Hazırlanan təxribatlar fonunda baş tutmayan plan Təhlil

Son dövrlərdə NATO ilə Rusiya arasında beynəlxalq miqyasda qarşıdurmanın güclənməsi regionumuzda da gərginlik yaradıb. NATO koalisiyasının Suriyadakı təcavüzkar hərəkətləri, Ukraynada yaratdıqları vətəndaş müharibəsi kimi hadisələrin yeganə məqsədi Rusiya ətrafında NATO zonası yaratmaq və tədricən Rusiyanı zəiflədərək məhv etməkdən ibarət idi. Bunun üçün Rusiya ilə, həmçinin onun Yaxın Şərqdəki ən güclü müttəfiqi olan İranla normal əməkdaşlığı olan ölkələrə, o cümlədən Azərbaycana da təzyiqlər edilirdi. 

Lakin dövlətimizin siyasəti konkret və aydın şəkildə ortaya qoyulub və bu strateji xətt üzrə davam edir. Azərbaycan bütün ölkələrlə ikitərəfli əməkdaşlığa üstünlük verir və heç kimin başqasına qarşı planlarında iştirak etməyəcəyini aydın şəkildə bəyan edir. Ölkəmiz Qoşulmama Hərəkatına daxildir və heç bir hərbi-siyasi bloka qoşulmadan bütün ölkələrlə sülhsevər dostluq əlaqələrinin saxlanmasında maraqlıdır. Xüsusilə, dünyanın iki fövqəldövlətindən biri olan Rusiya ilə həm möhkəm siyasi, həm iqtisadi, həm mədəni, həm də sosial əməkdaşlığımız var. İranla da yaxın qonşu kimi əməkdaşlığımız getdikcə artmaqda davam edir.   

Qərbin hansısa planları naminə, Azərbaycan öz maraq və mənafelərini qurban verməli deyil. Lakin Amerika və bəzi Qərbi Avropa ölkələri mütəmadi olaraq Azərbaycana bu ölkələrin əleyhinə onların yanında yer almaqla bağlı təzyiqlər edir və bu işdə özlərinin ölkəmizdəki “5-ci kolon”undan (radikal müxalifət partiyalarından və bir sıra digər qeyri-hökumət təşkilatlarından)  fəal istifadə edirlər.

Lakin prezident seçkilərinin erkən elan olunması və çox uğurla keçirilməsi bu planların üstündən xətt çəkdi. Bu, həm həmin xarici dairələr, həm də radikal müxalifət üçün “soyuq duş” oldu. Vaxt azlığından hərəkət planı hazırlamaq, ölkəyə hissələrlə müxtəlif zaman kəsimlərində qeyri-leqal maliyyə keçirmək, müvafiq qüvvələri təşkilatlandırmaq, hərəkətə gətirmək üçün lazımi vaxt çatışmadı.

Bundan qıcıqlanan anti-Azərbaycan qüvvələr Avropa ölkələrində özlərinin əlaltı mühacirlərini hərəkətə keçirdilər, Azərbaycana, onun prezidentinə və komandasının ən yaxın üzvlərinə qarşı ləkələmə və təhqir kampaniyası başlatdılar. Yerli radikal müxalifətə isə aksiyalara başlamaq tapşırığı verildi. Lakin, elan olunan mitinqlərə icazə verilməsinə baxmayaraq xalq tərəfindən heç bir dəstək olmadı, həmişəki 1-2 min nəfərlə yığılıb ağzına gələni danışdılar və dağılışdılar.  Avropadakı kampaniya da heç bir effekt vermədi. Çünki, beynəlxalq aləm Azərbaycan haqqında lazımi qədər məlumata malikdirlər.

Beləliklə, ölkəmizə qarşı hazırlanan növbəti təxribat planları da baş tutmadı. Azərbaycan xalqı özünün inandığı liderinə növbəti dəfə etimad göstərərək ölkənin sükanını onun əllərinə buraxdı.  Beynəlxalq müşahidəçilərin də təsdiq etdiyi kimi, şəffaf seçkilər keçirildi və İlham Əliyev səslərin 86 faizini qazanaraq növbəti 7 il üçün prezident seçildi. Dünən isə, Milli Məclisdə andiçmə mərasimi təşkil olundu və bununla da seçki kampaniyası başa çatdı.

Azərbaycan xalqı növbəti dəfə bütün dünyaya öz iradəsini nümayiş etdirdi, ölkənin parlaq gələcəyə aparan strategiyaya öz dəstəyini verdi. Şübhə yoxdur ki, prezident İlham Əliyev növbəti 7 ildə Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələri, güclü dövlətləri sırasına çıxarmaqda davam edəcək, işğal altında olan ərazilərimiz azad ediləcək, xalqımız sağlam və yüksək təhsilli cəmiyyət kimi beynəlxalq aləmdə öz sözünü deyəcək.


Elçin Bayramlı

19.04.2018 12:39 / Baxılıb: 299 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2018
    26.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo