ABŞ medal sıralamasında liderliyini davam etdirir

Martın 11-də - “Pxençan-2018” Qış Paralimpiya Oyunlarının üçüncü günündə 8 dəst medalın sahibləri müəyyənləşib.

Azadinform xəbər verir ki, paralimpiyaçılar dağ xizəkçiliyi və sərbəst xizəkçilik yarışlarında medallar uğrunda yarışıblar.

Görmə qabiliyyəti zəif olan qadınlar arasında dağ xizəkçiliyinin “Super-G” yarışlarında Slovakiya idmançısı Henrieta Farkasova 1 dəqiqə 30 saniyə nəticə ilə “Pxençan-2018”in ikiqat Paralimpiya çempionu olub. Böyük Britaniya təmsilçiləri Milli Nayt və Menna Fitzpatrik ilk üçlüyü tamamlayıblar.

Qadınlar arasında ayaq üstə “Super-G” yarışlarında fransalı Marie Boçet 1 dəqiqə 32 saniyə nəticə ilə Paralimpiadada ikinci qızıl medalını qazanıb. Almaniya xizəkçisi Andrea Rothfuss gümüş, kanadalı Alana Ramsay isə bürünc medal əldə ediblər.

Oturaq vəziyyətdə qadınların “Super-G” yarışlarında Almaniya xizəkçisi Anna Şaffelhuber 1 dəqiqə 34 saniyə nəticə ilə bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Avstriya təmsilçisi Klaudiya Loeşi ikinci, yaponiyalı Momoka Muraoka üçüncü pillədə qərarlaşıblar.

Görmə qabiliyyəti zəif olan kişilərin “Super-G” yarışlarında Slovakiya xizəkçisi Yakub Krako 1 dəqiqə 26 saniyəlik nəticə ilə “Pxençan-2018”in qalibi olub. İtaliya təmsilçisi Giakomo Bertanyolli və slovakiyalı Miroslav Haraus ilk üçlüyü qapayıblar.

Kişilərin ayaq üstə “Super-G” yarışlarında isveçrəli Teo Qmur 1 dəqiqə 24 saniyə göstərici ilə ikiqat Paralimpiya çempionu adına sahib çıxıb. Fransalı Artur Bauçet yarışı ikinci, Avstriya xizəkçisi Markus Salçer üçüncü pillədə başa vurublar.

Oturaq vəziyyətdə kişilərin “Super-G” yarışlarında kanadalı xizəkçi Kurt Oatvey 1 dəqiqə 25 saniyə ilə birinci olub. ABŞ idmançısı Andrey Kurka və Fransa təmsilçisi Frederik Françoisk ilk üçlükdə qərarlaşıblar.

Sərbəst xizəkçilik yarışlarında qadınların 12 kilometr məsafəyə oturaq vəziyyətdə mübarizəsində 38 dəqiqə 15 saniyə nəticə ilə ABŞ idmançısı Kendall Qretş qızıl medala sahib olub. Almaniyalı Andrea Eskaud ikinci, daha bir ABŞ təmsilçisi Oksana Masters isə üçüncü pillədə qərarlaşıblar.

Kişilər arasında 15 kilometr məsafəyə oturaq vəziyyətdə mübarizədə Ukrayna paralimpiyaçısı Maksim Yarovyi 41 dəqiqə 37 saniyə nəticə ilə “Pxençan-2018”in qızıl medalını əldə edib. ABŞ xizəkçisi Daniel Cnossen gümüş, Koreya Respublikasından olan atlet Eui Hyun Sin bürünc medallara sahib olublar.

“Ağ Paralimpiada”nın üçüncü gününün yekunlarına görə, ABŞ millisi “Pxençan-2018” Qış Paralimpiya Oyunlarının medal sıralamasında liderliyini davam etdirir. Bu ölkənin hesabında 4 qızıl, 3 gümüş və 2 bürünc medal var. Ümumilikdə 16 ölkədən idmançılar medalçılar arasında yer alıblar.

Fransa (3-2-1) ikinci, Slovakiya (3-1-1) üçüncü, Almaniya (2-3-0) dördüncü, Kanada (2-1-3) isə beşinci pillədə qərarlaşıb.

11.03.2018 17:38 / Baxılıb: 266 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo