Ölkənin ixrac potensialının yüksəlməsi manatın sabitləşməsi ilə nəticələndi

Samir Soltanov/AZADİNFORM. Son günlərdə qonşu Rusiyada rublun və Türkiyədə lirənin dollara nisbətdə ucuzlaşması Azərbaycanda da növbəti devalvasiyanın olacağı barədə şayiələrin yaranmasına səbəb olub. 

Mövzu ilə bağlı Azadinform-a danışan iqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, Rusiya və Türkiyə ilə ortada nə qədər geniş xarakterli mal mübadiləsi də olsa da, milli valyutalarımızın qarşılıqlı məzənnəsinin son anda yenə ABŞ dollarına əsasən müəyyənlik tapdığı ciddi araşdırma tələb etmir: “Düzdür, bu nöqteyi-nəzərdən də Amerika valyutasının həmin ölkələrdə bahalaşması manata təzyiqləri artırır. Ancaq təkrar edirəm, bizdə manat sərbəst bazar qanunları mexanizmi şəraitində tənzimlənmədiyinə və dəyər tapmadığına görə, ucuzlaşmır. Odur ki, qeyd etdiyim təzyiqlərin nəticəsini aşkar görmürük. Ancaq müəyyən təsirləri hiss edə bilərik və edirik də. Bəllidir ki, manatın dəyəri keçən ildən sabitləşdi. Hansı ki, ilin əvvəlində manat dollara nəzərən hətta 1,92 AZN-dək ucuzlaşmışdı. Lakin sonradan il ərzində tədricən sabitləşmə başlandı və 2017-ci ilin tam sonunadək manat 4 %-dək möhkəmləndi. Bu, ölkənin ixrac potensialının yüksəlməsi, habelə əlverişli beynəlxalq iqtisadi konyunktur şəraitində xarici sektor göstəricilərinin yaxşılaşmağa başlanması prosesi nəticəsində əldə olundu”.  

İqtisadçı-ekspert vurğulayıb ki, 2017-ci ildən başlanan bu proses 2018-ci ilin ötən dövrü ərzində də davam edib: “Belə ki, yanvar-mart aylarında xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 31% artıb, qeyri-neft ixracı 37% artım nümayiş etdirib. Ticarət balansı ilə yanaşı, xidmətlər balansında da yaxşılaşma davam edir. 2018-ci ilin qalan dövründə də tədiyyə balansı göstəricilərinin əlverişli olaraq qalacağı gözlənilir. Düzdür, ilin əvvəlindən bəri, ölkəmizdə dollara tələbat artıb. Ötən 3 ay ərzində 1,310 milyard dollar satılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 65%-dən çoxdur. Söhbət, Neft Fondunun hərraclarda satdığı puldan gedir. Hesab edirəm, bu da iqtisadi aktivliyin bərpası ilə əlaqədardır. Yəni, hazırda iqtisadiyyatımızda vəziyyət keçən ilin bu vaxtı ilə müqayisədə fərqlidir, bir az canlanma mövcuddur. Ona görə də dollara tələb yüksəlib. Ümumiyyətlə, ölkəyə dollar gətirən xam neft ixracıdır, Türkiyəyə və Rusiyaya pomidor-xiyar, tərəvəz ixracı və sair deyil. Yəni, milli valyutamızı “əldə möhkəm” saxlamağa imkan yaradan bu faktordur”.

17.04.2018 10:13 / Baxılıb: 200 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
22.07.2018
21.07.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo