Azərbaycan beynəlxalq festivalda təmsil olunub

AZADİNFORM. Dünyanın aparıcı ali təhsil ocaqları arasında nüfuzlu yer tutan Paris-Sorbon Abu Dabi Universitetində keçirilmiş beynəlxalq mədəniyyət və kulinariya festivalında Azərbaycan təmsil olunub.

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyindən Azadinform-a verilən məlumata görə, dünyanın aparıcı ali təhsil ocaqları arasında nüfuzlu yer tutan Paris-Sorbon Abu Dabi Universtitetinin ənənəvi olaraq hər il keçirdiyi Beynəlxalq Mədəniyyət Günü bu il Beynəlxalq Qadınlar Gününə həsr olunub. 2018-ci il martın 8-də Universitetdə 40-dan çox ölkənin təmsilçiliyi ilə keçirilmiş tədbirdə Azərbaycanın incəsənəti, milli paltarları və rəqsləri, həmçinin zəngin mətbəximizin ləziz nümunələri nümayiş etdirilib.

Azərbaycanın BƏƏ-dəki səfirinin xanımı Ülviyyə Şikarova və səfir müavini Leyla Süleymanovanın təşkilatçılığı ilə tədbirdə Azərbaycanın iştirakı çərçivəsində qurulmuş stenddə ölkəmizə dair müxtəlif çap materialları, musiqi və incəsənət nümunələri yerləşdirilmiş, kulinariya bölümündə Azərbaycan masasında nümayiş etdirilən plov, dolma, şəkərbura, paxlava, qoğal, həmçinin "Azərsun" şirkətinin mürəbbə və içkiləri, "Xurcun" şirkətinin qoz-fındıq və çərəzləri iştirakçılara ikram edilmiş, tədbirin milli paltarlar və rəqslər hissəsində Universitetdə təhsil alan Azərbaycanlı tələbələr - Məryəm Bağırova, Tomris İsmayılzadə, İranə Hüseynova, həmçinin BƏƏ-də yaşayan soydaşımız Nəsrin Elnurqızının ifasında Azərbaycan milli paltarları və rəqsləri nümayiş etdirilib. 

Rəqslərin nümayişi zamanı səhnədə quraşdırılmış böyük ekranda Bakı və Azərbaycanın görməli yerləri, ölkəmizdə keçirilən böyük tədbirlər və s. kimi cəlbedici görüntüləri əhatə edən videoçarx təqdim olunub. Azərbaycan stendində həmçinin torpaqlarımızın Ermənistan tərəfindən işğalı, bunun nəticəsində bir milyondan çox insanın qaçqın və köçkün düşməsi, Azərbaycanın təbiət və mədəniyyətinə dəyən zərər, iqtisadi ziyan, məscidlərin və tarixi abidələrin dağıdılması barədə məlumatlar da yerləşdirilib.

BƏƏ-də akkreditasiya olan bir sıra ölkələrin səfirləri ilə birgə mədəni proqramları izləyən Universitetin rektoru Erik Fuaşe Azərbaycan səfirliyinə və tələbələrinə ayrıca minnətdarlıq ifadə edib, Universitetin mədəni və sosial həyatında azərbaycanlı tələbələrin fəal iştirakından çox məmnun qaldığını bildirib.

9.03.2018 22:46 / Baxılıb: 381 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo