Cəhalət girdabında

Vaxtilə yazdığım “Azadlıq” romanının birinci fəsli 80-ci illərin sonlarından, həmin dövrlər Azərbaycanda cərəyan edən ictimai-siyasi hadisələrdən, hakimiyyəti ələ keçirsə də, onunla davranış qaydalarını bilməyən və bu səbəbdən ölkəni uçuruma sürükləyən tragikomik olaylar törədən oyuncaq hökumətin macəralarından bəhs edir.

Bu fəsildə, həmçinin o dövrlər xalq hərəkatının mərkəzi olan “Azadlıq” meydanında baş verənlər – Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda savaşa qalxmış xalq və onunla yanaşı, azadlığın, müstəqilliyin nə demək olduğu barədə heç bir anlayışı olmayan, bu barədə düşünməyi, bəlkə də, heç bir zaman ağlına belə gətirməyən, bu ümumxalq coşqusuna öz xırda, fərdi problemlərinin, məişət dərdlərinin narazılığı ilə qatılan bir qisim insan zümrəsinin təsviri də yer alır.


Meydanda nə baş verdiyini, xalq hərəkatının amalını, ali məqsədini dərk etməyən, daha doğrusu, dərk etmək iqtidarında olmayan bu bəsit təfəkkür sahibləri buraya müxtəlif dərdlərlə – biri, neçə illərdən bəri sınıq damının təmirinə əlac qılmayan mənzil-təsərrüfat kontorundan gileyli, o biri qonşusu, ya qohumu ilə bölə bilmədiyi torpaq sahəsi, yaxud əmlakından narazı, digəri ali məktəbə daxil ola bilməyən övlad nigaranlığı və s. ilə gəlsələr də, izdihamın ab-havasıyla, hamıyla bir “A-zad-lıq!” deyə qışqırır və bundan özünəməxsus rahatlıq tapır…


Zaman ötdü, ölkəmiz, nəhayət, layiq olduğu müstəqilliyinə qovuşdu, çiçəkləndi, abadlaşdı, Bakımız, şəhərlərimiz, kənd və qəsəbələrimiz işıqlandı. Bir vaxtlar düşmən tanklarının, Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin cəsədi üzəriylə yeridiyi “Azadlıq” meydanı qüdrətli Azərbaycan ordusunun nümayiş meydanına çevrildi…


Vaxtilə bu meydanda şüursuz canfəşanlıqla “Azadlıq!” çığıran həmin zümrə isə dəyişmədi. Onlar yenə meydandadırlar. Bu dəfə onların meydanı “Azadlıq” yox, virtual əxlaqsızlıq və heysiyyətsizlik məkanına çevirdikləri sosial şəbəkələr, şüarları – mənasını və məqsədini yenə anlamadıqları qaranlıq savaşın diktəsi altında yağdırdıqları söyüş və təhqirlərdir. Bu dəfə onlar xalqın yox, onun düşmənlərinin – ölkənin inkişafını, abadlığını, əmin-amanlığını, dövlətinin müstəqil, çevik siyasətini, əyilməzliyini gözü götürməyənlərin yanındadırlar. Onlar bu dəfə də qoşulduqları savaşın mətləbini – Azərbaycanın dağıdılmasına köklənmiş bu iyrənc təxribatın alt qatında közərən düşmən niyyətini anlamaq iqtidarında deyillər...


Bu gün onların şüarı söyüş və təhqirlərdir və bütün bu püskürtünün arxasında yenə həmin dar, bəsit təfəkkür, miskin vətəndaşlıq yetərsizliyi işarır. Onlar söyür, hədələyir, təhqirlər yağdırır, heç bir məntiqi əsasa dayaqlanmayan bu nifrətin, Azərbaycanın göz qabağında olan uğurlarına kölgə salmaq iqtidarında olmadığının fərqinə varmırlar.


Təbiidir, tutarlı söz olmayanda, əlac söyüşlərə və təhqirlərə qalır.


Lakin bu adamlar, söyüb təhqir etdiklərindən guya üstün tutduqları ana-bacılarından, övladlarından, ümumiyyətlə, Azərbaycan xalqından və Azərbaycan dilindən utanmırlarmı?..

 

Axı bütün bu mənzərə – heç bir əxlaqa sığışmayan, Azərbaycana, azərbaycançılıq məfhumuna uyuşmayan o eybəcər mətnlər, ilk növbədə, Azərbaycan xalqını, onun əxlaqını, dilini təhqir edir?! Ucuz, şəxsi iddiaları, məişət səviyyəli fərdi inciklikləri necə ana Vətəndən, xalqından, millətindən üstün tutmaq olar? Buna nə ad verək? Şüursuz cahillikmi?.. Yoxsa, milli heysiyyətsizlik? Ya sadəcə, xainlik?..

 

Özlərini azərbaycanlı hesab edən bu adamlar müstəqilliyinə yenicə qovuşmuş bu yaşıllıqlar, çaylar, hövzələr, dağlar dolu gözəl diyarın hansı geosiyasi durumda olduğu, başının neçə illərdən bəri hansı müsibətlər və bəlalar çəkdiyi, dörd bir yandan hansı təhlükələr, xarici təzyiqlər və təhdidlərlə üzləşdiyi və bütün bu od-alovun içi ilə, sakit sularda əmin-amanlıqla üzən yaşıl gəmi tək irəliləməyə davam etdiyinin nəyin, hansı əziyyətlərin və fədakarlıqların bahasına başa gəldiyi barədə nə isə anlayırlarmı, görən?..

Məncə, yox. Olsun ki, onlar əbədi olaraq, həyatın dibinə – ali, insani dəyərlərin, yüksək idealların, Vətən, torpaq, xalq kimi, müqəddəs məfhumların heç bir zaman anlaşılmayacağı, insan ziyasının öz nurunu heç bir vaxt saçmayacağı, havasız, qaranlıq cahillik bataqlığına gömülməyə məhkumdurlar. O zülmətin, o ziyasız bataqlığın bir adı var: CƏHALƏT.

 

Afaq Məsud

2.04.2018 18:25 / Baxılıb: 570 / Çap
 
    Bu bölmədə
    2.10.2018
    Bizim yollar...
     Xəbər lenti
    17.10.2018
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo