Əsrdən əsrə miras qalan müstəqillik...

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 100 il ötür. Bu tarix dünyada yaşayan bütün azərbaycanlılar üçün şərəfli tarixdir. Hər bir soydaşımız qürur duyur ki, müsəlman Şərqində məhz ilk müstəqillik əldə edən ölkə onun Vətənidir – doğma Azərbaycan!

Sözsüz ki, bu azadlıq da asan əldə edilməyib. Tale elə gətirib ki, istər 1918-ci ildə, istərsə də XX əsrin 90-cı illərində Azərbaycan müstəqilliyini minlərlə azəri türkünün qanı bahasına qazanıb. Bəlkə elə buna görə AZADLIQ, MÜSTƏQİLLİK bizə bu qədər şirin, doğmadır. Çünki həyatda çətinliklər hesabına qazanılan hər şey daha şirin, daha dəyərli olur. Xüsusən də suyunu içdiyin, havasını udduğun, çörəyini yediyin Vətənin azadlığı ola.

Bu, mənim azadlığım, mənim tariximdir! 

Bu, sənin azadlığın, sənin tarixindir!

Bu, əlli milyondan artıq hər bir azərbaycanlının azadlığı, qürurverici tarixidir!

Təəssüf ki, 1918-ci ilin təravətli baharında müstəqillik əldə edən Azərbaycan 23 aydan sonra elə 20-ci ilin baharında da istiqlaliyyətini itirmiş olur. Lakin bu qısa tarix kəsiyində Azərbaycan Xalq Cümhuriyyəti misilsiz nailiyyətlərə, İLKlərə imza atdı:

- AXC dövründə ölkə ərazisində yaşayan bütün xalqların və hər iki cinsin bərabər seçki hüququ qanunla təsbit edildi. Bununla da, Azərbaycan şərqdə qadınlara seçki hüququ verən ilk ölkə oldu. 

- AXC dövründə respublikamızda ilk ali məktəb – Bakı Dövlət Universiteti yaradıldı.

- AXC dövründə üçrəngli dövlət bayrağımız, gerbimiz və himnimizlə bağlı qərarlar qəbul edildi və.s.

AXC-nin süqutundan 71 il keçəndən sonra Azərbaycan yenidən öz istiqlaliyyətinə qovuşur. Yenidən azad nəfəs alır, öz müstəqil parlamenti, milli pulu, himni, bayrağı və gerbi var.

Bu gün Xalq Cümhuriyyətinin bizə dəyərli mirası olan üçrəngli bayrağımız dünyanın mötəbər beynəlxalq təşkilatlarının qarşısında əzmlə dalğalanmaqdadır. Bu dəfə əbədi, heç bir zaman enmədən!

Tezliklə Qarabağın, İrəvanın işğaldan azad olunması arzusu ilə… 

Müstəqilliyimiz əbədi və mübarək olsun!


Anar Məcidzadə

AYB və Jurnalistlər Birliyinin üzvü

6.04.2018 12:16 / Baxılıb: 578 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    26.05.2018
    25.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo