Hulusi Kılıç: Bu seçkilər Azərbaycan xalqını daha da irəliyə aparacaq

Azadinform əməkdaşının həmsöhbəti Türkiyənin tanınmış diplomatı, vaxtilə Azərbaycanda, Moldovada fövqəladə və səlahiyyətli səfir vəzifələrini icra etmiş, hazırda isə Türk Dünyası Parlamentlər Birliyinin Xarici əlaqələr üzrə koordinatoru Hulusi Kılıçdır. H.Kılıç diplomatik xidmətdən təqaüdə çıxsa da, Türk dünyası ilə sıx əlaqələrini davam etdirir.

 

Hulusi bəy, aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərindən gözləntilərinizi eşitmək bizim üçün maraqlı olardı?

 

- İlk öncə 11 apreldə Azərbaycanda keçiriləcək prezident seçkilərinin qardaş Azərbaycan xalqı, Türkiyə, Türk dünyası və bölgə üçün xeyirli və uğurlu olmasını diləyirəm. Hesab edirəm ki, seçkilər əvvəlki prezident seçkilərində olduğu kimi, sülh, əmin-amanlıq və qardaşlıq prinsipinə uyğun keçəcək. Can Azərbaycanımızda demokratiya mədəniyyətinin formalaşdığını və hər seçkidə daha da irəli getdiyini  görürük. Azərbaycan xalqı üçün yaxşı olan hər şey Türkiyə xalqı üçün də yaxşıdır.

Daha əvvəllər söylədiyim kimi, Türkiyə və Azərbaycan əkiz qardaşdır. Digər Türk respublikaları da bizim qardaşlarımızdır. Biz Azərbaycan xalqının qərarını Türk xalqının qərarı kimi görürük.

İnanıram ki, bu seçimlər Azərbaycan xalqını daha da irəliyə aparacaq və ölkədə daxili sülhü, iqtisadi inkişafı davam etdirəcək, Qarabağ problemini həll edəcək və dünya ilə inteqrasiya edəcək lideri seçəcəkdir. Bir sözlə, Azərbaycan xalqı düzgün qərar verəcəkdir.


Azərbaycandakı siyasi proseslər barədə nə deyə bilərsiniz? Dəstəklədiyiniz siyasətçi varmı?


- Mən Azərbaycanın gündəmini və Prezident İlham Əliyevin fəaliyyətini yaxından təqib edirəm. Başqa sözlə, son 10 ildə Azərbaycanda nə baş verdiyini daha yaxşı bilirəm. Əslində, Azərbaycan xəbər agentliklərinin bülletenləri bu günə qədər mənə gəlir. Cənab Prezident İlham Əliyevin Azərbaycan xalqı, Azərbaycan, Türk xalqı və Türk dünyası haqqında fikirlərini oxuyuram. Onun xarici siyasəti çərçivəsində Türkiyə, Türk dünyası, region və dünya siyasətini Azərbaycandan ayrıldıqdan sonra da təqib etdim və təqdirlə qarşılayıram. İlham Əliyev həqiqətən də dünyada sevilən və hörmət edilən liderdir. İlham Əliyev Azərbaycan xalqını inkişaf etmiş ölkələr arasına çıxarmağa çalışır, xalqını sivil xalqlar arasında görmək istəyir. Qərb ölkələrində olan gözəl şeyləri Azərbaycanda gətirir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu yoldakı işlərini və onun Cənab Prezidentə dəstəyini alqışlayıram.


Prezident İlham Əliyevin Azərbaycan və Türk dünyası üçün gördüyü işləri ümumilikdə necə xarakterizə edərdiniz?


- Əvvələ onu xüsusi vurğulayım ki, Azərbaycan işğal olunmuş ərazilərin azad olunması üçün yetərincə gücə malikdir. Prezident İlham Əliyev Qarabağ məsələsini sülh yolu ilə həll etməyə çalışır. Əminəm ki, lazım olduqda gücdən istifadə edəcəkdir.

Bu gün Azərbaycanda tikinti-quruculuq işləri davam edir, yeni yollar, körpülər salınır. Heydər Əliyev adına Hava Limanı regionda ən müasir hava limanıdır.

Azərbaycanın müstəqilliyinin 20-ci ildönümündə BMT Təhlükəsizlik Şurasına  üzv seçildi. Beləliklə, Sovet İttifaqından ayrılaraq müstəqillik qazanan bu ölkələr arasında Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına seçilən ilk ölkə oldu. Bu böyük müvəffəqiyyət bizə qürur verdi. 

Bundan başqa, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tiflis-Qars dəmir yolu, Bakı-Tiflis-Ceyhan, TANAP kimi işlər insanlığa xidmət etməklə yanaşı böyük  iqtisadi layihələrə çevrildi. Azərbaycanı dünya dövlətləri arasında daha hörmətli ölkəyə çevirən bu layihələrin bəzilərinin davamçısı, bəzilərinin də memarı İlham Əliyevdir. Bunları görməmək mümkün deyil.

Prezident İlham Əliyev Azərbaycan xalqını Türk xalqı və Türk dünyası ilə birləşdirdi və əlaqələrini gücləndirdi. İlham Əliyevin təkcə "Bir millətin iki diasporu olmaz" fikri iki qardaş ölkəyə bir mesaj oldu.   


Azərbaycanın Türkiyə və Türk dünyası ilə siyasi-iqtisadi, mədəni əlaqələri qənaətbəxşdirmi?


- Türkiyə və Azərbaycan gündən-günə siyasi, iqtisadi, hərbi də daxil olmaqla bütün sahələrdə inkişaf edən iki qardaş dövlətlərdir. İki ölkənin liderləri arasındakı yaxınlıq, iki ölkənin xalqları arasında birləşmə və bir millət olma duyğusunun güclənməsi bizi xoşbəxt edir. Afrində keçirilən “Zeytun budağı” əməliyyatında, Azərbaycan xalqının və Prezident İlham Əliyevin verdiyi dəstək diqqətimizdən yayınmadı.

Cənab Prezidentin 3 il əvvəl Çexiyanın paytaxtı Praqada təşkil edilən bir konfransda Ermənistan prezidentinin Türkiyə əleyhinə danışmasına cavab olaraq “Burada Türkiyə yoxdursa, mən varam" deməklə Ermənistan prezidentini susdurması yadımızdan çıxmayacaq. İlham Əliyev burada da güclü liderliyini göstərərək Türkiyənin maraqlarını qorudu.

Bu gün də iki qardaş ölkə Türk dünyasının birləşməsi və inteqrasiyası üçün işlərini davam etdirməlidir.

Bakıda olduğum zamanlarda Cənab Prezident vacib bir fikrini mənimlə paylaşmışdı. Prezident deyirdi ki, Azərbaycan, Türkmənistan və Qazaxıstan neft və qazla zəngin olan üç qardaş ölkədir. Özbəkistan kənd təsərrüfatı üçün geniş əraziyə malikdir. Türkiyənin geostrateji mövqeyi və güclü iqtisadiyyatı var. Qardaş respublikalar bu sərvətləri birləşdirsələr, Türk dünyası dünyanın ən böyük siyasi və iqtisadi qüvvəsi olacaqlar. Bu mühüm fikrin önümüzdəki illərdə baş verməsi gözlənilir. Özbəkistanın Türk Şurasına qatılmaq qərarı, Türkmənistanın da bunu təqib etməsi, Qazaxıstanın Latın əlifbasına keçmək qərarı bu ideyanın reallaşdıracağını ümidləndirir. Türk Şurası bir hərbi ittifaq deyil. Bu birlik heç bir ölkəyə qarşı qurulmayıb. Bu, qardaş ölkələrin yalnız iqtisadi və mədəni birliyidir.

Bu çərçivədə Türkiyə və Azərbaycan Türk dünyası üçün işə davam etməlidir. Prezidentlərimiz Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev bu istiqamətdə güclü iradə nümayiş etdirirlər.


Dağlıq-Qarabağ məsələsi ilə bağlı nə deyərdiniz? Sizcə, biz bu məsələdə niyə təklənirik?


- Əlbəttə, hər iki ölkə Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini davam etdirməli, Minsk Qrupu üzərində təzyiqlərini artırmalıdırlar. Bəli, təəssüflər olsun ki, dünya bu məsələni görməzdən gəlir. Ancaq ruhdan düşmək olmaz, əksinə, daha sərt şəkildə mübarizəyə davam etməliyik.


 Dörd ildən çox bir zamanda Azərbaycanda səfir olmusunuz. Bu o deməkdir ki, 4 il Azərbaycanda yaşayıb, bizim ölkəmizin adət-ənənələri ilə tanış olmusunuz. Necə dəyərləndirirsiniz o zamanları?


- Bəli, mən 2008-2012-ci illər arasında  - təxminən 4 il Türkiyənin Azərbaycandakı səfiri oldum. Mən özümü yalnız Türkiyənin deyil, həm də Azərbaycanın səfiri olaraq gördüm. Bu günə qədər özümü bir millətin səfiri kimi görürəm. Ona görə də, Azərbaycanda yaşamasam da, gözüm və ağlım hər zaman Azərbaycandadır. 


Fidan Afər

Ankara

2.04.2018 13:00 / Baxılıb: 778 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
26.05.2018
25.05.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo