Prezident İlham Əliyev Monteneqro parlamentinin sədrini qəbul edib

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycan Prezidenti İlham Əliyev bu gün Monteneqro parlamentinin sədri İvan Brayoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azadinform xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə Monteneqro arasında yüksək səviyyədə əməkdaşlığın mövcud olduğunu qeyd edərək mütəmadi qarşılıqlı səfərlərin əlaqələrin möhkəmlənməsi işinə töhfə verdiyini deyib. Prezident İlham Əliyev, eyni zamanda, bildirib ki, Azərbaycan ilə Monteneqro müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq həyata keçirir, parlamentlərarası əlaqələr də ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır.

İqtisadi sahədə əməkdaşlığa toxunan dövlətimizin başçısı ticarət, investisiya sahələrində yaxşı imkanların olduğunu deyib. Prezident İlham Əliyev özünün Monteneqroya və Monteneqro Prezidentinin və Baş nazirinin Azərbaycana səfərlərinin əlaqələrimizin möhkəmlənməsində rolunu vurğulayıb. Monteneqro parlamentinin sədri İvan Brayoviçin ölkəmizə səfərinin məhsuldar olacağına əminliyini bildirən dövlətimizin başçısı bu səfərin əlaqələrimizin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.

Monteneqro parlamentinin sədri İvan Brayoviç Monteneqro Prezidentinin və Baş nazirinin salamlarını dövlətimizin başçısına çatdırıb. O, Monteneqro ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin çox yüksək səviyyəsini vurğulayaraq, ölkəsinin Azərbaycan ilə əməkdaşlığın daha da möhkəmlənməsində maraqlı olduğunu deyib. Qonaq bildirdi ki, Monteneqro Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn çərçivəsində həllinin tərəfdarıdır. İvan Brayoviç Azərbaycana səfəri çərçivəsində ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun təşkilatçılığı ilə Bakıda keçirilən “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlamentlərin rolu” mövzusunda beynəlxalq konfransda iştirakından məmnunluğunu ifadə edib.

Dövlətimizin başçısı Monteneqro Prezidentinin və Baş nazirinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Monteneqronun Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.

13.03.2018 10:35 / Baxılıb: 398 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.06.2018
    17.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo