Qadın jurnalistlər arasında ilk dəfə keçirilən müsabiqənin qalibləri mükafatlandırıldı

Leyla Məhərrəmova / AZADİNFORM. Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Kaspi qəzetinin 8 mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə xanım jurnalistlər arasında keçirdiyi Azərbaycanın maarifçi qadınları mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Azadinform xəbər verir ki, tədbirdə Kaspi Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, Kaspi qəzetinin təsisçisi, Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, şairə publisist Telli Pənahqızı, APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı iştirak edib.

Tədbirdə ilk çıxış edən O.Səmədov əsrlər boyu Azərbaycan qadınının cəmiyyətin mənəvi dəyərlərinin formalaşmasında və inkişafında rolundan danışıb. O qeyd edib ki, qadınlar Azərbaycan dövlətçiliyin möhkəmlənməsi və milli-mənəvi dəyərlərin qorunub saxlanması, gənc nəslə ötürülməsində böyük rol oynayıb və ərazi bütövlüyümüzün qorunmasında canlarından keçiblər. İcraçı direktor vurğulayıb ki, xanım jurnalistlər arasında ilk dəfə keçirilən müsabiqə dekabrın 8-də elan edilib və müsabiqəyə fevralın 8-də yekun vurulub: Bu müddət Təşkilat Komitəsinə 26 yazı daxil olub. Yazılarda Azərbaycanın tanınmış maarifçi xanımlarının həyat yolu və fəaliyyəti geniş işıqlandırılıb.

O əlavə edib ki, müsabiqənin nəticəsi olaraq dərc edilən yazılar toplusu gələcək araşdırmalar üçün mənbə rolunu oynayacaq.

Daha sonra çıxış edən Sona Vəliyeva vurğulayıb ki, Azərbaycan qadınının cəmiyyətdəki yeri və rolu çox vacib məsələdir. Azərbaycanın maarifçi qadınlarının fəaliyyətindən danışan S.Vəliyeva deyib ki, hazırda maarifçilik fəaliyyəti ilə məşğul olmaq o qədər də çətin deyil, çünki söz və mətbuat azadlığı var. O əlavə edib ki, Azərbaycanın əvvəlki dövrlərdə fəaliyyət göstərən qadınlarının hansı əziyyətlər bahasına maarifçilik ideyalarını yayması göz özünə gəlir. S.Vəliyeva bildirib ki, Azərbaycan qadınını dünyanın digər qadınlarından 3 əsas cəhət fərqləndir: Bura Azərbaycan qadınının mübarizliyi, qəhrəmanlığı, Türk mənəviyyatına sahib olması, digər tərəfdən İslamı dəyərlərə bağlı olması və daim inkişafda olan cəmiyyət üzvü olmasıdır. Qadınların fəaliyyətində bu 3 keyfiyyət özünü ehtiva edib.

O həmçinin Mömünə xatun, Tomris, Sara Xatun kimi qadınların tarixi fəaliyyətindən danışıb. S.Vəliyeva Azərbaycan Xalq Cümhuriyyəti dövründə maarifçilik ideyalarını yayan qadınların gördüyü işlərə də diqqət çəkib. O vurğulayıb ki, Azərbaycanda ilk mətbuat yayımının əsasını Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə Məlikova qoyub və öz həyat yoldaşı ilə birgə maarifçilik ideyalarını yaymaq üçün çiyin-çiyinə mübarizə aparıb: Bu baxımdan Nina Qız Məktəbinin açılmasından da danışmaq istərdim. 1901-ci ildə qız məktəbinin açılışı oldu və Hacı Zeynalabdin Tağıyev heç tərəddüd etmədən Hənifə xanımı ora müdirə təyin etdi. Hənifə xanım isə iki qızını həmin məktəbə göndərdi.

S.Vəliyeva maarifçi qadınların fəaliyyətinə dair hazırlanan kitabdan da danışıb və bildirib ki, kitaba daxil olan məqalələr mühazirə formatında hazırlanacaq: Burada məqsəd bilavasitə həmin xanımları tanıtmaqdır. Ötən əsrin 30-cu illərində Azərbaycan kişiləri ilə yanaşı qadınları da repressiyaya məruz qaldı. Həmin maarifçi qadınlar Bakıda qalmayıb bölgələrə qayıdır və maarifçilik ideyalarını yayırdılar. Məktəb açırdılar, qızları oxudurdular. Bəzən məktəbi gizli şəkildə tikiş məktəbi adı ilə açırdılar ki, aparılan yoxlamaların diqqətindən yayınsınlar.

S.Vəliyeva vurğulayıb ki, Ulu öndər Heydər Əliyev hələ SSRİ dövründə Azərbaycan qadınına inanırdı. Ulu öndər inanırdı ki, Azərbaycan müstəqil olacaq və qadınlar dövlətçiliyin inkişafına töhfə verəcəklər: Ona görə Heydər Əliyev müstəqillik illərində qadın və gənclərin fəaliyyətinə önəm verdi. Bu gün Mehriban Əliyevanın birinci - vitse prezident olması qadın siyasətinə önəm verilməsinin təzahürüdür.

Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək bildirib ki, bu gün jurnalistika sahəsində fəaliyyət göstərənlərin 60 %-i qadınlardır. MŞ sədri bir məsələdən narahatlıq keçirdiyini də deyib. O qeyd edib ki, Azərbaycanın bəzi bölgələrində qızlar məktəbə göndərilmir. Qızların təhsildən məhrum edildiyi cəmiyyətin gələcəyi şübhə doğurur. Ona görə də bu məqam məni çox narahat edir. O sonda vurğulayıb ki, biz Şərqdə qadına səsvermə hüququ verən ilk ölkə olmuşuq və Azərbaycan xanımına verdiyimiz azadlığı qorumalıyıq.

KİVDF sədri Vüqar Səfərli öz çıxışında qadınlar arasında keçirilən müsabiqənin çox təqdirəlayiq olduğunu deyib. O qeyd edib ki, indiyə kimi müsabiqələrdə bu mövzuya toxunulmamışdı: Hesab edirəm ki, bu ənənə davam etdiriləcək və müsabiqəyə qatılan jurnalistlərin sayı çox olacaq.

Telli Pənahqızı isə öz çıxışında müsabiqəyə təqdim edilən yazılardan danışıb. O qeyd edib ki, 26 yazının hamısını bir-bir oxuyub: Mən bu yazılarda yanan ürək, maarifçilik ideyalarının yayılmasında özünü alova atan qadınlar gördüm. O əlavə edib ki, qadınların savadlı olması cəmiyyətin savadlı olmasıdır.

Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı da mövzu ilə bağlı fikir bildirib. O qeyd edib ki, Hənifə Məlikova, Şəfiqə Qaspiralı və burada adı keçən digər qadınlar tarixə möhürünü vuran qadınlardır: Onlar maarifpərvər qadınlar və böyük vətənpərvər idilər. Onlar millətinin aydınlanması üçün mübarizə aparırdılar. Mən Sona xanımı Şəfiqə Qaspiralının davamçısı olaraq görürəm. Bu gün birinci vitse-prezident Mehriban Əliyevanın dövlət quruculuğunda öz rolu var.

APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı maarifçi qadınların cəmiyyətdəki rolunun işıqlandırılmasının vacibliyini vurğulayıb.

Sonda müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib.

7.03.2018 15:33 / Baxılıb: 856 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
18.09.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo