Kəskin bağırsaq infeksiyaları ilə necə mübarizə aparmaq olar?

Ədəbiyyat üzrə Nobel mükafatçısı, böyük yazıçı Alber Kamü özünün məşhur “Taun“ romanında yazır: “Nəhayət mən anladım ki, bu uzun illər boyu qəlbən tauna qarşı vuruşmuşamsa da, özüm taunlu xəstə olaraq qalmışam. Onu bilirəm ki, sizinlə əl-ələ verib ona qarşı mübarizə aparmalıyam. Belə bir xəstəlik hər kəsin canında var, hər kəsdə bir az taun yoluxması var, heç kəs özünü istisna saya bilməz. Biz hamımız taunlu xəstələrik, hələ də axtarışdayam. Bircə onu bilirəm ki, hər vasitə ilə çalışıb taunlu xasiyyətimizi dəyişməliyik. Sizinlə əl-ələ verib ona qarşı mübarizə aparmalıyam. Gərək hamı ehtiyatlı olsun. Ən təbii şey mikrobdur. Ən az ehtiyatsızlıq edən, heç kəsə xəstəlik yoluxdurmayan adama namuslu demək olar. Yer üzərində bəlalar və bəlaların qurbanları var və mümkün qədər çalışmaq lazımdır ki, bu bəlanın  köməkçisinə dönməyəsən”.

 

Müəllifdən


Düzdür, taun hazırda söhbət açacağım kəskin bağırsaq infeksiyaları (KBİ) qrupuna və ya əksinə KBİ-lər taun kimi təhlükəli infeksion xəstəliklər qrupuna aid olmasa da,  yazıçının  dediklərində həqiqətin əksər hissəsi gizlənir. Məni olduqca heyrətləndirən onun xəstəliyi yoluxdurmayanların “namuslu” olması və bu bəlanın “köməkçisinə” dönməməsi fikrini aşılamasıdır. Nobel mükafatı ona birə-yüz halal olsun! Əhsən!!! Bu fikri ən geniş yayılmış infeksion xəstəliklərdən biri olan KBİ-yə də şamil etmək olar. Həqiqət müqayisədə bilinir. Taundan misal çəkib bu iki xəstəliyi hardasa əvvəlcə eyniləşdirməkdə və sonradan təfriq etməkdə məqsədim odur ki, bəşər tarixində milyonlarla insanın ölümünə yol açan, pandemiyaları ilə məşhur olan, tarixə “nəhəng və ya “qara ölüm” adı ilə daxil olan taunla mübarizə olduqca çətin və mürəkkəbdir. Lakin heç kim tərəfindən sığortalanmayan və hamımızın  yoluxa biləcəyimiz bağırsaq infeksiyaları ilə mübarizə çox sadədir: təmizlik sağlamlığın bünövrəsidir!  

Mən də sənətimə fövqəl dərəcədə vurğun olan və bu sahədə uzun müddət çalışan təcrübəli bir mütəxəssis kimi mənəviyyatca xəstələrin dərdinə o qədər həmşərikəm ki, müstəqim mənada başa düşüləcəyini nəzərə alıb Kamü kimi özümü fədakarcasına “yoluxucu” xəstə hesab edirəm! Təki mənim bu sözümdən sonra xəstələr tez sağalsın! 

Müəllifdən

Gəlin, əvvəlcə kəskin bağırsaq infeksiyalarını (KBİ) təyin edək. ”Çirkli əllərin xəstəliyi“ adlanan bu infeksiyalar nə ilə səciyyələnir, onlardan necə qorunmaq olar?

Əgər teatr asılqandan başlayırsa, KBİ də aid edilməklə infeksion xəstəliklərlə tanışlıq əsas anlayışların müəyyən edilməsindən başlayır. Belə fikirlər var ki, guya siyasətdə, futbolda və tibdə hər şey araşdırılıb. Əslində istənilən sağlam düşüncəli insana aydındır ki, bu heç də belə deyil. Təbabət istənilən sənəti fəaliyyətin bir sahəsi kimi özünün terminləri ilə işləyir və öz qanunlarına tabedir, hansı ki, heç də həmişə bizim adi təsəvvürlərimizə uyğun gəlmir. 

Müasir təbabətdə bu termin altında bakterial, virus və protozoy etiologiyalı, əsasən bağırsaqların zədələnməsi ilə keçən, diareya sindromu, orqanizmin susuzlaşması və intoksikasiya  ilə müşayiət olunan KBİ-in böyük qrupu anlaşılır. Bu infeksiyalar üçün diareya sindromu səciyyəvidir.

Ümumdünya səhiyyə təşkilatı (ÜST) tövsiyəsinə əsasən toplu anlayış olan bu qrupa 30-dan çox nozoloji forma, o cümlədən şiggelloz (dizenteriya), salmonelloz, qida toksikioinfeksiyaları, vəba, eşerixioz, virus diareyaları, bağırsaq yersiniozu, kampilobakterioz, amobiaz, ləmblioz və s. daxildir. KBİ-nin törədiciləri isə bakteriyaların müxtəlif növləri: şigella, salmonellalar, vəba vibrionları, yersiniyalar, şərti patogen mikroorqanizmlərdən bağırsaq çöpləri, protey, klebsiella, enterokoklar və s; viruslar: rotaviruslar  (bağırsaq qripi), adenoviruslar, enteroviruslar; candida cinsindən olan göbəklər və s. ola bilər. 

Məlum olduğu kimi KBİ infeksion xəstəlikər arasında  respirator infeksiyalardan sonra II yeri tutan  geniş yayılmış patologiyadır. ÜST-nin tam olmayan məlumatına görə, hər il planetdə onunla 500 milyon xəstə (lakin deyiblər, ”aysberqin görünməyin hissəsi görünən hissəsindən daha böyükdür”) qeydə alınır. Əgər bəzi xəstəliklər (məsələn qrip) xarici mühit amillərindən  asılı olmayaraq yayılırsa və ona görə kosmopolitdirlərsə, əksinə bağırsaq infeksiyalarının yayılması  əhalinin məişət xüsusiyyətləri və sanitar mədəniyyətinin səviyyəsi ilə sıx bağlıdır.

Diqqət cəlbedici məqam odur ki, bu infeksiyalar digər xəstəliklərdən çox bizim həyatımızı mürəkkəbləşdirir. Həkim-infeksionistə də xüsusi məsuliyyət düşür. Belə ki, bağırsaq infeksiyalarına mübtəla olanlarda xəstəliyin keçiriciliyindən doğan utancaqlıq hissi  və s. xarakterdir.  İnsanlara öz “yoluxucu” statuslarını yaşamaq olduqca ağırdır. Xəstələr üçün bağırsaq problemini yaxın insanlarla belə  müzakirə etmək xoşagəlməzdir. Hətta çoxları bu barədə həkimlə danışmaqdan utanırlar. Bir də ki, insan orqanizminin bütün sistemlərindən fərqli olaraq məhz həzm şöbəsi öz ahəngini tez-tez pozur, qanunlara tabe olmur, necə deyərlər, “başayaq” vurur. 

İnfeksiya mənbəyi xəstə şəxs və ya infeksiya daşıyıcılarıdır. Ətrafdakılar üçün daha çox təhlükə törədən xəstəliyin yüngül, silinmiş və simptomsuz formalarıdır. Yoluxma mexanizmi fekal-oraldır. Xatırladım ki, rus alimi İ. İvaşençov bu yolla yayılan infeksiyaları “mikrokoprofaqiya”, yəni kiçik miqdarda nəcisin udulması adlandırmışdır (bu yerdə artıq şərhə ehtiyac duyulmur!). Yoluxma yolları: alimentar, su, kontakt-məişət, az hallarda hava-damcı. Yoluxma faktorları: qida, su, məişət əşyaları, çirkli əllər, oyuncaqlar və s. Ən təhlükəli  yoluxma faktorları: krandan su, yuyulmamış  meyvələr, çiy tərəvəzlər, salatlar, pasterizə olunmamış süd və süd məmulatları, çiy ət, dəniz sovqatları və milçək oturan məhsullar.

Xəstəliyin ötürülməsində həşəratlar (milçək, tarakan) böyük rol oynayır. Qeyd etmək mühümdür ki, milçəyin bədənində 10 mln mikrob yerləşir. Yeməyə qonan  milçək  “bir oturuma”  30 min dizenteriya bakteriyalarını  ifraz edə bilər!  Başqa sözlə ifadə etsək, “milçək mürəbbəyə qondusa, bax bu artıq dizenteriyadır!”

Bağırsaq infeksiyaları inkişaf etməkdə olan ölkələrdə daha çox rast gəlir. Onların geniş yayılmasının səbəbi çoxsaylıdır: kanalizasiya və su təchizatı qurğularında çatışmazlıqlar, sıxlıq, kasıbçılıq, ümumi mədəniyyətin səviyyəsinin aşağı düşməsi, antisanitar şərait, şəxsi gigiyena qaydalarına əməl etməmək.

KBİ məhz ilin isti aylarında geniş yayıldığı üçün diqqət mərkəzindədir. Bu infeksiyalarda  mövsümlüyü şərtləndirən amillər mövcuddur: isti iqlimin təsirindən orqanizmin reaktivliyinin dəyişməsi, əhalinin miqrasiyasının artması, bu aylarda milçəklərin artması, meyvə, tərəvəz və göyərtilərin daha çox qəbul edilməsi və s.

Əksər hallarda bağırsaq infeksiyaları hərarətin yüksəlməsi və ümumi intoksikasiyanın digər təzahürləri,  ürəkbulanma,  qusma, qarında ağrı, ishal, bəzən meteorizm  ilə qəfləti başlayır. İshal dedikdə sutkada 2 dəfədən çox tezləşmiş duru və ya formalaşmamış ifrazat başa düşülür. Bağırsaq infeksiyaları yüngül mədə-bağırsaq pozuntusundan ağır vəziyyətə qədər bir neçə saat ərzində orqanizmin tam susuzlaşması ilə ölümlə nəticələnə bilər. 

Qusma və ishaldan qorxmaq lazım deyil, belə ki, orqanizm daxilə düşən zəhərlərdən qorunur və  xilas olur .  Ona  gorə xəstəliyin I günü ərzində qusma və ishala qarşı   hər hansı bir dərman vasitəsini qəbul etmək tövsiyyə olunmur.  Antibiotiklərin qəbulu haqda zəruriliyi yalnız həkim qərar verə bilər, onlara xəstəliyə xas əlamətlər meydana çıxdıqda, xüsusilə hərarət qalxdıqda və nəcisdə selik və qan aşkar edildikdə    onlara  mütləq müraciət edilməlidir.     

Yoluxmadan necə qorunmalı? Hal-hazırda yazılmış tibb qanunu hökm sürür: “infeksion xəstəliklərin profilaktikası daha  asandır, nəinki onun müalicəsi”. Bu xəstəliklər alimentar, su və təmas-məişət yolu ilə yayıldığından onların profilaktikasında sanitar-gigienik tədbirlər, o cümlədən şəxsi gigiyena vərdişləri, xüsusilə səyahət zamanı (“səyyah diareyasının” baş verməməsi üçün olduqca vacibdir) gözlənilməlidir. Bu baxımdan infeksion xəstəliklərin profilaktikasının bir növü kimi praktik gigiyenanın böyük əhəmiyyəti var. Məsələn, belə bir ideal praktik gigiyena Finlandiyada (hər bir ailə üzvü üçün ayrıca sanitar qovşağı, ayrıca da çanaq, ayrıca və üstəgəl birdəfəlik məhraba!) var. Bu baxımdan heç də təəccüblü deyil ki, bütövlükdə  bu ölkə bağırsaq infeksiyalarını tanımır (yeri gəlmişkən, mən şəxsən bu ölkədə olarkən bunların şahidi olmuşam).

Ümumiyyətlə, insanlara profilaktik biliklərin aktiv axtarışı ilə məşğul olmaq xas deyil. Onlar yaşayırlar, fikirləşmirlər ki, xəstələnə bilərlər. Rus deyimi var: “ildırım çaxmayınca,  kəndli xaç çəkmir”. Bütün ifadə edilənlər kifayətedici elementar həqiqətlərdir. Lakin  çoxları bunu etiraf edirmi?

ÜST bağırsaq infeksiyaları ilə xəstələnməni minimuma endirən 10 “qızıl” profilaktik qayda təqdim etmişdir:

1) zərərsiz qida məhsullarını seçin və onların yararlılıq müddətinə fikir verin;

2) qidanı diqqətlə hazırlayın;

3) hazırlanmış qidanı mümkün olduğu qədər tez qəbul edin;

4) qida məhsullarını diqqətlə qoruyun (hazır yeməyi otaq t-da 2 saatdan artıq, hətta onu soyuducuda uzun müddət saxlamamaq;

5) əvvəldən hazırlanmış qidanı diqqətlə qızdırın;

6) əllərinizi tez-tez yuyun və yeməkdən əvvəl isə mütləq;

7) çiy məhsullarla hazır qida məhsullarının kontaktı yolverilməzdir;

8) mətbəx həmişə ideal təmiz olmalıdır;

9) qida məhsullarını həşəratlardan, gəmiricilərdən  qoruyun;

10) yalnız keyfiyyətli təmiz  sudan istifadə edin. 

Sizin şəxsi təhlükəsizlik qaydalarının  siyahısının sonunda bir sual doğur: “bütün bunlar bu qədər çətinmi?” Təbii ki, “xeyr!” deyəcəksiniz. Onda bəs məsələ nədir! Hərəkət edin! 


Elza Orucova

Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru, yoluxucu xəstəliklər üzrə mütəxəssis

17.04.2018 13:05 / Baxılıb: 333 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
20.04.2018
19.04.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo