlu fəaliyyətiniz və liderliyiniz bizim qürur mənbəyimizdir.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz bizi hədsiz dərəcədə sevindirib. Zati-alinizi bu münasibətlə bir daha təbrik edir, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik".

19.04.2018 14:50 / Baxılıb: 264 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo