Mühacirlərin Avropa macəraları

İki aydır Avropa ölkələrində yaşayan bir qrup azərbaycanlı yeni şou kampaniyasına start veriblər. Müxtəlif şəhərlərdə yaşayan bir neçə mühacir bir araya gə(tiri)lərək Azərbaycan dövlət başçısının şəkillərinin üzərinə nalayiq sözlər yazmaqla ora bura yapışdırır, kameranın qarşısına keçərək bunu “xalq hərəkatı”nda öz qəhrəmanlıqları kimi qələmə verir və Azərbaycanda əhalini etiraz aksiyalarına qoşulmağa çağırırlar. Feysbukda açdıqları çoxsaylı səhifələrdə belə videolar və təhqiramiz karikaturalar paylaşır, heç bir fakta, sənədə əsaslanmadan hakimiyyəti müxtəlif cinayətlərdə günahlandırırlar. Bu hərəkətləri isə “xalq hərəkatı adlandırır, idarə olunduqları xarici dairələrə göstərib daha çox qrantlar almağa cəhd edirlər.


Bəs birdən birə bu adamlar haradan peyda oldu, əvvəl niyə ortalıqda yox idilər, məqsədləri nədir, kimlər tərəfindən idarə olunurlar? Maraqlı sualdır. Bir-bir cavab verək.


Qəfil peyda olmaqları növbədənkənar prezident seçkilərinin elan olunması ilə bağlıdır. Anti-Azərbaycan dairələri gözləyirdilər ki, seçki payızda olacaq və ona görə də həmin prosesdə təxribatlar yaratmaq üçün plan hazırlayırdılar. Seçkinin əvvələ çəkilməsi bu planların üstünə su səpdi. Dərhal vahid mərkəzdən komanda ilə plansız hərəkətə başladılar. Çünki əvvəlki yazımızda haqqında bəhs etdiyimiz müdhiş planın hazırlanması başa çatdırılmamışdı.


Bunların əsas məntiqi odur ki, bu hakimiyyət xalqı və ölkəni düzgün idarə edə bilmir. Əgər belədirsə, neçə ildir bunlar harada yatıb qalıblarmış, indi birdən yadlarına düşdü ki, bəs hakimiyyət ölkəni düzgün idarə etmirmiş. İndiyədək də həmin şəxslər Avropa ölkələrində yaşayırdılar, bəs niyə səsləri çıxmırdı? Demək, prosesi özləri yox, idarə olunduqları mərkəzlər idarə edir və bu da məhz prezident seçkiləri ilə bağlıdır. Həmin mərkəzlər seçkiqabağı ölkə hakimiyyətinə təzyiq vasitəsi kimi bunlardan istifadə edir və özlərinin bəzi maraqlarını təmin etdirməyə çalışırlar. Lakin Prezidentin köməkçisi Əli Həsənov bəyan edəndə ki, Azərbaycan kimsədən göstəriş alacaq ölkə deyil və bu təzyiqlər qarşısında geri çəkilməyəcək, bu qüvvələrə aydın oldu ki, belə üsullarla Azərbaycana təzyiq etmək mümkün olmayacaq.


Təşkil olunan mitinqlərdə xalqın adını müxalifət qoymuş “5-ci kolon”a dəstək vermədiyi də aydın olanda işlərini başa düşdülər. Ona görə də, bütün gücü vaxtilə saxta yollarla Avropaya mühacirətə cəlb etdikləri şəxslərə ölkə prezidentini təhqir etmək və böhtan atmaq tapşırığı verildi. Bu şəxslər peşəkar artistlərdir və bu qabiliyyətlərinə görə xüsusi seçiliblər. Onlar əvvəlki illərdə keçirilən aksiyalarda əməlli-başlı artistlik etmiş, polisə hücum edərək özlərinin tutaşma vaxtı şəkillərini çəkdirtmiş və bunun əsasında özlərinə Avropa ölkələrində siyasi qaçqın statusu almışdılar. Bu adamlar belə həssas məqamlarda həmin xarici dairələrə lazım olurlar və hərəkətə gətirilirlər.


Avropadakı rüsvayçı hay-həşir kampaniyası və ölkədəki mitinqlər heç bir fayda verməyəndə son çarə kimi, xalqı seçkini boykot etməyə çağırdılar. Hətta, AXCP sədri Əli Kərimli internet televiziyaların birinə verdiyi müsahibəsində qətiyyətlə deyirdi ki, seçkidə iştirak faizi 10-nun altında olacaq. Lakin beynəlxalq müşahidəçilərin də gözlərinin qarşısında bütün məntəqələrdə 70-80 faiz arası aktivlik oldu. Xalq mütəşəkkil qaydada seçkidə iştirak etdi və istədiyi namizədə səs verdi.


Bundan sonra lap axırıncı bəhanəyə əl atdılar ki, bəs, saxtakarlıq olub. Lakin beynəlxalq və yerli müşahidəçilərin 90 faizindən çoxu seçkilərin şəffaf və demokratik keçdiyini, hətta əksər ölkələrə nümunə ola biləcəyini qeyd etdilər. Yalnız bu qüvvələrin dəstəkçisi olan ATƏT və AŞPA müşahidə missiyasının tərkibində olan bəzi deputatlar seçkidən dərhal sonra keçirdikləri mətbuat konfransında əvvəlcədən hazırlanmış məruzəni oxuyarkən seçkidə rəqabətin  olmadığını (?) və saxtakarlıq hallarının olduğunu bildirdikdə ciddi etirazla qarşılandı.


Əvvəla 8 fərqli siyasi qüvvənin təmsilçisi olan namizəd iştirak edib və rəqabətin olmadığından söhbət belə gedə bilməz. İkincisi, bir neçə məntəqədə nöqsan olubsa (hansı ki, MSK həmin məntəqələrin nəticələrini ləğv etdi, iki məntəqənin komissiya üzvlərini buraxdı), bu o demək deyil ki, seçkilər bütövlükdə etibarsızdır. Bütün ölkələrdəki, kimi bizdə də belə hallar olur, lakin bu ümumi nəticəyə 1 faiz də təsir göstərmək gücündə deyil.


“5-ci kolon” rəhbərlərinin aprelin 14-ə təyin etdiyi mitinq göstərdi ki, köhnə bayatıları səsləndirib 1000-1200 adama nağıl danışmaq dövrü arxada qalıb.


Beləliklə, aydın olur ki anti-Azərbaycançı qüvvələrin bütün arqumentləri, bəhanələri, ittihamları konkret faktlar və dəlillərlə rədd edilir. Bu ölkənin sahibi xalqdır və xalq da öz dövlətinin taleyini özünün inandığı şəxslərə etibar edir. Qərbin istədiyi adamlara yox. Bütün məsələ bu sadə həqiqətdən ibarətdir.

 

Elçin Bayramlı

16.04.2018 12:48 / Baxılıb: 178 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo