Prezident İlham Əliyev jurnalistlərin qurultayına təbrik məktubu ünvanlayıb - YENİLƏNİB

Eşqin Nuruşov/AZADİNFORM. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan jurnalistlərinin VII qurultayının iştirakçılarına təbrik məktubu ünvanlayıb.

Azadinform xəbər verir ki, qurultayda təbrik məktubunu Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov səsləndirib.

Prezidentin Azərbaycan jurnalistlərinin VII qurultayının iştirakçılarına ünvanladığı təbrik məktubunda deyilir: “Ötən əsrin 90-cı illərində dövlət müstəqilliyi əldə edildikdən sonra ölkəmizdə azad, demokratik mətbuatın təşəkkülü üçün geniş imkanlar açılıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin səyləri nəticəsində söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılıb, kütləvi informasiya vasitələrinin fəaliyyətini nizamlayan mükəmməl qanunvericilik bazası formalaşdırılıb, redaksiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, mətbuat - hakimiyyət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyulub.

Azərbaycanda demokratikləşmə prosesinin təzahürü olaraq 2003-cü ildə jurnalistlərin I qurultayında mətbuatın özünü tənzimlənmə funksiyasını yerinə yetirən Mətbuat Şurasının yaradılması media ilə dövlət və cəmiyyət arasında münasibətlərdə keçid dövrünün başa çatması və yeni keyfiyyət mərhələsinin başlanması kimi qiymətləndirilə bilər. Ötən 15 ildə Mətbuat Şurası ölkədə söz və məlumat azadlığının inkişafı, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsi və müstəqilliyinin gücləndirilməsi ilə bağlı səmərəli təklifləri ilə çıxış edib. Mətbuat Şurası dövlət orqanları və vətəndaşlarla mətbuat arasında münasibətlərin tənzimlənməsi, jurnalistlərin hüquqlarının müdafiəsi, peşəkarlığının artırılması, mediada neqativ halların aradan qaldırılması sahəsində ciddi səylər göstərib. Bu gün ardıcıl və məqsədyönlü fəaliyyəti ilə seçilən Mətbuat Şurası Azərbaycanın aparıcı ictimai təşkilatları sırasında özünə layiqli yer tutub və cəmiyyətdə böyük nüfuz qazanıb. Jurnalistlərin mütləq əksəriyyətinin Mətbuat Şurasının fəaliyyətini yüksək qiymətləndirilməsi bunun əyani sübutudur. Hazırda güclü iqtisadi və maliyyə potensialına malik Azərbaycanda hər bir sahənin, o cümlədən də kütləvi informasiya vasitələrinin inkişafına hərtərəfli dövlət dəstəyi həyata keçirilir. Təsadüfi deyil ki, dünya miqyasında milli informasiya resurslarımızın çəkisi getdikcə artır, rəqabət qabiliyyəti yüksəlir. Düşünürəm qlobal şəbəkənin genişləndiyi və transmilli medianın ayrı-ayrı ölkələrin daxili həyatına, beynəlxalq nüfuzuna ciddi təsir göstərdiyi müasir dövrdə Azərbaycan kütləvi informasiya vasitələri daha fəal və prinsipial olmalı, yüksək peşəkarlıq nümayiş etdirərək milli maraqlarımızı hər şeydən uca tutmalı, cəmiyyətimizin tərəqqisi naminə öz qüvvə və bacarıqlarını əsirgəməməlidir. İnanıram ki, VII qurultay Azərbaycan mətbuatının hazırkı vəziyyəti və perspektivi ilə bağlı səmərəli müzakirələrin keçirildiyi mühüm platformaya çevriləcək və milli jurnalistikamızın gələcək inkişafına dair əhəmiyyətli qərarlar qəbul edəcək. Bu yolda hər birinizə, bütün Azərbaycan jurnalistlərinə möhkəm can sağlığı və qurultayın işinə uğurlar arzulayıram”.


10:10


Eşqin Nuruşov/AZADİNFORM. Bu gün Azərbaycan jurnalistlərinin VII qurultayı keçirilir.

Azadinform xəbər verir ki, qurultay nümayəndələri qeydiyyatdan keçdikdən sonra Ali Məclis başlayıb. 

Qurultayda Azərbaycan Mətbuat Şurası (MŞ) sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək. 

Qurultayda Mətbuat Şurasının İdarə Heyətinin tərkibinin genişləndirilməsi məsələsi də müzakirə olunacaq. Təşkilat Komitəsinin qurultaya təklifində İdarə Heyətinin üzvlərinin sayının 17-dən 23-ə çatdırılması yer alır. Məsələ ilə əlaqədar qurultay iştirakçıları Şuranın Nizamnaməsində dəyişiklik aparılmasına münasibətlərini bildirəcəklər.

MŞ İdarə Heyətinə seçilmək üçün üzv təşkilatlar tərəfindən ən çox namizədliyi irəli sürülmüş 24 jurnalistdən, 18 ictimaiyyət nümayəndəsindən və 9 internet informasiya resursu təmsilçisindən ibarət 51 nəfərin adının yer aldığı vahid seçki bülleteni tərtib edilib.

Qurultay iştirakçıları Nizamnamə dəyişikliyini qəbul etsələr, Şuranın 11 jurnalistdən, 7 ictimaiyyət nümayəndəsindən və 5 internet informasiya resursu təmsilçisindən ibarət İdarə Heyəti formalaşacaq. Bundan başqa, İdarə Heyətinin 2 jurnalistdən, 2 ictimaiyyət nümayəndəsindən və 2 internet informasiya resursu təmsilçisindən ibarət ehtiyat üzvləri də seçiləcək. Nizamnamə dəyişikliyi qəbul olunmasa, İdarə Heyəti əvvəlki qaydada formalaşacaq.

Qeyd edək ki, qurultayda Mətbuat Şurasına üzv 166 təşkilatdan 241 nümayəndə iştirak edəcək. Şuranın İdarə Heyətinin tərkibi Təşkilat Komitəsi kimi fəaliyyət göstərdiyindən qurumun üzvləri də qurultay nümayəndəsi qismində təmsil olunacaqlar.

10.03.2018 10:45 / Baxılıb: 433 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
13.12.2018
12.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo