Jurnalistlər Avropa Şurası və ATƏT təsisatlarının qərəzli bəyanatını tənqid etdilər Rəylər

Yusif Ziyaoğlu/AZADİNFORM. Dünən Avropa Şurasının Parlament Assambleyası, ATƏT-in Parlament Assambleyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyaları 11 aprel tarixində Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələri ilə əlaqədar ilkin hesabatlarını təqdim etdilər. Çox təəssüf ki, bu qurumlar yenə də köhnə ənənələrinə sadiq qalaraq, seçki prosesini ləkələmək məqsədilə qərəzli və qeyri-obyektiv fikirlər səsləndirdilər. Guya seçki prosesində qanun pozuntuları olub, namizədlər arasında sağlam rəqabət aparılmayıb, bəzi qeydə alınmış namizədlər qeyri-fəal seçki kampaniyası aparıb və sair və ilaxır…

Sözügedən təşkilatların ilkin hesabatları barədə “Azadinform” bir neçə jurnalistin fikini öyrənib. Onlar bu təşkilatların, xüsusən də ATƏT DTİHB-nin ölkəmizdə keçirilən prezident seçkilərini ləkələmək missiyasına öz kəskin etirazlarını bildiriblər.

 

“Xalq” qəzetinin əməkdaşı Zərifə Bəşirqızı bildirib ki, bu təşkilatların Azərbaycana qarşı qərəzli münasibəti yenilik deyil: “Ermənistanda keçirilən seçkilərlə Azərbaycanda keçirilən seçkini müqayisə etsinlər. Orada istənilən seçkilər zamanı qarışıqlıq düşür, hay-haray qopur, ağız deyəni qulaq eşitmir, atışmalar olur. Amma ATƏT nümayəndələri onu görməzdən gəlirlər. Bizdə isə bu qədər demokratik, sərbəst, nizamlı seçki gedir və ona qərəzlə yanaşırlar. Avropadan gələn nümayəndələr Bakı küçələrində rahatca gəzirlər. Dincliyi, əmin-amanlığı görmürlərmi? Siz də, mən də, bütün jurnalistlər həmişə seçki məntəqələrində olmuş, səs verməklə bərabər, istənilən məlumatı əldə etmişik. İstər, məntəqə sədrləri, istər dairə seçki komissiyasının üzvləri suallarımızı ətraflı cavablayıblar. ATƏT nümayəndəsinin "Məntəqəyə jurnalistlərin buraxılmasına məhdudiyyət qoyulmuşdu" fikri qıcıq yaratmaqdan başqa şey deyil”.

Z.Bəşirqızı həmçinin ATƏT nümayəndələrinin prezidentliyə namizədlərin təbliğat-təşviqatı üçün bərabər şərait yaradılmamamsı fikrinə də diqqət çəkdi: “Almaniyalı ekspert yazırdı ki, Prezident ilham Əliyevin debatlara gəlməməsi digər namizədlərin öz təbliğatını yetərincə aparmasına şərait yaratdı. Başqa bir iradda deyilir ki, guya insanlara kütləvi toplaşmaq imkanı verilməyib. Ancaq Milli Şura sədri və AXCP rəhbərliyi aləmə car çəkirlər ki, biz seçki ərəfəsində on minlərlə adamı bir yerə yığan üç mitinq keçirmişik. İndi kimə inanasan?”.

 

“Bakı Xəbər” qəzetinin əməkdaşı Məhəmmədəli Qəribli də sözügedən təsisatın daim Azərbaycana qarşı qərəzli mövqedə olduğunu vurğuladı: “Yadımdadır ki, 2013-cü ildə keçirilən prezident seçkilərinin yekunu ilə bağlı da bu təsisat anoloji, qərəzli mövqe sərgiləmişdi. Həmin vaxt Ermənistanda da prezident seçkiləri keçirilirdi. Maraqlısı budur ki, ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu oradakı seçkilərlə bağlı müsbət rəy vermişdi. Ancaq həmin vaxt Ermənistanda namizədlərdən birinin qərargahına silahlı basqın olmuşdu, digər prezidentliyə namizədi isə odlu silahla ayağından yaralamışdılar. Bütün bunların fonunda onlar Ermənistandakı seçkiləri deyil, bizim ölkəmizi tənqid edirdilər. ATƏT müşahidə missiyasının bu seçkilərlə bağlı təqdim etdiyi aralıq hesabatı ilə yekun hesabatı arasında ciddi ziddiyyətlər var. Demək ki, hesabat real müşahidələrlə deyil, sifarişlə hazırlanıb”.

 

“Lider” telekanalının müxbiri Teymur Mərdanoğlu qeyd etdi ki, sözügedən təşkilataların mətbuat konfransında o özü də iştirak edib. Hesab edir ki, onların bəyanatı tərəfdaş ölkələrin seçkilərinə, xalqına, onun iradəsi və seçiminə hörmətsizlikdir: “İlk bəyanatını oxuyan ATƏT PA və ATƏT DTİHB müşahidəçiləri arasında koordinasiyanı həyata keçirən potuqaliyalı parlamentari Nilza de Sena çıxışına başlayar-başlamaz  seçkilərə qərəzli don geydirdi və  seçki prosesinə tamamilə ikili standartlar kontekstindən yanaşdı. Heç bir həqiqəti əks etdirməyən sifariş xarakterli mətni üzündən oxudu, heç bir fakt da göstərmədi. Həm də necə olur, onlardan da nüfuzlu olan beynəlxalq təşkilatlar seçki prosesində heç bir qanun pozuntusu aşkarlamadı, bunlar aşkarladılar? Halbuki, 2-3 gündür beynəlxalq müşahidəçilər seçki prosesinin tam şəffaf və demokratik keçdiyini dəfələrlə bəyan edirlər. Hətta əksər ölkələrin parlamentariləri mətbuat konfranslarında bəyan edirlər ki, Azərbaycanda keçirilən seçki təcrübəsinin gələcəkdə öz ölkələrində də tətbiq olunmasını istəyirlər. Bir daha vuğulayıram ki, bu ilk deyil, adıçəkilən qurumların nümayəndələri dəfələrlə ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdiriblər”.

 

“Azvision.az” internet portalının müxbiri Elvin Abdulqədirov isə ATƏT-in Azərbaycandakı seçkiyə münasibətini kökünün daha əvvələ gedən digər siyasi məsələlərlə əlaqələndirdi. Daha doğrusu, hansısa maraqlarla: “Çünki onlar xırda texniki qüsurlar üzərindən böyük siyasi maraqlarını ifadə ediblər. ATƏT PA və AŞ PA-nı təmsil edən müşahidəçilər müşahidə apardıqları 1300 məntəqənin cəmi 156-da “pozuntu” aşkarlayıblar. Problem aşkarlanan 156 məntəqədə qutuların düzgün quraşdırılmaması, yaxud şəffaf qutunun əvvəlcə boş şəkildə çevrilməməsi kimi texniki qüsurlar seçkinin nəticələrinə təsir edə bilərmi? Lap MSK bu məntəqələrdə seçkinin nəticələrini ləğv etsə belə, dəyişən bir şey olmayacaq. Axı 86 faiz səs toplayan lider namizədlə 2-3 faiz səs toplayan namizəd arasındakı fərqi 156 məntəqə tarazlamır. Əsa odur ki, ölkədə keçirilən seçkidən Azərbaycan xalqı və mübarizə aparan tərəflər razıdır. Məğlublar qalibi təbrik edir. İndi hansısa müşahidə missiyasının rəyi bunun üzərinə kölgə sala bilməz”.

 

Publika.az saytının redaktoru Aqil Lətifovun sözlərinə görə, ATƏT-in müşahidə missiyasının Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı hesabatında təəccüblü heç nə yoxdur: “Çünki onların Azərbaycana qarşı mövqeyi hər kəsə bəllidir. Yəni onların belə bir yanaşma ortaya qoyacağı, seçki keçirilmədən seçki hesabatı hazırladığı öncədən bəlli olan addım idi. İndiyədək olan münasibəti, sərgilənən ermənipərəst mövqeyi göz önünə gətirərək birmənalı şəkildə bu təşkilatın Azərbaycanı, dövlətimizi istəmədiyi, Azərbaycan hakimiyyətini hər vəchlə gözdən salmağa çalışdığını söyləyə bilərik. Odur ki, ATƏT və AŞ PA müşahidəçilərinin seçki ilə bağlı qərəzli hesabatlarının ölkəmizin uğurlarını gözü götürməyən hansısa qüvvələrin sifarişi əsasında öncədən hazırlandığını əminliklə söyləmək olar. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyalarının ölkəmizdə keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı öncədən hazırladıqları bu hesabatlar ədalətsiz və qeyri-obyektivdir. Şübhəsiz ki, köhnə və ucuz olan bu taktika ilə bu cür təşkilatlar insan hüquq və azadlıqlarından bir vasitə kimi istifadə edərək müstəqil siyasət yürüdən ölkələrə qarşı təzyiq edir və öz qaranlıq maraqlarını həyata keçirməyə çalışırlar. Əgər bu üzdəniraq müşahidəçilər hansısa qanun pozuntusu görmüşdüsə, öncədən hazırlanmış hesabatın yerinə, qeydə aldıqları faktları ortaya qoyardılar. Hanı onların qanun pozuntusu ilə bağlı qeydə aldığı faktlar? Fakt budur ki, Azərbaycanda insan hüquq və azadlıqlarının əsas tərkib hissəsi olan vətəndaşların seçki hüququ ən yüksək səviyyədə təmin olunub. Bütün texniki imkanlar ən yüksək səviyyədə təmin edilir və insanlar sərbəst, azad şəkildə səs verdilər”.

A.Lətifov qeyd etdi ki, arqumentsiz çıxışlar ATƏT-in və AŞPA-nın ermənipərəst simasını bir daha ortaya qoyur: “Dünyanın gözü qarşısında xalqımıza qarşı baş verən erməni vəhşiliyinə, torpaqlarımızın işğalına göz yuman, əzilənin deyil, əzənin, yəni Ermənistan hakimiyyətinin yanında yer alan bu təşkilatlar indimi Azərbaycan xalqını düşünən oldu? Bəs hanı onların ədaləti? Ədalət yalnız, müsəlmanı, müsəlman ölkəsini, dünyada müstəqil siyasət yürüdən, heç kimə baş əyməyən ölkəni əzmək, gözdən salmaqmıdır? Bütün bunların bir cavabı var: bu təşkilatların ədalət tərəzisi, sadəcə maraqlara görə dəyişir. Ermənistanın maraqlarını ifadə edən təşkilatın nümayəndələrindən məsələyə subyektiv yanaşmama, ədalətli mövqe gözləmək sadəcə sadəlövhlük olardı. Odur ki, onların seçki bəyanatını boş kağız parçası hesab etmək lazımdır”.

 

“Palitra” qəzetinin müxbiri, Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə isə hesab edir ki, bu təşkilatların belə açıqlamlar verməsi gözlənilən idi: “Çünki onlar bir çox hallarda, xüsusən Qarabağ məsələsində Azərbaycana qarşı ikili standart sərgiləyirlər. Bu siyasətlərini davam etdirərək 11 aprel Prezident seçkilərində də qərəzli, subyektiv, reallığı əks etdirməyən bəyanat yaydılar. Hansı ki, seçki prosesini izləyən digər beynəlxalq təşkilatların müşahidəçiləri, eləcə də müxtəlif ölkələrədən gələn ekspert, millət vəkilləri müsbət mövqe bildirdilər. Nəzərə çatdırım ki, 11 aprel Prezident seçkilərini 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib. Və onların hec biri seçki ilə bağlı neqativ rəy verməyib. Bu müşahidəçilər seçkilərin çox yüksək səviyyədə təşkil edildiyini və prosesin sakit keçdiyini qeyd ediblər. Müşahidəçilər seçkilərdə hər hansı müdaxilənin olmadığını və stabil seçki keçdiyini vurğulayıblar. Bu çoxluq qarşısında ATƏT DTİHB, ATƏT PAvə AŞ PA-nın müşahidə missiyalarının rəyi aydın şəkildə qərəzli görünür”.

13.04.2018 14:18 / Baxılıb: 519 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo