Bu münasibət xalqın iradəsinə hörmətsizlikdir QHT sədrləri etiraz etdi

Ləman Hüseynzadə / AZADİNFORM. Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Parlament Assambleyası və Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyalarının 11 aprel tarixində Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələri ilə əlaqədar yaydıqları ilkin hesabat jurnalistlər, ictimai-siyasi xadimlər kimi ayrı-ayrı vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən də tənqidlə qarşılandı.  Azadinform bəzi QHT sədrlərinin mövzu ilə bağlı münasibətlərini təqdim edir: 


Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov:  


- Aprelin 11-də Azərbaycan Respublikasında keçirilmiş prezident seçkiləri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyasının hesabatı həqiqətdən kənar, qərəzli və məqsədli xarakter daşıyır və birmənalı olaraq bu münasibət Azərbaycan xalqının iradəsinə hörmətsizlikdir. Hadisədən təəssüfləndiyimizi bildirməklə bərabər bir daha bəyan edirik ki, bu dünyada mövcud olan ikili standartların, ədalətsizliyin və beynəlxalq qurumların ölkələrə siyasi təzyiq vasitəsinin növbəti göstəricisidir. Özlərini beynəlxalq hüququn avtoritetləri kimi aparan və müəyyən siyasi qüvvələrin və güclərin əlində xüsusi təzyiq vasitəsi olan bu kimi beynəlxalq qurumlar bilməlidirlər ki, Azərbaycanda hakimiyyəti formalaşdıran xalq və onun iradəsidir və xalqın iradəsi olmadan heç bir qüvvənin siyasi qələbəsi mümkün deyildir. 

Adında insan haqları ifadə olunan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu illərdir 20 faiz torpaqlarımızın işğal olunması, 1 milyondan artıq soydaşımızın pozulmuş elementar hüquqlarının müdafiəsi və bərpası istiqamətində nə kimi fəaliyyət göstərib? Bu kimi təşkilatlar siyasi dəllallıq missiyalarını həyata keçirməklə bu gün dünyadakı ədalətsizliyi yaradan, ona rəvac verən qüvvələrin alətinə çevrilmişlər. Seçki öncəsi onların fəaliyyət göstərdikləri ölkələrdən dövlətimizə qarşı hansı çirkin oyunların oynanıldığını, ölkəmizdə təxribat və qarşıdurmaların yaradılmasına, siyasi sabitliyin pozulmasına qədər hazırladıqları planları yaxşı bilirik. Azərbaycan xalqının müdrikliyi, dövlətin dəmir iradəsi qarşısında iflasa uğrayan planlarını reallaşdıra bilmədikdə əvvəlcədən hazırladıqları saxta hesabatları ilə ölkəmizdəki demokratik seçkilərə kölgə salmağa çalışırlar və əlbəttə ki, bunlar əbəsdir! 

Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyası İB-in sədri İlham Məmmədzadə:


- Azərbaycanda  keçirilən 11 aprel prezident seçkiləri şəffaf olub. Hər birimiz seçiciyik və ətrafımızda bu hüquqdan sərbəst formada istifadə edən yüzlərlə, minlərlə insan var. Bu insanlar hər şeyi daha yaxşı görür. Azərbaycan xalqının iradəsinə təsir etmək doğru deyil, ən azı xalqın seçiminə hörmət etmək lazım idi. ATƏT-in məlum institutu seçki prosesinin bütün mərhələlərində Bakıda, bölgələrdə olub, müşahidələr aparıb. Əlbəttə ki, birdən-birə bu qənaətə gəlmələri düşündürücüdür. 

Digər tərəfdən, neçə illərdir Qarabağ məsələsində ikili standartlar üzərindən fəaliyyət göstərən bir qurumun təmsilçiləri hər hansı bir seçki hesabatına obyektiv münasibət göstərə bilməzdi.


Tətbiqi Tədqiqatlar Fondunun sədri İbrahim Əliyev:


- Azərbaycanda 11 aprel 2018-ci ildə keçirilmiş prezident seçkilərində müşahidə missiyası ilə çıxış edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) ortaya qoyduğu mövqe gözlənilən idi. Bu qurumun Azərbaycana münasibətdə qərəzli mövqe nümayiş etdirməsi hamının bildiyi və hər dəfə də müşahidə etdiyi haldır. Bu kimi beynəlxalq təşkilatlar Azərbaycanla bağlı taleyüklü məsələlərdə hər zaman bu cür çıxış edir, öz gizli münasibətlərini nümayiş etdirirlər. Məsələlərə ikili standartlardan çıxış etmək onların xarakterik cəhətidir və bu xüsusiyyətlərini açıq-aşkar göstərirlər. Adlarında olan demokratik dəyərlər, insan haqlarının qorunması anlayışlarının ziddinə olaraq həmişə destruktiv çıxışları ilə seçilirlər. Onların nə istədikləri, hansı maraqlara qulluq etdikləri təkcə Azərbaycana deyil, bütün dünyaya məlumdur. Lakin onlar bilməlidirlər ki, Azərbaycan xalqı onlardan fərqli olaraq demokratik ənənələrə sadiqdir. Xalqın seçkilərdə nümayiş etdirdiyi iradə tam ədalətlidir və bu xalqı haqq yolundan döndərmək mümkün deyildir.

Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin sədr müavini Elman Cəfərli:


- ATƏT-in Seçki Müşahidə Missiyasının 11 aprel prezident seçkiləri ilə bağlı hazırladığı hesabat birmənalı qarşılanmayıb. Mənim diqqətimi bir nünas çəkdi. Missiya yaydığı hesabatda seçkilərdə həqiqi rəqabətin omadığını qeyd edib. Fikrimcə, ATƏT-in Seçki Müşahidə Missiyasının yekun hesabatı bir müddət öncə yaydığı aralıq hesabatını təkzib edir. Aralıq hesabatında seçki kampaniyasında rəqabət mühitinin olduğu qeyd edilmişdi. Görünür müşahidə missiyası hesabatını ənənəvi müxalifət partiyaları təmsilçilərinin rəyi əsasında hazırlayıb. Ümumiyyətlə, missiyasının seçkini müşahidə etdiyi belə şübhə doğurur. Müşahidə etsəydilər görərdilər ki, seçkidə iştirak edən 8 namizədin 6-sı müxalifəti təmsil edir. Hakim YAP-ın namizədinə qarşı ən azı 5 alternativ düşüncə nümayəndəsi vardı. ADP (Sərdar Məmmədov), “Cəbhəçilərin təşəbbüs qrupu” (AXCP, Razi Nurllayev), ASDP (Araz Əlizadə), Milli Dirçəliş Hərəkatı Partiyası (Fərəc Quliyev), BAXCP (Qüdrət Həsənquliyev) heç zaman hakim siyasi kursu müdafiə etməyiblər, daim müxalif mövqedən çıxış ediblər. Seçkiqabağı təşviqat mərhələsində prezidentliyə namizədlər Sərdar Məmmədov, Razi Nurullayev kifayət qədər tənqdiçi mövqedən çıxış etdilər. Hər halda seçkini müşahidə edən təşkilat ədalətli və obyektiv hesabat hazırlamaq istəyirdisə, bu nüansları nəzərə almalı idi. Belə olmayıbsa  ATƏT-in Seçki Müşahidə Missiyasının 11 aprel prezident seçkiləri ilə bağlı yekun hesabatını obyektiv hesab etmək olmaz.

"Müasir İnkişaf" İctimai Birliyinin sədri Mübariz Göyüşlü:


- Seçki prosesini diqqətlə izləmiş bir şəxs olaraq deyə bilərəm ki, proseslər şəffaf şəkildə baş tutub. Namizədliyini irəli sürmüş, qanunla nəzərdə tutulmuş prosedurları uğurla həyata keçirmiş şəxslərin qeydiyyatında, təbliğat prosesində pozuntular müşahidə olunmayıb. Əgər belə bir fakt olsaydı həmin namizədlər özləri bunu açıqlayardılar, ictimailəşdirərdilər. Hər bir namizəd yaradılmış demokratik şəraitdən istifadə edərək platformasını, fikirlərini, ideyalarını sərbəst şəkildə təbliğ etmişdir. O cümlədən hər bir seçici sərbəst və azad şəkildə seçici iradəsinə müdaxilə olunmadan 11 apreldə istədiyi namizədə səs vermişdir. Bu barədə həm seçki günü, həm də seçki bitəndən dərhal sonra yerli və beynəlxalq müşahidəçilər, təşkilatlar bəyanatlarla, hesabatlarla məlumat vermişlər. Müəyyən kiçik nöqsanlar olub ki, bunlar da ümumi nəticəyə təsir etməyib və onun demokartikliyinə, obyektivliyinə kölgə sala bilməz. Demokratik və azad şəkildə keçirilmiş 11 aprel 2018-ci il tarixli seçkinin qalibi xalqın böyük əksəriyyətinin səsini toplamış Prezident İlham Əliyev oldu. Çünki onun yürütdüyü siyasət, gördüyü işlər göz önündədir. ATƏT isə əvvəlcədən hazırladığı qərəzli bəyanatı ilə müəyyən dairələrin sifarişini yerinə yetirir. Bu bəyanatla Azərbaycana təzyiq etmək və öz maraqlarını təmin etdirmək istəyirlər. Mən onların bu bəyanatını, qərəzli mövqeyini pisləyirəm. Missiyanın rəhbərini və təmsilçilərini obyektivliyə, yol verdikləri nöqsanı düzəltməyə, təmsil etdikləri qurumun adına kölgə salmamağa dəvət edirəm.


Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri Cavid Şahverdiyev:


- ATƏT PA-nın müşahidə missiyasının seçki prosesi bitəndən sonra elan etdiyi rəy əvvəlcədən hazırlanmış ssenarinin bir hissəsidir. Ümumiyyətlə, ATƏT PA, ATƏT DTİHB və AŞPA müşahidə missiyalarının birgə rəyi Azərbaycanda demokratik və şəffaf keçirilən bütün seçkini aşağılamağa hesablanıb. Müşahidə missiyasının üzvləri seçki məntəqələrində prosesin ədalətli keçirilməsi üçün yaradılan bütün şəraitlərlə tanış olublar və seçki günü prosesi izləyiblər. Heç bir qanun pozuntusu aşkar etməyiblər. Amma sonda belə bir rəyə gəlmələri qaranlıq məqamlardan xəbər verir. Onlar elə düşünürdülər ki, bu seçkilərdə ara qarışacaq, qarşıdurmalar yaranacaq və s. Amma seçkinin sakit, demokratik bir şəraitdə keçməsi onları şoka saldığından belə qərəzli mövaqedən çıxış etmək məcburiyyətinə məhkum edib. Azərbaycanda demokratik  dövlət quruluşuna kölgə salmaq cəhdləri uğursuzluqla nəticələndi. Keçirdikləri mətbuat konfransında da seçki prosesinin şəffaf keçirilmədiyini əsaslandıran bir arqument gətirə bilmədilər. Mənə elə gəlir ki, onların əsas məqsədi seçki prosesini müşahidə etmək olmayıb, qərəzli və ermənipərəst mövqedən çıxışlar etməklə Azərbaycanın nüfuzuna xələl gətirmək olub. Onlar Qərbin ermənipərəst dairələri tərəfindən ələ alınan muzdlu agentləridirlər.


Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov:


- ATƏT-in müşahidə missyasının 11 apreldə keçirilmiş prezident seçkilərinə  qərəzli və qeyri-obyektiv mövqeyi heç şübhəsiz ki, Azərbaycan QHT-lərinin hesabatlarına hörmətsizlik kimi qəbul edirik. Görünür ki, bu qurumun missiyası seçkini müşahidə etmək əvəzinə ölkə daxilində fitnə- fəsad törətməyə hesablanıbmış. Bu qurumun prezident seçkiləri ilə bağlı mövqeyini qınayır və az da olsa Azərbaycan ictimaiyyəti arasında olan - qalan hörmətlərini itirməmək üçün hesabatlarına yenidən baxaraq ədalətli qərar verməyə dəvət edirəm.

13.04.2018 16:11 / Baxılıb: 403 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo