BSU-da Azərbaycan Plovu Günü qeyd edilib

AZADİNFORM. Bakı Slavyan Universitetində Azərbaycan Plovu Günü adlı tədbir keçirilib.

BSU-nun mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, tədbirdə Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişşenko, Çexiya səfirinin müavini Petr Vaqner, Belarusun Azərbaycandakı konsulu İnessa Pavlovskaya, Rusiya səfirinin müşaviri İqor Petroviç, Ombudsman Elmira Süleymanova, AZMİU-nun rektoru Gülçöhrə Məmmədova, Hesablama Palatasının auditoru Mehriban Alışanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları Gülarə Məmmədova və Qəmər Kərimova, Trend İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digər rəsmi şəxslər iştirak ediblər.

BSU-nun rektoru, professor Nurlana Əliyeva tədbirin mahiyyəti barədə qonaqlara məlumat verib. Rektor qeyd edib ki, milli ideologiyanın tərkib hissələrindən biri də xalqın mətbəx mədəniyyətidir: “Mətbəx ölkədəki ictimai-siyasi durumu, sosial-iqtisadi vəziyyəti, ölkənin rifah halını, xalqın həyat şəraitini və həyat fəlsəfəsini göstərən başlıca faktorlardandır”.

BSU rektoru Azərbaycan mətbəxini həm də xalqın mənəvi dəyərlərinin, qonaqpərvərliyinin, insanpərvərliyinin əsas xüsusiyyətlərindən biri kimi dəyərləndirib.  O deyib: “Azərbaycan xalqının tarixən çox zəngin mətbəx mədəniyyəti, incə və ləziz süfrə açmaq qabiliyyəti olub. Əsrlərin dərinliklərindən gələn bu zənginlik həm də bizim qonaqpərvərliyimizin, dostsevərliyimizin və açıqürəkliyimizin göstəricisidir. Bu gün dövlətimizin yürütdüyü səmərəli iqtisadi siyasət bu zənginliyi nəinki qoruyub saxlamağa, həm də onu artırmağa, onun növ və çeşidlərinin üzərinə yenilərini əlavə etməyə imkan verib. Xalqın yüksələn rifahı həmişə onun mətbəx mədəniyyətinin keyfiyyət və kəmiyyət göstəricilərinin yüksəlişi ilə müşayiət olunub və bu gün də olunmaqdadır”. 

Rektor Azərbaycan xalqının yaradıcı təxəyyülünün bu sahədə heç bir sərhəd tanımadığını qeyd edib: “Adicə bir plovun görün neçə növü var – “Səbzi plov”, “Şah plov”, “Döşəmə plov”, “Fisincan plov”, “Lobya plov” və başqaları. Bu sıranı mən istənilən qədər artıra bilərəm. Dünyada Azərbaycan plovu qədər dadlı bir nemət tanımıram. Əgər bu sahədə hər hansı bir beynəlxalq müsabiqə keçirilsə, inanıram ki, Azərbaycan plovu birinci yeri tutar”. 

Rektor BSU-da Azərbaycan Plovu Gününün qeyd edilməsinin gənclərimizdə milli mətbəximiz haqqında fikir yaratmaq, onlara milli mətbəximizi sevdirməklə yanaşı, Azərbaycan mətbəxini slavyan ölkələrinin xalqlarına və ümumiyyətlə, bu zəngin mədəniyyəti dünyaya tanıtmaq məqsədi daşıdığını bildirib.

Rektor bu ənənənin davam etməsini arzu etdiyini də diqqətə çatdırıb. Bu məqsədlə tədbirdə Mədəniyyət və Turizm Nazirliyinə müraciət qəbul olunub.  

Tədbirdə çıxış edən Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişşenko, Ombudsman Elmira Süleymanova çıxışlarında bu tədbiri Azərbaycan mədəniyyətinin təbliği istiqamətində atılan mühüm addım kimi dəyərləndiriblər.

17.04.2018 11:38 / Baxılıb: 170 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
16.07.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo