Əli Həsənov: Onların haqsız olduğunu cəmiyyətə siz jurnalistlər çatdırmalısınız

AZADİNFORM. “Nə qədər ki, cəmiyyət var, insanlıq var, həyat var, həmişə opponentlər də olacaq, sadəcə olaraq, onlara opponent kimi baxın, çalışın onların sizə hansı formada öz fikirlərini, nifrətlərini ifadə etməsindən asılı olmayaraq, siz öz xarakterinizdən çıxış edərək Azərbaycan xalqına, jurnalistinə uyğun bir formada cavab verin və öz haqqınızı qoruyun. Kənar təsirlərə məruz qalmayın, istər bu dövlət olsun, istər ayrı-ayrı sizə oponentlik etmək istəyən həmkarlarınız olsun və yaxud da, xaricdəki, daxildəki anti-Azərbaycan dairələr olsun”.

Azadinform-un xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Mətbuat Şurasının VII qurultayında deyib.

PA rəsmisi vurğulayıb ki, Azərbaycanda jurnalistika ilə hakimiyyət arasında tərəfdaşlıq mühiti yaranıb: “Bunun nəyi pisdir? Əgər Azərbaycan dövləti vergi ödəyicilərinin və Azərbaycanın milli sərvətlərinin verdiyi imkanlardan onun yaradıcı insanlarının, akademikinin, sənət adamlarının, Azərbaycan cəmiyyətində yaxşı nümunələr formalaşdıran jurnalistikanın və digər kateqoriyadan olan insanların maliyyələşməsi, maddi-mənəvi tələbatının ödənilməsi üçün istifadə edirsə, bunu nəyi pisdir. Buna qarşı opponentlik etmək istəyənlərə qarşı siz öz münasibətinizi sərgiləyə bilərsiniz. Nəyə görə öz dövlətindən, milli sərvətindən aldığın pay qəbahət sayılmalıdır, amma sizi yönəltmək üçün və anti-azərbaycan fəaliyyəti-sizi dövlətinizə, millətinizə qarşı qoymaq cəhdləri üçün xarici qrantlardan maliyyələşmək və yaxud da bəhrələnmək normal bir hal hesab olunsun? Baxın, bu gün sizi ittiham edənlər özləri hansı mənbədən maliyyələşirlər. Mən elə buradan müxalifət partiyalarına üzümü tuturam. O müxalifət partiyaları ki, bu gün Azərbaycanın qanunları çərçivəsində parlamentə seçiliblər, dövlət büdcəsindən öz qanuni maliyyələşmə haqlarını alıblar, bunun nəyi pisdir? Amma o partiyalar ki, mənbəyi bu gün heç kimə bəlli deyil və sizin gözünüz qarşısında da hamıdan yaxşı yaşayırlar, hamıdan yaxşı təmin olunublar, övladları, özləri dövlətin daxilində və xaricində kifayət qədər yüksək təminatlı həyat sürürlər, onların sizi tənqid etməyə, ittiham etməyə haqları yoxdur. Onların haqsız olduğunu cəmiyyətə siz jurnalistlər çatdırmalısınız”.

10.03.2018 14:11 / Baxılıb: 256 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.06.2018
    17.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo