Məcburi dövlət sosial sığorta sahəsində borclar silinib

AZADİNFORM. Prezident İlham Əliyev "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Qanununu imzalayıb. 

Azadinform-un məlumatına görə, qanun 2018-ci il aprelin 1-dən qüvvəyə minir.

Maddə 1. Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi

Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

Maddə 2. Məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi

Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir.

Maddə 3. Məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə 2015-ci ilin 1 yanvar tarixindən 2018-ci ilin 1 aprel tarixinədək yaranmış borcların tənzimlənməsi

3.0. Bu Qanunun 2-ci maddəsi nəzərə alınmaqla sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir:

3.0.1. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir;

3.0.2. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir;

3.0.3. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir.

Maddə 4. Yekun müddəa

Bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir.

Maddə 5. Qanunun qüvvəyə minməsi

Bu Qanun 2018-ci il aprelin 1-dən qüvvəyə minir.

16.03.2018 20:03 / Baxılıb: 165 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo