Azərbaycan və İordaniya arasında imzalanmış sənədlər iki ölkə arasında imkanlar açıb

Samir Soltanov/AZADİNFORM. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İordaniyanın xarici işlər naziri Ayman əs-Safadi arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib. 

Nazirlikdən Azadinform-a verilən məlumata görə, E.Məmmədyarov həmkarına ünvanladığı məktubunda ötən 25 il ərzində istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən səmərəli əməkdaşlığın münasibətlərin inkişafına təkan verdiyini bildirib. 

Məktubda BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olunub. Beynəlxalq təşkilatlar çərçivəsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyən, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən qətnamələrin qəbul edilməsində dost İordaniyanın dəstəyi təqdir edilib, bunun davam etdiriləcəyinə ümidvarlıq ifadə olunub. 

Habelə, Azərbaycan və İordaniya arasında imzalanmış sənədlərin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar açdığı, iki xalqın mənafeyinə uyğun Azərbaycan-İordaniya dostluğuna xidmət etdiyi vurğulanıb. 

E. Məmmədyarov mövcud ənənəvi dostluq münasibətlərinə söykənərək birgə səylərlə ikitərəfli əməkdaşlığın iki ölkənin çiçəklənməsi və iki xalqın rifahı naminə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib. 

Ayman əs-Safadi nazir E. Məmmədyarova ünvanladığı məktubunda iki dost ölkə arasında diplomatik münasibətlərin qurulmasından etibarən qarşılıqlı anlaşma, dəstək və əməkdaşlığa əsaslanan səmimi münasibətlərə malik olduğunu qeyd edib. Bu xüsusda o, Azərbaycan-İordaniya Birgə Komissiyasının Ammanda keçiriləcək görüşünün ikitərəfli münasibətləri yeni səviyyəyə qaldıracağına əminliyin ifadə edib.

16.03.2018 17:02 / Baxılıb: 192 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo