Heydər Əliyev Mərkəzinin parkında Səməni beynəlxalq sərgi-müsabiqəsi keçirilib

AZADİNFORM. Martın 19-da Heydər Əliyev Mərkəzinin parkında Səməni beynəlxalq sərgi-müsabiqəsi keçirilib.

Azadinform xəbər verir ki, sərgidə müasir incəsənət nümunələri baharın rəmzi olan səməni və Novruz bayramına həsr olunmuş monumental əsərlər təqdim edilib.

Sərginin açılış mərasimində çıxış edən xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov burada yer alan əsərlərin rəssamların yüksək istedadından xəbər verdiyini söyləyib: Bu əsərlərə baxdıqca bizdə nə qədər yaradıcı gənclərin olduğu müşahidə edilir. Onların istedadına valeh olmamaq mümkün deyil. Bu gənclər Azərbaycan xalqının milli bayramlarına həsr edilən beynəlxalq sərgilər, yaxud başqa bir əlamətdar hadisə münasibətilə keçirilən sərgilər üçün çox gözəl əsərlər yarada bilirlər. Təqdim edilən sərgi mövzunu orijinal yaradıcılıq formasında rəmzləşdirməkdə rəssamların yüksək istedadını və bacarığını nümayiş etdirir.

Mərkəzin parkında Azərbaycan və digər ölkələrdən olan rəssam və heykəltəraşların 20-dək əsəri nümayiş edilir. Açılış mərasimində sərgidə təqdim olunan ən yaxşı 3 əsərin müəllifi mükafatlandırılıb: 1-ci yeri Sabit Zamanov, 2-ci yeri Nərmin Abdullayeva, 3-cü yeri isə Orxan Qarayev və yeni zelandiyalı Renate Verbrugge qazanıb.

Layihə milli adət-ənənələri, dəyərləri yaşatmaq və yeni nəslə çatdırmaq, eyni zamanda müasir incəsənətin inkişafına dəstək məqsədi daşıyır.

Qonaqlar modern, bayram ovqatına öz çalarını qatan Səməni əsərləri ilə tanışlıqla yanaşı, parkda təşkil olunan bayram şənliyində iştirak ediblər.

Xatırladaq ki, Heydər Əliyev Mərkəzi 2014 və 2015-ci illərdə də Novruz bayramına həsr olunmuş layihə həyata keçirərək Səməni beynəlxalq incəsənət müsabiqəsi və sərgisi təşkil etmişdi.

Beləliklə, bu bayram günlərində də şəhər sakinləri və qonaqlar Heydər Əliyev Mərkəzinin parkında Novruz atributlarını fərqli format və baxış bucağından görə biləcəklər.

Sərgiyə giriş sərbəstdir.

19.03.2018 22:32 / Baxılıb: 177 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
    13.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo