Qibləsi bilinməyən qutu...

Qəbul olunmayan təşəkkür

 

İlk olaraq ondan başlayaq ki, Beynəlxalq Seçki Müşahidə Missiyası (ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT-in Parlament Assambleyası  (ATƏT PA) və Avropa Şurasının Parlament Assambleyası (AŞPA)) Azərbaycana təşəkkür də edib.

Təşəkkür edib ki, seçkiləri müşahidə etmək üçün onlara dəvət göndərilib, hakimiyyət orqanları, Mərkəzi Seçki Komissiyası və Xarici İşlər Nazirliyi də onlara bütün şəraiti yaradıb.

Amma və lakin bizdən fərqli olaraq, onlar bunu çıxışlarının sonunda ediblər.

Sona qədər gözləmək üçün  yalan, qərəz, ikili standartlar və sair və ilə axır mənbəyi və mənşəyi məlum olmayan ittihamlara qulaq asmaq lazım gəlir ki, yəqin ki, heç bir ölkənin heç bir vətəndaşı bunu özünə rəva bilməz. Necə ki, biz də bilmədik.


ATƏT şəffaf qutu ilə torbanı, seçki ilə lotonu qarışdırdı


Mənbəyi və mənşəyi məlum olmayan ittihamlar ona görə deyirəm ki,  hər bir ittihamın arxasında faktlar olmalıdır. 

Əslində ATƏT-ə inansaq, faktlar da var imiş. Onların dili ilə desək bir neçə məntəqədə seçki qutusunu baş-ayaq etməyiblər. Yəni qutunun ağzını aşağı çevirərək, həqiqətən onun boş olduğu  müşahidəçilərə göstərilməyib.

Bu arada loto oyunlarını xatırlamağa dəyər. Bildiyimiz kimi, həmin oyunlarda şəffaf olmayan torbalardan istifadə olunur. İlk qayda isə torbaların boş olduğunu sübut etmək üçün onun əks üzünə çevrilməsidir.

Yaxşı ki, bu missiyanın üzvləri arasında hər hansı qatı islamçı olmayıb. Əks halda o da, qutunun qibləyə düz çevrilmədiyi faktın hesabata daxil edərdi.

Sosial şəbəkələrdə bu ittihama mütəxəssislər tərəfindən tutarlı cavablar da verildi: Şəffaf qutunun boş olduğunu, onu üzü aşağı çevirdikdən sonra qəbul etmək üçün gərək dəli olasan! 

Bu təcrübə adətən şəffaf qutulardan öncə olub və hal –hazırda bu prosedura önəmli meyar sayılmır.


Bürokratiyadan – demokratiyaya, demokratiyadan - bürokratiyaya


İllər öncə Avropa bizə bürokratik proseduralardan çəkinməyi  tövsiyə edirdi. İndi biz həmən Avropa ilə,  bürokratik proseduralar ilə bağlı problem yaşayırıq. 

Öncə qeyd etdiyim mənbəyi və mənşəyi məlum olmayan ittihamlarla bağlı vəziyyətə isə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB) seçkiləri müşahidə missiyasının siyasi məsələlər üzrə köməkçisi Vüqar Əhmədov aydınlıq gətirib.

Bu ittihamların mənbəyi Xədicə İsmayıl, Emin Milli və digərləri imiş.

Hesabat bu insanların fikir və mülahizələri üzərində, hələ seçkidən öncə hazırlanıb. 

Prosesləri ciddi analiz etdikdə vəziyyətin bir qədər də geniş bir platformada baş verdiyi aydın olur.

Bəzi insanlara Avropada verilən geniş meydan. Onlarla sosial şəbəkələrdən yayımlanan  internet  TV-lər və s. Və bütün fəaliyyətdə bir şəxsin təbliğatının aparılması. 

Onlarca belə məqamlar sadalamaq olar. Yekun nəticə isə bütün bu fəaliyyətlərin bir ssenari əsasında, bir şəbəkə tərəfindən idarə olunması anlamına gəlir. Sözsüz ki, bu ssenariyə külli miqdarda vəsaitin ayrıldığı da şübhəsizdir.


Ümumi və faktlara söykənməyən iddialar


Seçki günü  seçki qutularına topa halda bülletenlərin atılması iddiası əslində heç bir fakta söykənməyən və ümumi xarakterli fikirdən başqa bir şey deyildir. 

Əslində, hər hansı bir namizədin (xüsusən də aşağı nəticə göstərən namizədlərin) tərəfdarları tərəfindən bu hadisəyə cəhd olunması mümkündür. Əsas məsələ həmin halın aradan qaldırlması istiqamətində işlərin həyata keçirilməsidi. Başqa bir məqam bu hal nə dərəcədə həmin məntəqədə nəticələrin dəyişməsində təsir edib.  

Bəyanatın digər bir bölümündə qeyd edilir ki, “MSK iki namizədi qeydiyyata almamış və bildirmişdir ki, onlar kifayət qədər çox sayda təkrarlanan və ya etibarsız imzalar təqdim etmişlər və bu, hər iki halda imza sayının 40,000 etibarlı imzadan az olması ilə nəticələnmişdir. Bu namizədlərdən heç biri MSKnın qərarından məhkəməyə şikayət etməmiş və DTİHB SMM-ə izah edərək bildirmişlər ki, onlar namizədlərin qeydiyyatı prosesinin dürüstlüyünə, məhkəmə sisteminin müstəqilliyinə və şikayətin məhkəmədə düzgün cavablandırılma ehtimalının olmasına etibar etmirlər”.

Burada iki məqama diqqət çəkmək lazımdır.

Birincisi, əgər  doğrudan da özünüzə inanır, yerli məhkəmələrə inanmırsınızsa,  niyə bütün proseduraları keçərək Avropa Məhkəməsinə qədər gedib çıxmadınız.

İkincisi, prezidentliyə namizədlik, deputatlığa və ya bələdiyyə üzvlüyünə namizədlik deyildir. Namizəd  respublika səviyyəsində tanınmalı bir şəxs olmalıdır. Çünki, 40 000 imzanı ən azı 60 dairədən 50 səs olmaqla toplamaq tələb olunur.


Əks mövqe və ya tənqid = Təhqir və ya söyüş?


Digər bir mənfi hal kimi təqdim olunan bölmədə qeyd olunur ki, “Digər namizədlər vəzifədə olan prezidentə qarşı əks mövqe nümayiş etdirməkdən və ya onu tənqid etməkdən çəkinmişlər.”

Sözün həqiqi mənasında ATƏT-in nümayəndələrinin ADP sədri Sərdar Cəlaloğlunun və bəzi digər namizədlərin  çıxışına diqqət etmədikləri qənaətinə gəlirəm.  Əgər diqqət ediblərsə, başqa bir qənaətə gəlmək məcburiyyətindəyəm: ATƏT-in anlamında əks mövqe və ya tənqid təhqir və söyüşdən ibarədir. 

Hər halda bu qənaətimizi gücləndirən amillərdən biri də, son vaxtlar Avropadan bu mövqeyin və mədəniyyətin ixrac olunmasıdır. 


Hazırlanmış ssenari üzrə ajiotajın yaradılması


Azərbaycan reallığında adətən hər hansı pozuntunu bəzi maraqlı qüvvələr tərəfindən hazırlanması təcrübəsi mövcuddur. Kiçik bir ssenari hazırlanır və onun ətrafında ajiotaj yaradılır.

Məsələn, hər hansı seçki məntəqəsində  jurnalistin fəaliyyətinə maneə yaradılırsa, bunun aradan qaldırılması üçün öncədən aidiyyəti qurumlar tərəfindən tədbirlər görülüb. Məsələn, Mətbuat Şurası tərəfindən qaynar xətt yaradılıb. Jurnalistin maraqlı tərəf olmadığın  sübut edən amil məhz onun bu qaynar xəttə müraciət edib -etməməsidir. 

Bu məqamlarda, maraqlı tərəf kimi, jurnalist ümumi prosesi işıqlandırmaq və informasiya verməli olduğu halda, hakim rolunda çıxış edir.

Xüsusən ictimai məkanlardan kənarda, ictimai xadim olmayan, sadə vətəndaşların razılığı olmadan onlarla bağlı foto və video çəkilişlər həyata keçirir və onlara psixoloji təsir göstərirlər. 

Və yekunda bu kiçik fakt üzrə ajiotaj yaradılaraq məsələ şişirdilir.


Ötən illərin bəyanatı


Əlbəttə 17 səhifəlik bəyanatda xeyli məqamlar var ki, ciddi suallar doğurur.

Bəyanata ümumi baxış ondan ibarədir ki, ümumilikdə sənəd seçkiyə aidiyyəti olmayan və uzun müddətdir ki,  bir neçə beynəlxalq təşkilatın Azərbaycan qarşı yayımlanan və ikili standartlara söykənən bəyanatlar silsiləsinin mətnləri ilə zənginləşdirilib.

Qeyd olunan iradlar hər hansı bir təsdiqləyici faktlara əsaslanmayan və ümumi söz yığınından ibarətdir. 


Yekun


Sözsüz ki, hər hansı seçkidə kiçik texniki və digər problemlərin baş verməsi ehtimalı  mövcuddur. 

Məsələn, hər hansı seçki məntəqəsində ani olaraq lampa sıradan çıxa bilər. Və həmin an hər hansı müşahidəçi orda ola bilər. Kiçik texniki məsələdir. Müşahidəçi fakta diqqətə saxlamayaraq oran uzaqlaşır. Məntəqədə isə həmin problem 5  dəqiqəyə aradan qaldırılır. Artıq bu fakta münasibət subyektiv olaraq, hər hansı müşahidəçi tərəfindən texniki çatımamazlıq kimi, qərəzli formada təqdim oluna bilər. 

Seçki günü müşahidəçi olaraq, biz də xeyli sayda seçki məntəqəsində olduq. 

Son seçkidə seçicilərin fəallığı daha çox hiss olunurdu. Beynəlxalq miqyasda baş verən son təlatümlü hadisələrdən və bəzi güc mərkəzləri tərəfindən Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasından sonra, xalq daha da ruh yüksəkliyi ilə bu seçkilərdə iştirak etdi.

Azərbaycan xalqının böyük əksəriyyəti sabitliyə və davamlı inkişafa səs verdi.


Cəsarət Hüseynzadə

İnformasiya Təşəbbüslərinə Dəstək İB-nin sədri, QHT.az saytının rəhbəri

16.04.2018 12:29 / Baxılıb: 1104 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo