Azərbaycan və Qazaxıstan sərhədyanı əməkdaşlıq məsələlərini müzakirə edib

Eşqin Nuruşov/AZADİNFORM. Qazaxıstanın Baş nəqliyyat prokuroru Marat Alixanovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Quba rayonunda olub.

Baş Prokurorluğun mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, qonaqlar rayonda Heydər Əliyev Mərkəzinin, rayon məhkəməsinin,  Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba “ASAN həyat” Kompleksinin fəaliyyəti ilə yaxından tanış olublar.

Daha sonra Quba şəhərində hər iki prokurorluq orqanlarının nümayəndələrinin sərhədyanı əməkdaşlıq məsələlərinə dair işçi görüşü keçirilib. Görüşdə Azərbaycan tərəfini Baş Prokurorluğun müvafiq struktur qurumlarının rəhbərləri və sərhədyanı rayonların prokurorları, həmçinin Dövlət Sərhəd Xidmətinin əməkdaşları təmsil ediblər.

Tədbirdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılıb, transmilli cinayətkarlıqla mübarizə, iqtisadi qaçaqmalçılıq, narkotiklərin qanunsuz dövriyyəsi, nərə cinsli balıqların qanunsuz ovlanması, qanunsuz sərhədkeçmə, Xəzər dənizinin ekologiyasının qorunması və yaxşılaşdırılması, ekstradisiya və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımın göstərilməsi məsələləri müzakirə edilərək, iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.

Görüşdə cari məsələlər və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunaraq konkret təkliflər irəli sürülüb.

14.03.2018 16:30 / Baxılıb: 242 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
14.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo