"Edison" şirkəti Şahdəniz-2 qazının yeni alıcısı olub

Samir Soltanov/AZADİNFORM. Şahdəniz-2” layihəsi çərçivəsində qaz satışlarına dair İspaniyanın Gas Natural Fenosa şirkəti ilə imzalanmış saziş üzrə hüquqlar İtaliyanın aparıcı enerji şirkəti olan Edisona ötürülüb. 

SOCAR-dan Azadinform-a verilən məlumata görə, bu, İtaliyanın qazpaylayıcı şəbəkəsinin alınması da daxil olmaqla daha böyük razılaşmanın bir hissəsi kimi həyata keçirilib. SOCAR Tower-də baş tutan imzalanma mərasimində SOCAR, Azərbaycan Qaz Tədarükü Şirkəti (AGSC), Edison və Gas Natural Fenosa şirkətlərinin nümayəndələri iştirak ediblər. Edison “Şahdəniz-2” layihəsi çərçivəsində 25 illik qaz tədarükü hüququ alıb. Tədarükə 2020-ci ildə, Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi tamamlandıqdan sonra başlanılması planlaşdırılır.  

2017-ci il oktyabrın 13-də Edison və Gas Natural Fenosa arasında İtaliyanın mühüm qazpaylayıcısı olan Gas Natural Vendita Italia-nın (GNVI) transferi haqqında razılıq əldə olunub. Fenosanın “Şahdəniz-2” qaz satışı sazişinin Edisona ötürülməsi də bu sövdələşmənin şərtlərindən biridir. Fevralda Avropa Komissiyası sövdələşməni anti-inhisar qaydalarına uyğun hesab edərək təsdiqləyib. Nəticə etibarı ilə GNVI-nin alınması və qaz tədarükü sazişinin transferi baş tutub. Bu transfer Avropanın əsas enerji oyunçularının Azərbaycan qazına marağının daim artmasını göstərir. 

Baş ofisi Milanda yerləşən Edison İtaliyanın elektrik və təbii qaz təchizatı sahəsində fəaliyyət göstərən əsas enerji şirkətidir. Onun bütün qitədə filialları vardır. Edison karbohidrogen sektorunda təbii qaz və xam neftin hasilatından tutmuş paylanması və satışına qədər geniş bir spektrdə fəaliyyət göstərir. 2017-ci ildə İtaliyada qaz idxalının 22%-i və qaz istehsalının 6%-i Edisonun payına düşüb.

18.04.2018 18:23 / Baxılıb: 202 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.08.2018
    20.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo