Bu dəyişiklik təhsildə inkişafa təsir göstərməyəcək - DİM sədrinin qərarına ekspert yanaşması

Ləman Hüseynzadə / AZADİNFORM. “2019-cu ildə ali məktəblərə qəbul olmaq istəyən əvvəlki illərin məzunları da cari ilin məzunları kimi iki mərhələli imtahanda – buraxılış və qəbul imtahanlarında iştirak etməli olacaqlar”. Azadinform xəbər verir ki, bunu DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Bəs görəsən, bu yeniliyin hər hansı bir əhəmiyyəti olacaqmı? Ümumiyyətlə, qərarın hansı nəticələri olacaq?

Bu barədə Azadinform-un suallarına cavab verən “İRƏLİ Tədris Mərkəzi”nin direktorlar şurasının sədri, təhsil məsələləri üzrə ekspert Kamran Əsədov qeyd edib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli, 233 nömrəli qərarı ilə təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı məsələləri özündə əks etdirən, konseptual sənəd olaraq ölkədə ümumi təhsilin konsepsiyası (Milli kurikulum) kimi təsdiq edilmiş bu sənədlər toplusu gözlənildiyi kimi təhsil ideyamıza çevrilə bilmədi: “Təəssüflər olsun ki, ölkədə ali məktəblərə qəbul imtahanlarının formatında tez-tez köklü dəyişikliklər həyata keçirilir. Bu kimi ifrat dəyişikliklər təhsilin bir sistem olaraq oturuşmasına maneə olur. İslahatların çevikliyinə və mobilliyinə əngəl yaradır, valideyn, abituriyentlər və ümumilikdə geniş ictimaiyyət arasında çaş-başlığa səbəb olur. Etiraf edək ki, Kurikulum standartları əsasında hazırlanmış qiymətləndirmə mexanizmləri şagirdlərimizin nitq qabiliyyətini, yazı vərdişlərini, məntiqi təfəkkürünü nəinki inkişaf etdirdi, əksinə bir ç ziddiyyət və anlaşılmazlıqlar yaratmaqla vəziyyəti bir az da ağırlaşdırdı”.

Ekspert hesab edir ki, 2019-cu ildə keçiriləcək qəbul imtahanlarında ciddi problemlər ortaya çıxacaq: “Bu ilk növbədə dərsliklər arasında olacaq ziddiyyətli informasiyalar ilə bağlıdır.  Belə ki, kurikulum standartları ilə yazılmış və orta məktəblərdə istifadə edilən dərsliklərdə bir-birini inkar edən ziddiyyətli faktlar kifayət qədər var. Ümumilikdə qəbul imtahanlarının məzmununda və formasında dəyişikliyin edilməsi, ali məktəblərə qəbul olmaq istəyən əvvəlki illərin məzunlarının da cari ilin məzunları kimi iki mərhələli imtahanda – buraxılış və qəbul imtahanlarında iştirak etmələri heç də təhsildə inkişafa təsir göstərməyəcək. Hesab edirəm ki, ölkədə uzun müddətli dəyişməz qaydalara əsaslanan imtahan konsepsiyası qəbul edilməlidir”.

17.04.2018 14:38 / Baxılıb: 490 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo