Türkmənistan və Azərbaycan əməkdaşlığı dərinləşdirməklə özlərinin faydalarını artıra bilərlər

AZADİNFORM. “Türkmənistan və Azərbaycan arasında əlaqələrdə intensivlik var. Türkmənistan prezidentinin müşaviri Yaxşıgəldi Kakayev “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının Bakıda keçirilən iclasında iştirak etdi. Azərbaycanın energetika naziri P.Şahbazov Türkmənistan-Əfqanıstan sərhədində yerləşən Sərhədabad şəhərində TƏPH-in Əfqanıstan hissəsinin təməlqoyma mərasimində iştirak etdi. Türkmənistan və Azərbaycanın enerji və kommunikasiya sahəsində birgə fəaliyyət potensialı çox böyükdür, faydalıdır”.

Azadinform xəbər verir ki, bunu politoloq Mübariz Əhmədoğlu deyib. O qeyd edib ki, bu iki ölkə dünyanın müxtəlif regionlarına enerji kommunikasiyaları çəkmək işində təcrübəlidirlər və maliyyə imkanlarına malikdir. 

Politoloq vurğulayıb ki, Türkmənistan və Azərbaycan əməkdaşlığı dərinləşdirməklə, təcrübə və maliyyə ehtiyatlarından səmərəli istifadə etməklə enerji, kommunikasiya layihələrini iri dövlətlərin təsirindən asılılığını azaldar və bununla da özlərinin faydasını artıra bilərlər: “ P. Şahbazovun fikrincə, Türkmənistanın “Cənub Qaz Dəhlizinə” qoşulma ehtimalı çox böyükdür. Eləcə də Azərbaycan TƏP-in Əfqanıstan və Pakistan ərazisində tikintiyə qoşula bilər. Azərbaycan Əfqanıstandakı sülhməramlılarını TƏPH-in Əfqanıstan hissəsinin mühafizəsinə cəlb edilməsi mövzusunu NATO qarşısında qaldıra bilər”.

M. Əhmədoğlu deyib ki, Bakıda Azərbaycan və Türkmənistan arasında energetika sahəsində əməkdaşlığa dair birgə işçi qrupunun iclası keçirildi. Bu iclasda tərəflər həm də Xəzər dənizinin dibinin bölünməsi məsələlərini müzakirə ediblər: “Yayılan məlumata görə tərəflər 2017-ci ilin sonunda Moskvada Xəzərin statusuna dair əldə olunmuş razılaşmaların hər iki ölkənin marağına cavab verdiyini bildirdilər. Xəzərin statusuna dair sənədin imzalanma ehtimalı çox böyükdür”.

O sonda əlavə  edib ki, bu, Türkmənistan və Azərbaycan arasında ən böyük ehtimali gərginlik mənbəyinin aradan qalxması deməkdir. Nəticədə Xəzər dənizinin geoiqtisadi parametrləri dəyişir və dənizin qərb sektoru, bəlkə də bütün ərazisi xoş maraqların arenasına çevrilir. Regiondankənar investisiya axını həm Azərbaycanın, həm də Türkmənistanın imkanlarını daha da genişləndirəcək.

9.03.2018 11:34 / Baxılıb: 182 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2018
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo