Şərqdə sivil yaşam tərzinin tənəzzülü nədən qaynaqlanır?

ABŞ və müttəfiqləri tərəfindən Suriyanın bombalanması  III Dünya müharibəsinə gətirib çıxaracaq iddiası bu gün gündəmi zəbt edib. Həmin məkanda hansı növ müharibənin baş verməsindən asılı olmayaraq, bu qənaətə gəlmək olar ki, bütün bunlar çox məkrli ssenarilərdir. Həmin ssenariləri  heç şübhəsiz ki,  ABŞ-ın nə sabiq prezidenti Corc Buş, nə  indiki prezident Donald Tramp yazıb. Bu şəxslər ən azından prosesin icraçıları ola bilər. Təbii ki, belə qəddar planları yazıb icraçılara ötürən qüvvələr var.

 

Vaxtilə ABŞ-ın sabiq prezidenti Corc Buş İraqda oxşar siyasət həyata keçirərək Səddam Hüseynin atom silahının olduğunu əsas tutaraq həmin ölkəni bombalamışdı. Sonradan məlum oldu ki, biçarə Səddamın heç bir nüvə başlığı yoxdur. Daha sonra bu sərsəm siyasət davam etdirildi, minlərlə dinc iraqlının ölümü, şəhərlərin xarabalığa çevrilməsi nəticəsində  Buş İraqda işğal  siyasətini yekunlaşdırdı. İşğal nəticəsində əsir düşən Səddam Hüseyn insanlığa və müasir hüquq sisteminə heç cürə uyğun gəlməyən formada cəzalandırıldı, edam edildi.


İndi oxşar proseslər Suriyada davam edir. Bəşər Əsədin kimyəvi silahdan istifadəsi əsas tutularaq Suriya bombalanır. Qədim şəhərlər viranə qalır, insanlar məhv edilir. On min kilometr uzaqdan, okeanın o tayından bu regiona demokratiya, sabitlik yapmağa gələn bu şəxslər görəsən nə zaman anlayacaqlar ki, belə addımlar sivil siyasətin, sivil yaşam tərzinin tənəzzülünə gətirib çıxarır. 


Şərqdə, müsəlman dünyasında gedən bu proseslərə etinasız yanaşmaq mümkün deyil. Axı demokratiya top-tüfənglə, silahla yox,  təkamül yolu ilə, yüksək təhsillə, cəmiyyətin intellektual səviyyəsinin inkişafı ilə mümkün olar. Ancaq müşahidələr göstərir ki, bunların məqsədi demokratik cəmiyyətin, sadə suriyalıların təhlükəsizliyinə dəstək olmaq deyil. Geopolitik maraqlara, regionun sərvətlərinin yenidən bölüşdürülməsinə  xidmət edən digər layihə, oxşar ssenarilər bu gün Suriyada davam edir. 


Dünyanın ən zəngin neft ölkələrindən olan İraq, Liviya bu fəlakətlərdən  qaça bilmədi. İndi Suriya oxşar aqibətlə üzləşib. Vaxtilə Suriyada terrorçu dəstələr, İŞİD  tərəfindən dinc insanlara qarşı amansız qətllər törədilirdi. O zaman Amerika və onun müttəfiqləri həmin terrorçuları  zərərsizləşdirmək əvəzinə çox mənasız bəyanatlar səsləndirirdilər. Bu gün Suriyada terrorçuların xeyli sıxışdırıldığı məqamda həmin super güclərin hərbi əməliyyatlara keçməsinin səbəbi odur ki, orada mövcudluqlarını qoruyub saxlasınlar. Gələcəkdə həmin regionda söz sahibi kimi qalsınlar. 


Demokratiyanın, beynəlxalq hüququn super güclərin əlində dəyənəyə çevrilməsi  fəlakətdir. Bu fəlakətdən və yaranmış fürsətdən istifadə edib dünyanın iqtisadi xəritəsinin yenidən çəkilməsinə,  Orta Şərqdə zəngin resursların bölüşdürülməsinə can atmaq regionda münaqişələrin hələ uzun müddət uzanacağına işarədir. Belə ədalətsiz münasibət hər zaman separatizmin  genişlənməsinə stimul verir. Bütün bunlara dünyanın gələcək taleyinin kontekstində yanaşmaq lazımdır.


Demokratiyadan, bəşəri azadlıqlardan dəm vuran ABŞ və onun müttəfiqləri  separatizmə  nədənsə dəstək olurlar. Dağlıq Qarabağda erməni separatçılarının, terror dəstələrinin  başçıları Avropa ölkələrinin paytaxtların mütəmadi olaraq səfərlər edirlər. Onların bəzi rəsmi dairələrdə görüşləri baş tutur. Hətta ABŞ birbaşa hər il Dağlıq Qarabağdakı həmin cinayətkar rejimə vəsait ayırmağı unutmur. Bu gün Suriyada  Bəşər Əsəd cinayətkar elan olunub ona qarşı ciddi addımlar atılır. Bəs, Dağlıq Qarabağda minlərlə dinc azərbaycanlının qətlinə bais olan  Ermənistanın sabiq prezidentləri Serj Sarkisyana, Robert Köçəryana və digər yanlara qarşı belə sərt addımlar niyə atılmır?  Axı beynəlxalq hüququn qarşısında hamının bərabər öhdəliyi və məsuliyyəti var.  


Bu gün istər Rusiya, istərsə də ABŞ və onun müttəfiqləri olsun, bu dövlətlərin hər biri separatizmə və münaqişələrin uzanmasına dəstək olurlar. Aydın görünür adı çəkilən bu ölkələr bu prosesdə israrlıdırlar. Heç şübhəsiz ki, belə bumeranq effektli siyasət bir gün onlarının özlərinə qayıdacaq, qapılarını döyəcək. Dünyada və Cənubi Qafqazda  separatçılığa dəstək verən böyük, riyakar güclərin çöküşü o zaman sürətlənəcək. Həmin riyakar qüvvələrin təsirindən uzaq düşmək üçün  biz cəmiyyət olaraq, dövlət olaraq daha güclü olmalıyıq.


Əkrəm Bəydəmirli

16.04.2018 11:45 / Baxılıb: 258 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo