Professor Aygün Attar: Xalqda bir seçki həyəcanı var

Türkiyədə yaşayan azərbaycanlı professor Aygün Attar Azadinform-a müsahibə verib.

 

- Ölkəmiz üçün əlamətdar bir hadisənin astanasındayıq. Türkiyədə 11 aprel seçkilərinə münasibət necədir?


- Əlbəttə, Türkiyə ictimaiyyəti Azərbaycandakı seçkilərlə yaxından maraqlanır. Aydın məsələdir ki, Türkiyə və Azərbaycan “bir millət iki dövlət” prinsipini sözdə deyil, əməldə yaşadır. Ona görə də Azərbaycandakı seçkilərə Türkiyə laqeyd qala bilməz.

 

 

- Seçki həftəsində Bakıda görüşürük sizinlə. Bu rəsmi ziyarətdirmi, yoxsa vətəndaş mövqeyimi?


- Vətəndaş mövqeyi. 


- Türkiyə ilə Azərbaycandakı seçkiyəqədərki mərhələlər arasında nə kimi fərqlər var? 


- Hər şeydən əvvəl Azərbaycan bu seçkilərə çox tarixi bir ildə, tarixi bir hadisənin ərəfəsində girir. Biz bu il 28 may 1918-ci ildə Şərqdə ilk dəfə qurulan demokratik Cümhuriyyətin 100-cü ildönümünü qeyd edəcəyik. Bu əlamətdar gündən bir ay əvvəl də Azərbaycan xalqı öz rəhbərini seçəcək. Çox böyük bir həyəcanla həm öz vətəndaş mövqeyimi sərgiləmək, həm də Azərbaycandakı seçimləri daha yaxından müşahidə etmək üçün burdayam. Azərbaycanda seçki öncəsi şərait mənim xoşuma gəlir. İstər Türkiyədən, istər də Azərbaycandan baxanda biz, prezidentliyə səkkiz nəfər namizədin rəqabət ortamında, bərabər formada təbliğat və təşviqat kampaniyasını tamamladığını görürük. Televiziyalarda ayrılan efir vaxtında sözügedən namizədlər maksimum səviyyədə özlərini ifadə edərək, nə üçün namizəd olduqlarını, seçiləcəkləri təqdirdə nələr edəcəklərinin proqramlarını xalqa çatdıra bildilər. Bundan əlavə Türkiyədən baxanda görünən, bir siyasi elmlər və beynəlxalq münasibətlər istiqamətindəki elm adamı olaraq müşahidə və təqdir etdiyim bir məqam var. Ölkənin müxtəlif yerlərində namizədlərin xalqla görüşləri təşkil olunmuşdu ki, bu da bir demokratik ölkədə iddialı olub “mən prezidentliyə namizədəm” deyən və o namizədliyin əsaslarına cavab verdiyi üçün də MSK-da qeydə alınmış insanlara şərait yaradılması deməkdir. Əsasən Şərq ölkələrində seçkilərdən əvvəl yer göy bayraqlarla, şəkillərlə dolu olur. Azərbaycanda mən buna rast gəlmədim. Təbliğat kampaniyalarında ifrata gedilməyib. Avropada da belədir. İnsanın gözünü yoran mənzərələr yoxdur. Ölkədə bütün vətəndaşlar aprelin 11-də prezident seçkilərinin keçiriləcəyindən xəbərdardır, vətəndaşlıq məsuliyyəti hiss edərək seçkilərdə iştirak edəcəklər. Son dərəcə sakit və mədəni bir formada hazırlıq gedir. Əlbəttə, xalqda bir seçki həyəcanı var. Amma bu həyəcan həddini aşmır. Demokratik qıcıqlandırma yox, demokratik şərtlər altında bir yarış həyata keçirilir. Çünki seçki, demokratiyanın olmazsa olmazıdır. Seçki qutusu demokratiyada insanların hür düşüncələrinin və vicdanlarının səsini dinləyərək özlərini ifadə etmə formasıdır. Bir seçkidə əgər prezidentliyə namizəd olaraq o gün səkkiz nəfər üçün on milyonluq Azərbaycan xalqı səsvermədə iştirak edəcəksə mən bundan çox böyük məmnunluq duyuram və Azərbaycanı təbrik edirəm. Seçkilərin nəticələrinə dair bir fikir yürüdə bilmərəm, çünki prosesin sonuna gəlib çatmışıq, bununla bağlı nə isə demək etik deyil, amma ölkədə çox bariz şəkildə mövcud əhval-ruhiyyədən bunu görə bilirəm ki, Azərbaycan xalqı, Qarabağla bağlı problemin həllində, Azərbaycan Milli Ordusunun düşüncəsini ifadə edən, beynəlxalq arenada qətiyyətli şəkildə fikrini ifadə edən liderə səs verəcək. Çünki Azərbaycanın Qarabağ problemi var. Xalq ayıq formada özünü və taleyini macəra axtaranlara deyil, dövlət idarəçiliyində təcrübəsi olan, öz sözünü cəsarətlə deyə bilən, siyasi təcrübəyə sahib olan insanlarla gələcəyinə davam etməlidir. Xalq bunun fərqindədir. Ona görə Azərbaycan xalqı gənc, dinamik, öz sözünü cəsarətlə deyə bilən bir lideri özünə rəhbər seçəcək.

Xaricdə yaşayan azərbaycanlıları təmsilən, ölkəmizdəki seçkilərdən gözlədiyimiz, bu günə qədər olduğu kimi, ölkəmizin gücünü qüdrətini digər dövlətlərin nəzdində ortaya qoyan, problemləri ən qısa zamanda həll edəcək bir liderin Azərbaycandakı prezident seçkilərində qalib gəlməyidir. Xüsusilə dünyada ciddi problemlər olduğu bir vaxtda xaricdən müdaxilələrlə, meydan sulamaqla Azərbaycandakı problemlərin həll olmayacağını hamımız bilirik. Azərbaycan birilərinin sifarişi ilə hərəkət edənləri deyil, xalqın iradəsini ortaya qoyacaq. Hamımız da buna şahid olacağıq. Mən canım Vətənim, can Azərbaycanın, şərəfli tarixə sahib olan dövlətimin, millətimin ən doğru qərarı verəcəyindən əminəm. Ona görə də bu seçkilərin Vətənimizə, millətimizə və dövlətimizə xeyirli olmasını arzu edirəm. 


Söhbətləşdi:

Nigar İSFƏNDİYAR

10.04.2018 10:53 / Baxılıb: 3226 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo