5-ci kolonun 6-cı fiaskosu

Özünü müxalifət adlandıran, əslində isə Qərb Azərbaycandakı agenturası olan bəzi siyasi firqələr  son 25 ildə ardıcıl olaraq 6-cı dəfə xalqın seçimi qarşısında məğlub vəziyyətə düşdülər.

 

Aprelin 11-də keçirilmiş prezident seçkiləri başa çatdı. Artıq ilkin nəticələr də məlumdur. 8 namizədin iştirak etdiyi seçkidə YAP-ın lider İlham Əliyev seçicilərin 85 faizindən çoxunun səsini toplayaraq növbəti 7 il müddətinə Azərbaycan Respublikasının prezidenti seçildi.


Bəlli olduğu kimi, özünü müxalifət adlandıran qüvvələr seçkidə iştirak etmədi və əhalini də seçkiyə getməməyə çağırdı. Lakin, səsvermənin nəticələrindən göründüyü kimi, iştirak etmə faizi çox yüksək olub. Bu isə aydın şəkildə göstərir ki, xalq ölkənin taleyini həll etməkdə öz sözünü deyib və Qərbin agentura şəbəkəsinin çağırışına qoşulmayıb. 

Radikal müxalifət hələ səsvermədən 2-3 gün əvvəl bəyan edirdilər ki, xalq seçkiyə getməyəcək. Lakin adi müşahidələr də göstərdi ki, aktivlik həmişəkindən də yüksək olub. Bu o deməkdir ki, “5-ci kolon” xalqın 1 faizinə belə təsir etmək gücündə deyil.


Seçkilərdə aktivliyin yüksək olduğunu görəndən sonra, başladılar köhnə bayatılarını oxumağa. Ki, guya səsvermə prosesində çoxsaylı saxtakarlıq halları olub və bu da seçkinin etibarsız sayılmasını şərtləndirir. Lakin, seçkiləri müşahidə edən yüzlərlə xarici və yerli müşahidəçilər bildirib ki, bir neçə xırda nöqsanlara baxmayaraq seçkilər şəffaf və demokratik şəraitdə keçib.


Yalanın saxtakarlığı və riyakarlığı ilə məşhur olan ATƏT və AŞPA-dan olan bəzi müşahidəçilər isə saxtakarlıq hallarının baş verdiyini və seçkilərin alternativ olmadan keçdiyini bəyan edib. Burada 2 məqsəd güdülür - Azərbaycan hakimiyyətinə təzyiq kimi istifadə edib hansısa güzəştlər qoparmaq cəhdi və ölkədəki “5-ci kolon”a ümid verib onları hələ uzun müddət nəzarətdə saxlamaq cəhdi... 


İndi gələk göstərilən məqamlara. Əvvəla, alternativ yoxdur nə deməkdir? Seçkidə 8 namizəd iştirak edib. Bu halda seçkilər necə alternativsiz olur? Yoxsa bunlar alternativ deyəndə ancaq özlərinin “5-ci kolo”nu olan bir-iki radikal partiyanı nəzərdə tuturlar? Elədirsə də səhv yanaşmadır, çünki onlara seçkidə iştirak qadağan edilməyib, özləri zəif olduqlarını bildiklərindən seçkiyə getməkdən yayınıblar.


Bütün ölkələrdə olduğu kimi ölkəmizdə keçirilən seçkilərdə də xırda nöqsanlara rast gəlinir. Lakin əvvəla bunlar azsaylı hallardır və seçkinin nəticəsinə heç bir faiz də təsir göstərəcək səviyyədə deyil. İkincisi də, necə müəyyən etmək olar ki, saxtakarlıq cəhdi edənlər bunu hansı namizədin xeyrinə ediblər, əldə belə bir sübut varmı? Əlbəttə yoxdur. Əgər hər iki arqument fakta, sübuta əsaslanmırsa, nə üzlə belə rəy verirlər? Səbəb sadədir və onu yuxarıda göstərmişik. Fakt isə odur ki, Azərbaycanda xalq 6-cı dəfə də qərbin əlaltılarına uymadı, hər seçkidə mütəşəkkil iştirak etdi və hər dəfə də inandığı liderə səs verdi. 1993, 1998, 2003, 2008, 2013 və 2018-ci illərdə. 


Bu xalq çox yaxın keçmişi - 90-cı illərin əvvəlini unutmayıb. İndi özünü ana müxalifət liderləri adlandıran şəxslərin hakimiyyəti dövründə ölkənin necə fəlakətlərə düçar olduğunu və xalqı bu fəlakətdən, dövləti dağılmaqdan kimin gəlib xilas etdiyini yaxşı yadında saxlayıb. Ona görə də, artıq 6 dəfədir ki, ümummilli lider Heydər Əliyevə və onun varisi İlham Əliyevə etimad göstərir. Zaman da göstərdi ki, xalq bu etimadında yanılmayıb. Azərbaycan 90-ların əvvəlindəki, zəif dövlətdən, yoxsul xalqdan, hazırkı güclü dövlətə və firavan xalqa çevrilib. Ona görə də, bəzi Qərb dövlətlərinin və onların ölkəmizdəki “5-ci kolon”unun 6-cı cəhdi də fiaskoya uğradı. Təcrübə də göstərir ki, xalqla hakimiyyətin bir olduğu ölkəni, ədalətlə idarə olunan dövləti yıxmaq olmur.


Elçin Bayramlı

13.04.2018 11:30 / Baxılıb: 884 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.06.2018
    24.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo