Rufiz Hafizoğlu: Bütün bunlar yeni nəslin intellektinə vurulan zərbədir

TREND İnformasiya Agentliyinin Yaxın Şərq və Ərəb ölkələri redaksiyasının müdiri Rufiz Hafizoğlunun AZADİNFORM-a müsahibəsini təqdim edirik.

 

- Rufiz Hafizoğlu kimdir? 


- Etiraf edim ki, sual o qədər də asan olmadı. Əslində Rufiz Hafizoğlu vətəndaş olmaq arzusu, diləyi ilə yaşayan sıravi bir adamdır. Uşaqlığım, məktəb illərim Qubada keçib. Ziyalı ailəsində doğulmuşam, valideynlərim Qubada yetərincə tanınan insanlardır. Məktəbi 1995-ci ildə bitirdikdən sonra, Tibb Universitetinə daxil olmaq istədim, təəssüf ki, bu arzuma qovuşa bilmədim. Haqsızlığa uğradığımı iddia etmək niyyətim yoxdur, sadəcə yetərincə hazırlaşmamışdım. Universitetə girmədim, amma bir yerdə durmaq da olmazdı. Həmin il işləmək məqsədi ilə Zaqatalaya üz tutdum. Bir müddət burda ərəb dilindən Azərbaycan dilinə tərcüməçi kimi işlədikdən sonra Bakıya qayıtdım və Odlar Yurdu Universitetinə daxil oldum. 


- Ərəb dilini haradan öyrənmişdiniz?


- Bu böyük bir sevgi əhvalatıdır. Universiteti yarımçıq qoyub, illər sonra başqa bir təhsil ocağına daxil oldum və orda da təhsilimi yarıda buraxaraq başqa bir təhsil ocağına daxil oldum. Bu dəfə əvvəlkilərdən fərqli olaraq, təhsilimi başa vurdum. Jurnalistikaya gəlmədən əvvəl gəlirli sahələrdə işləmişəm, əsasən humanitar təşkilatlarda fərqli vəzifələrdə (şöbə müdiri vəzifəsindən tutmuş baş katibə qədər) Lakin müstəqil həyata qədəm qoyarkən ilk başladığım sahə sinxron tərcümə sahəsi olub. Ərəbdən Azərbaycana və əksi. Çətinliklərin olmayıb demək doğru olmazdı, yetərincə olub amma məncə öhdəsindən gələ bilmişəm. Sinxron tərcümə zamanı heç vaxt bilmədiyim, başa düşmədiyim sözü tərcümə etməmişəm, tam mənasını anlayana qədər soruşmuşam, əsla və əsla bilmirəm deməyə utanmamışam, məncə düzgün olanı da budur. Tərcümə bir əmanətdir - bu prizmadan yanaşmışam işimə. Jurnalistikaya gəlməyim isə təsadüfi olmayıb. 2015-ci ilə qədər özümün müxtəlif media layihələrim, daha doğrusu saytlarım olub və orda çalışmışam. Amma təbii ki, bu peşəkar jurnalistika sayıla bilməz. Peşəkar jurnalistikaya 2007-ci ildə gəlmişəm. Elə o vaxtdan indiyə kimi Trend İnformasiya Agentliyində çalışıram. Sevdiyim sahədir, bunu bütün səmimiyyətimlə deyirəm. 


- Rufiz, siz Azərbaycanda özünü ciddi təqdim edə bilən jurnalistlərdənsiniz. Ciddi, təmkinli, başarılı. Sirri nədir? 


- Özümü nə qədər ciddi təqdim etdiyimi bilmirəm, amma zənnimcə uğura gedən yolda ilk məqam insanın “ÖZ” ü olmasıdır. Bu o demək deyil, kimsə ona örnək ola bilməz, insanın özü olmağı, fikrini, ağlını, düşüncəsini, xəyallarını başqalarına təslim etməməyi deməkdir. Mən həmişə özüməm, sevdiyim insanlara, rəğbət bəslədiyim insanlara sevdiyimi demişəm, gizlətməmişəm, sevmədiyim insanlara da sevmədiyimi bildirmişəm. Münasibətlərdə zərrə qədər riya və yalan varsa çalışmışam, o münasibət kəsilsin, çünki xoş olmayan bir şeylər və ya riyakarlıqla gündəmimi məşğul etmək istəməmişəm. Bu kimi şeylərə sərf edəcəyim vaxtı yaradıcılığa sərf etməyi üstün tutmuşam, nəticəsi çox yaxşı olub. Amma mən də hamı kimi bir insanam, ünsiyyət zamanı yanıldığım hallar da az olmayıb. Yaxşı sandıqlarımın heç də düşündüyüm kimi olmadığının şahidi olmuşam. Yanılmağıma kədərlənsəm də, daha sonra sevinmişəm. İnsan övladıyıq, unuduruq kədəri də sevinci də. Bilirsinizmi, insan sözünün ərəbcədə mənası “unutqan” deməkdir. 


- Mətbuatda “Trend” olmaq həm çox asandır, həm çox çətin. Siz necə müvəffəq oldunuz? 


- Azərbaycan mətbuatının vəziyyətini müzakirə etmək həddim deyil, “ancaq hər şey əladır” düşüncəsi ilə əsla qabağa gedə bilmərik. Səhvləri görməli, düzəltməliyik. Bunu yönləndirmək, istiqamətləndirmək mətbuatın əlindədir. Mətbuat sahəsində çalışanlar bu gün ölkə oxucusunun hansı xəbərlərə üstünlük verdiyini bilir. Amma gəlin unutmayaq ki, məhz biz o oxucu kütləsini bu kimi bayağı xəbərlərlə istiqamətləndirdik, onlara yön verdik. İndi isə “ciddi xəbərlər oxunmur” deyə dad edirik. Reytinq xətrinə yazılan yazılar, açılan manşet xəbərləri və sair bütün bunlar məncə yeni nəsillərin intellektinə vurulan zərbədir. Heç kim inciməsin, demirəm ki, neqativ xəbərlər olmasın, amma aylardır gündəmi işğal edən əsassız “zorlanma” xəbərləri və ya ailə münaqişəsi zəminində yaranan xəbərlərin reytinq xətrinə bir az da şişirdilərək yayımlanması bu kimi neqativ halların adiləşdirilməsidir. Məncə bu tənzimlənməlidir, həmkarlarım fərqli düşünə bilər, amma jurnalistika hər gördüyünü yazmaq deyil. Məhz bu baxımdan da həm bir insan olaraq həm də bir qurum olaraq “Trend” olmaq həm asandır, həm də çətindir. 


- “Divar qəzeti”nə boyunuz çatırmı? 


- Bu suala gülümsəmədən cavab yazmaq olmaz. Divar qəzeti, həyatımın ən xoş illəri olan məktəb illərimin şirin xatirəsidir. O vaxt qəzet doldurmaq, xəbər yazmaq indiki kimi asan deyildi. Məktəb vaxtı bu iş məndə alınmırdı, nə qədər istəsəm də yaxına buraxan yox idi. Ancaq divara asılanda baxmaq nəsib olurdu. İndi də I divar qəzetinə boyum çatmır.


- Bir az da ekspert tərəfinizə toxunaq. Azərbaycan və Türkiyənin dünyadakı yeri niyə bu qədər narahatedicidir? 


- Baxın bu gün Ərəb Liqası deyilən (bir işə yaramasa da) bir qurum var. Ayrıca iki dövlət arasında olan hərbi və iqtisadi sazişlər bir kimsəni narahat etmir, bir kimsə buna əhəmiyyət vermir. Amma o ki, iş gəldi Azərbaycan-Türkiyə münasibətlərinə iki ölkə arasında olan hərbi, iqtisadi sazişlərə bu bir çoxlarını, xüsusən də qonşularımızı narahat edir. Bu gün bölgədə müxtəlif üç tərəfli əməkdaşlıq mexanizmləri var, Türkiyə-Azərbaycan- Gürcüstan, Türkiyə-Azərbaycan-Türkmənistan, Türkiyə-Azərbaycan-İran, bununla yanaşı Türkiyə-Azərbaycan-Pakistan əməkdaşlıq mexanizması da gündəmdədir. Bütün üçlü əməkdaşlıq mexanizmlərinin əsas tərkib hissəsi iki qardaş dövlətdir: Türkiyə və Azərbaycan. Toplumları milli kimliklərinə görə, siniflərə bölmək kimi düşüncəyə sahib deyiləm, amma həm Azərbaycan həm də Osmanlının varisi olan müasir Türkiyə tarix yazan dövlətlərdir. Türklər hər zaman ədalətin yanında olub, bu inkar edilməz faktdır. Azərbaycan və Türkiyənin bir-birinə daha da yaxınlaşması mənə görə gec-tez bərpa olunacaq. Türk birliyinin ilkin əlamətləridir. Hər nə qədər inkar edilsə də, danılsa da bu torpaqlarda digər toplumlar, millətlərlə yanaşı, Türklər hər zaman olub və bundan sonra da olmağa davam edəcək. Bəzilərinə görə düşüncələrim bir az pafoslu ola bilər. Bu gün Azərbaycan və Türkiyə münasibətlərindən ən çox ehtiyat edən üç ölkə var, təbii, birincisi işğalçı Ermənistan rejimi, digəri türklük düşüncəsini din adı altında cilovlayan İran və heç şübhəsiz Rusiya. Yenə də deyirəm Türk dünyası xüsusən də Türkiyə güclənməklə yanaşı, əsla və əsla özünə qapanmamalıdır. Rusiyada say etibari ilə etnik türklər ruslardan sonra ikinci yerdədir. Bu xalqların gələcəyinə göz yummaq olmaz, ən azı Rusiyadakı türk toplumlarla mədəni əlaqələrin bərpası labüddür. 


- Qardaş media. Biz orda yetərincə var ola bilirikmi? 


- Təəssüf edirəm ki, yox. Amma buna baxmayaraq Türkiyə Azərbaycan mediasında yetərincə və daha geniş şəkildə əks olunur. Bu məni hardasa qıcıqlandırır. Təsəvvür edin, Azərbaycanda hər hansı bir ciddi hadisə baş verir, qardaş Türkiyənin bəzi media qurumlarının gündəmində isə Kim Kardaşianın “həyat və yaradıcılığı” ön plandadır. İnanın, həm bir jurnalist,  həm də Türkiyə və Azərbaycan mətbuatını daha çox izləyən biri kimi bu, məni hövsələdən çıxarır. Bəzən Türkiyə mediasında da Azərbaycan əleyhinə neqativ və heç bir əsası olmayan məqalələr görmək olar. Bunu bəzi üzdəniraq Azərbaycan medialarında da görmək mümkündür. Hesab edirəm, bu kimi “xəbər” və ya “məqalələr” planlı şəkildə gündəmə gətirilir. Amma həm orda həm də burda sağlam və iki ölkənin toplumlarının maraqlarına xidmət edən media qurumları var.  “Media tərəfsiz olmalıdır” düşüncəsi o demək deyil ki, “Media Vətənsiz” olmalıdır. 


- Qubalı Rufizlə ekspert (həm də jurnalist) Rufiz tez-tezmi çatışır?


- Mən Azərbaycanı nə bölgələrə, nə də millətlərə bölmək düşüncəsində deyiləm. Amma Quba mənim üçün doğulub boya-başa çatdığım, bəziləri üçünsə gəlir mənbəyi və istirahət güşəsidir. Azərbaycan regionda multikulturalizmin beşiyidirsə Quba mənim üçün Azərbaycanlıların, ləzgilərin, tatların, yəhudilərin və bu günə qədər adlarını eşitmədiyim onlarla etnik azlıqların yaşadığı bir bölgədir. Hətta deyərdim, multikulturalizmin paytaxtıdır. Dediklərim o demək deyil ki, Azərbaycanın digər bölgələri mədəni və etnik zənginliklərə sahib deyil, əsla. Sadəcə olaraq hər bölgəni fərqli edən bir məqam var. Fərqlilik isə özü zənginlikdir. Qubalı olmaq nə mənə, nə də digərlərinə bir özəllik vermir. Verə də bilməz. Amma bir qubalı olaraq Quba haqqında maraqlı tarixi faktların, rayonun mədəni irsinin digərlərinə çatdırılması bir borcdur. Qubadakı neqativ halları üzə çıxaranlardan biri də mənəm. Hətta sosial şəbəkədə rayonda yaşanan hər hansı bir neqativ hal haqda yazarkən rayon icra hakimiyyətində iclas keçiriblər. Məncə problemlərə göz yummaqla onları həll etmək olmaz. Qubalı Rufiz və qubalı jurnalist olaraq demək olar ki, fikirlərim, həyat prinsipim üst-üstə düşür. 


- Təbiətlə aranız necədir? 


- Aşıq gördüyünü çağırar, deyiblər, təbiətin dəlisiyəm, aşiqiyəm, sevirəm dağı-dərəni. Dənizə gəlincə sadəcə dalğalı dəniz ağlımı başdan alır. Adətkarıyam, hər il məzuniyyət zamanı ən yaxın bildiyim, illərin sınağından keçmiş dostlarımla dağa gedirik. Nə deyim, vallah dağ-dərə, sıldırım qayalar sevmir lovğalığı. Dağ, qaya, sıldırım nəfəsin tükəndiyi, insanın öz acizliyi ilə baş-başa qaldığı yerdir. Dağlara gedərkən, peşəkar fotoqraf olmasam da özümlə fotoaparat aparıram, gördüyüm gözəllikləri paylaşıram. Bir çoxları bu şəkillərin Azərbaycanda çəkildiyinə inanmır, anlayışla qarşılamaq məcburiyyətində qalıram. Məncə bu gün başlıca problemlərimizdən biri də Azərbaycanda olan tarixi yerlərin, təbii gözəlliklərin yetərincə reklam olunmamağıdır. Qubanın sıldırımlı qayaları arasında qədim yeraltı türbələrin olduğu haqda məlumatınız varmı? Məncə yox, çünki aidiyyatı qurumlar bu kimi yerlərin nə fotoşəkillərini yayımlayırlar, nə də bu haqda bilgiyə sahibdirlər. Bu acınacaqlı haldır. Azərbaycanın hər yeri hər qarışı tarix qoxur. Dağlarla yanaşı, bəzən ucqar dağ kəndlərinə də gedirəm. Vaxt olub, bir gün ərzində dağ yolu ilə 14 kilometlik məsafəni piyada qət etmişəm. Hədəf isə təkdir, hər bir kəndi, hər bir tarixi abidəni tanıtmaq. 


- Mənə fəaliyyətinizdən elə bir maraqlı əhvalat deyin ki, gəncləri həvəsləndirmək üçün vəsilə olsun.


- Jurnalistika başqdan ayağa həyəcan və ekstimdir. 2007-ci ildən bu günə kimi o qədər maraqlı əhvalatlar baş verib ki. Hamısını yadda saxlamaq olmur. Xüsusən də mənim sahəmdə. Ərəb ölkələri, Yaxın Şərqdə demək olar ki, hər gün nə isə baş verir, hadisələr bir-birini təqib edir. Ən yadda qalan hadisələrdən biri, Türkiyədə baş verən hərbi çevriliş cəhdinin məzuniyyətimin ilk gününə təsadüf etməsi idi. Ailəmlə Qubada idim, isti yay günü, sərin Quba axşamı. Təzəcə gəlib çatmışdıq. İşdən zəng gəldi, Türkiyədə hərbi çevriliş baş verir. Məcbur olub elə həmən anda bir əldə hadisələri təqib etmək üçün planşet, digərində sükan geri qayıtdım. Jurnalistikaya gəlmək istəyənlərə nəsihət vermək həddim deyil, amma bu sahəyə hobbi, vaxt keçirmək üçün gəlməsinlər. Bu gün bu kimi “jurnalistlərin” ucbatından Azərbaycan jurnalistikasına olmazın böhtanlar atılır. Hər kəs bacardığı işdən yapışsa bir çox problemlərimiz öz həllini asanlıqla tapar. 


Söhbətləşdi: 

Nigar İsfəndiyar

15.03.2018 10:47 / Baxılıb: 457 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo