Əli Həsənovun çağırışı dəstəklənir - RƏYLƏR

“Mətbuat milli dəyərlərimizi, rəmzlərimizi müdafiə etməlidir”

 

Ötən şənbə Azərbaycan jurnalistlərinin VII Qurultayı keçirilib. Qurultayda Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edərək ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu demokratik media ənənələrinin Azərbaycanda uğurla inkişaf etdiyini vurğulayıb. O, bu sahədə görülən işlərdən geniş söhbət açıb. Daha sonra prezidentin köməkçisi ölkədən qaçan bəzi şəxslərin bu gün Azərbaycanın rəmzlərini təhqir etməsinə diqqət çəkib. Bildirib ki, həmin şəxslərə olduqları xarici ölkələrin pasportları verilərək, Azərbaycana qarşı təlimatlandırılırlar. Administrasiya rəsmisinin sözlərinə görə, xarici ölkələrin müvafiq orqanları qarşısında öhdəlikləri olanlar Azərbaycan dövlətinə qarşı kampaniya aparırlar. Azərbaycanı təhqir edən insanlardan valideynlərinin də imtina etdiyini söyləyən Ə.Həsənov deyib ki, həmin adamlar "Facebook”un imkanlarından istifadə edərək, Azərbaycana qarşı irinli çirkab yağdırırlar. Prezidentin köməkçisi jurnalistlərin belə məsələlərə xüsusi diqqət yetirmələrinin vacibliyini vurğulayıb. Deyib ki, mətbuat milli dəyərlərimizi, milli rəmzlərimizi müdafiə etməlidir.

 

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri, Əməkdar jurnalist Azər Həsrət mövzu ilə bağlı "Kaspi”yə açıqlamasında bildirib ki, hazırda Azərbaycana qarşı kin püskürən ünsürlərin dərdi, əslində demokratiya, insan haqları davası deyil: "Onların heç birini biz – hərəkatda iştirak etmiş şəxslər meydanlarda görməmişik. Bu adamların dərdi heç də Azərbaycanın dərdləri ilə üst-üstə düşmür. Bunlar ölkədən ona görə qaçıblar ki, xaricdə daha rahat və asan yaşayış əldə edə bilsinlər. Amma ora çatanda qarşılarında şərt qoyulub, müxtəlif şübhəli mərkəzlər tərəfindən işbirliyinə cəlb ediliblər və bu gün ancaq ölkəmizə qarşı çıxış edir, milli atributlarımızı, mənəvi dəyərlərimizi təhqir edirlər. Siz heç gördünüzmü ki, onlar Xocalı, 20 Yanvar, 31 Mart kimi ümummilli xatirə günlərimizdə Avropada küçələrə çıxıb ədalət tələb etsinlər? Mən görmədim. Əminəm ki, bunu heç kim görməyib. Bu isə bir daha sübut edir ki, onların qayğısı milli dava dərdi deyil. Bu adamlar sadəcə cəmiyyətin atıntılarıdır və ayaqda qalmaq üçün ən aşağı səviyyəli istifadəyə belə özlərini təqdim edirlər. Xaricdə yaşayan milyonlarla həmvətənimiz var ki, onlar olduqları ölkələrdə bizi layiqincə təmsil edir, Azərbaycan dövlətinin və rəmzlərinin hörmətini daha da yüksəldirlər. Xalq arasında "ayaqyolu böcəkləri” adını almış o üç-beş nəfər isə hər keçən gün özlərini daha da biabır etməklə məşğuldurlar”.

 

"Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev də hesab edir ki, kim tərəfdən, nə məqsədlə olur-olsun, siyasi mübarizədə qara piara, təhqirə yol verilməməlidir. Onun sözlərinə görə, bu, bizim dövlətimizin qanunlarına da, cəmiyyətimizin əxlaqına da ziddir, qəbul olunmazdır: "O cümlədən, dövlətimizin rəmzlərinə qarşı da aşağılayıcı münasibət göstərilməsi yolverilməzdir. Bu anlamda təbii ki, hörmətli Əli Həsənovun fikirlərinə qatılıram. Əlbəttə ki, jurnalistlər də toplumun ən fəal, vətənpərvər kəsimi olaraq belə məsələlərə seyrçi qala bilməz, qalmır da. Prezidentin köməkçisinin çıxışında maraqlı mesajlar vardı. Bunlar nəzərə alınmalı mesajlardır. Doğrudur, Əli müəllimin mühacirətə gedənlər barədə dediyi, təbii ki, bütün mühacirlərə aid deyil. O, özü də hamını nəzərdə tutmurdu. Mən də düşünmürəm ki, ölkədən xaricə gedənlər haqqında kütləvi agent, xarici kəşfiyyata işləyən rəyi yaradılır və ya bu, belədir. Mühacirətə gedən bəzi soydaşlarımız bu addımı müxtəlif motivlərlə atır. Azərbaycanda yaşayanlar arasında da xarici dairələrlə bağlı olanlar var. Mən hansı motivlə olur-olsun, xarici siyasi və ya hələ-hələ kəşfiyyat dairələri ilə əməkdaşlıq edərək Azərbaycana qarşı kampaniya aparılmasının hər zaman əleyhinə olmuşam. Hakimiyyətlə siyasi mübarizə aparmaq başqa şeydir, buna təbii baxıram. Ancaq qarayaxma kampaniyası kimin əleyhinə və nə məqsədlə aparılır aparılsın, bunu qəbul etmirəm. İstənilən mübarizənin etik qaydalar, qanun və əxlaq çərçivəsində olmasının tərəfdarıyam”.

 

"Trend” İnformasiya Agentliyinin baş direktor müavini Arzu Nağıyevdə bildirib ki, son vaxtlar sosial şəbəkələrdə xaricdən Azərbaycan dövlətinə, burada baş verən proseslərə, həmçinin media mənsublarına qarşı kampaniya həyata keçirilməkdədir. Onun sözlərinə görə, bu işləri görənlər əsasən "feyk”, yəni saxta profillərdən istifadə edir, kimliyini gizli saxlayır, heç bir həqiqəti əks etdirməyən, daha çox ajiotaj yaratmağa meylli məlumatlar yayırlar: "Hesab edirəm ki, tənqidlə təhqirin arasında sədd olmalıdır. Bu gün hətta Azərbaycan torpağında gəzməyə hüququ olmayan şəxslər var ki, kənardan ölkəmizi müzakirə edir, ünvanımıza şər-böhtan yağdırır, hətta təhqirlərə yol verirlər. Hər hansı məsələyə münasibət bildirmək hər kəsin hüququdur. Lakin bu zaman təhqirlərə yol vermək, şantaja, şər-böhtana əl atmaq yolverilməzdir. Müzakirə aparmağa qabiliyyəti çatmayan, bütün hallarda etik çərçivələri aşan birisinin Azərbaycan barədə müzakirə açması, ölkəmizdə baş verən proseslərə qərəzli münasibət bildirməsi ümumiyyətlə qəbul edilən deyil. Belə adamların buna mənəvi haqqı çatmır. Dəfələrlə müşahidə etmişik ki, Azərbaycanda beynəlxalq səviyyəli hansısa tədbir keçiriləndə, paytaxt Bakı forumlara ev sahibliyi edəndə, yaxud parlament, bələdiyyə və prezident seçkiləri öncəsi ölkəmizə qarşı xaricdən kampaniyalar təşkil edilir. İndi də sosial şəbəkə üzərindən belə bir kampaniya təşkil edilir, Azərbaycan hədəfə alınır. Xaricdən Azərbaycana qarşı bunu edən bəzi azərbaycanlılar hansısa dairələrin sifarişini yerinə yetirir, maddi maraq müqabilində özləri-özlərini robota çevirirlər. Yaxud sığındıqları xarici ölkələrdə oturum izni almaq üçün belə çirkin yollara əl atırlar. Əlbəttə ki, bütün bunlar Azərbaycan cəmiyyətində ikrahla qarşılanır, həmin şəxslərin hərəkətləri haqlı qınaq obyektinə çevrilir. Heç bir insan dünyaya gəlməzdən öncə özünə valideyn və ya Vətən seçmək hüququna, imkanına sahib deyil. Düşünürəm ki, xarici dairələrin əlində alətə çevrilən bəzi şəxslər Vətən və valideyn amilini düşünsəydilər, bu yollara əl atmazdılar”.

 

Ölkəmizdə hüquq müdafiəçiliyi edən tanınmış şəxslər də Avropadakı "siyasi mühacirlərin” çirkablı davranışlarına qarşı sərt münasibətlərini bildirməkdədirlər. Hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib ki, ümumiyyətlə, milli azadlıq hərəkatında iştirak etməyənlərin indi xarici ölkələrdə özlərini "mübariz siyasətçi” kimi təqdim etməsi yolverilməzdir: "Həmçinin, təhqirlərlə çıxış edib, bunu "siyasi mübarizə”, "müxalifətçilik” kimi qələmə verənlər ciddi şəkildə yanılırlar. "Əvvəla, onu deyim, hər kəs başa düşür ki, təhqirlə nəyəsə nail olmaq mümkün deyil. Tənqid etmək olar, amma təhqir heç kimə yaraşmır. Siyasətdə mübarizə daha doğru-dürüst getməlidir. İkincisi, siyasətlə məşğul olan, siyasi mübarizə aparan şəxs rəqibinin xanımını, ailə üzvlərini necə təhqir edə bilər? Bu, insanlığa zidd davranışdır. Hansısa şəxslə siyasi mübarizə aparırsan, apar, amma ailəni, xüsusilə qadınları təhqir edirsənsə, artıq, bu, siyasət deyil, tərbiyəsizlikdir. Açığı, bunlar təhqiri ya pul qarşılığında, ya da başqa məqsədlər naminə edirlər”.

Hüquq müdafiəçisinə görə, təhqir edənlər əsas adamlar deyil, onlar sadəcə icraçıdırlar. 


Rufik İSMAYILOV 

13.03.2018 16:55 / Baxılıb: 344 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.09.2018
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo