Prezident İlham Əliyev OPEC-in baş katibini qəbul edib

AZADİNFORM. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo ilə görüşüb.
Azadinform-un məlumatına görə, OPEC-in baş katibi Məhəmməd Barkindo Azərbaycan prezidenti ilə görüşündən məmnunluğunu ifadə edib.

Prezident İlham Əliyev Məhəmməd Barkindo ilə Davosda görüşünü məmnunluqla xatırlayaraq qeyd edib ki, OPEC-in baş katibinin dünyada ilk dəfə neftin hasil olunduğu Azərbaycana səfəri böyük önəm daşıyır. M. Barkindo da Azərbaycanın neft sənayesinin beşiyi olduğunu vurğulayıb, hər bir neftçinin gəlib öz gözləri ilə Bakını görməli olduğunu söyləyib.

Prezident İlham Əliyev Azərbaycan ilə OPEC arasında əməkdaşlığın uğurla inkişaf etdiyini və ölkəmizin hasilatla bağlı üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirdiyini bildirib.  Dövlət başçısı neftin qiymətinin sabit saxlanması istiqamətində Məhəmməd Barkindonun və OPEC-in səmərəli, həmçinin koordinə edilmiş səylərini yüksək qiymətləndirib, bunu həm də  birgə fəaliyyətin yaxşı nəticəsi kimi dəyərləndirib.
M. Barkindo OPEC və qeyri-OPEC üzvlərinin bir araya gəlməsində prezident İlham Əliyevin rolunu xüsusi qeyd edib, Azərbaycanın OPEC və qeyri-OPEC üzvlərinin əməkdaşlığı üzrə bəyanatın formalaşmasına gətirib çıxaran yüksək səviyyəli texniki komitəyə həmsədrliyini yüksək qiymətləndirib. Ölkəmizin üzərinə düşən bütün öhdəlikləri tam şəkildə yerinə yetirdiyini deyən OPEC baş katibi bunun Azərbaycanın bu razılaşmaya nə dərəcə sadiq qaldığının göstəricisi olduğunu bildirib. Qeyd edib ki, bu, təkcə neft hasil edən yox, hətta istehlakçı ölkələrin marağındadır: "Bu işin nəticələrini artıq neft sənayesində və dünya bazarlarında görmək mümkündür".

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Sonda xatirə şəkli çəkilib.
18.03.2018 10:44 / Baxılıb: 201 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo