Pisliklərdən və naqisliklərdən uzaq nə varsa, Azərbaycan qadınının əlində gözəl görünür

Bir qadın gətirin ağlınıza, hələ gənc olarkən adı başdaşına yazılıb, sevdiyi adamla birlikdə məzara girib. Ömrünün bahar çağında köçüb bu dünyadan. Amma sağdır. Yaşayır, yaşamaq məcburiyyətindədir. Əmanəti var çünki. Ruhunu sevdiyi adamla göndərib, cismini bu dünyada oğluna sipər eləyib.

Mənim söhbətlərimdəki məqsədim hər müsahibimdən dərs almaqdı. Hər adam qazancdır, deyirlər, mən də qazanıram. Peşəkarlıq öyrənirəm müsahibimdən, dostluq öyrənirəm, ustalıq öyrənirəm. 

Bu dəfə qazancım sevgidir. Nazimlə Züleyxanın sevgisi!

Qarşısında susmaqdan başqa çarəm yoxdur...

 

 

- Axırıncı dəfə kiminlə dərdləşmisiniz?  


- On doqquz gün əvvəl Nazimlə...


- Kimdi Nazim?


- Həyat yoldaşım.

 

- ...

 

- Hər ikimiz eyni gündə, eyni ayda, eyni ildə doğulmuşuq. Fevralın 4-ü doğum günümüzdü. Hər il olduğu kimi o gün də yuxudan duran kimi ilk işim Nazimin yanına getmək oldu. Bu dəfə yanında çox qaldım. Ötənlərdən-keçənlərdən danışdım, son 24 ilin “hesabatını” verdim, çoxlu sayda cavabsız  suallarla üz-üzə dayandım. Qəbiristanlıqdan çıxanda saata baxdım. Son illər heç bu qədər çox oturmamışdım məzarlıqda, ürəyimi bu qədər çox boşaltmamışdım, belə dərdləşməmişdim...


- Kimdir Züleyxa Nadir? Kimin Züleyxasıdır? Ömür yolu harada başladı, harada davam edir? 


- Valideynlərim üçün övlad olmuşam, oğlum üçün anayam. Atamın həm də anası idim - Züleyxa anası! Əmilərim və bibilərim də mənə “anam” deyirdilər. Züleyxa nənəm 39 yaşında dünyasını dəyişib. Böyük bibim deyirdi ki,  nənəmə çox oxşayıram. Tək bir fərqlə, onun alt dodağında xal varmış. Mən də illərdir atamın adını anasının adı ilə yanaşı başımın üstündə gəzdirirəm. Bu iki ad ömür yolumun başlanğıcı olaraq SÖZdən bəhrələnən jurnalist taleyimin  mükafatıdır. Mən bu mükafatı ilk dəfə Şəmkir rayonunda aldım. Təyinatla göndərildiyim “Ulduz” qəzetindəki ilk yazıma Züleyxa Nadir imzasını qoydum. Və o gün bu gün həmin  imza başımın tacı olaraq  mənimlə bərabər addımlayır. Züleyxa Nadir imzası “Ulduz”dan sonra rəsmi olaraq məmləkətin bir çox nüfuzlu mətbu orqanında yer aldı, uzun müddət mediada fəaliyyət göstərdi. Amma iş elə gətirib ki, bu gün fəaliyyətini qeyri-rəsmi davam etdirir.


- Yazmaqla danışmaq arasındakı fərq nədir? Hansı daha doğmadır?


- Yazmaqla danışmaq arasında bir xətt var. Kimisi üçün bu  xətt qalın, kimisi üçün nazikdir. Mənim üçün isə daha incədir. Çünki nitq qabiliyyətim yoxdur. Ona görə də ürəyimlə daha çox “danışıram”. Onunla isə aramda heç bir xətt yoxdur. Çox gözəl dinləyicidir. Amma son zamanlar hiss edirəm ki, artıq onu da yormuşam, deyəsən  gücdən  düşmək üzrədir. Bəlkə də elə bu səbəblərdən dolayı yazmaqla daha doğmayam, daha yaxınam.


- Sevda nədir?


- Gözdən axan bir  damla yaşdır, ürəyi parçalayan ahdır. Ağıl ilə ruhun savaşıdır, nəfəsin təngiməsidir. Gözlərin parlaması, dilin tutulması, qulaqların tıxanmasıdır. İnsanın gerçək dünyasını yandıran bir oddur. Kül altında qalan qordur. Sevda gerçəkliklə arzular arasındakı bir keçiddir. Kim bu keçidi adlaya bilirsə xoş halına.


- Könülə dost olanla, könüldən keçən arasındakı məqam nədir? Əl çatan olan hansıdır?


- Könüldən keçənlər bəzən xəyal olaraq elə oradaca qalır. Amma könül dostu başqadır, onun yeri hər zaman görünür. Könül dostu elə sənin özün deməkdir. Sənin istək və arzuların, həm də elə onun könlündə yuva qurur. Sənin kədərin də, sevincin də könül dostuna tanışdır, o da səninlə bərabər bu hissləri yaşayır. Ona görə də könül dostu daha əl çatandadır.


- O gözlüklərin arxasında nə gizlənib? 


- Eynəyim hər tərəfdə gözəllik görmək istəyən, hər  kəsdə xoşbəxtlik arayan gözlərimin işığını artırmaq üçündür. Amma bir qədər arxada, düz deyirsən,  başqa məqam var ki, onu da gizlətmək olmur. İllərin kədəri, taleyin yükü, həyatın yorğunluğu, qəlbimin boşluğu gözlərimə elə hopub ki, onu görməmək mümkün deyil. 


- Qadın əlinə yaraşan nədir?


- Qəliz sualdır, daha geniş mənada cavablandırmaq olar, amma qısa deyəcəyəm. Pisliklərdən və naqisliklərdən uzaq nə varsa, Azərbaycan qadınının əlində gözəl görünür. Bu gözəlliyi ehtiva edən isə onun əxlaqı və mədəniyyətidir. İstər əlində qələm, fırça, istər fonendeskop, skalper, yaxud da kitab, xətkeş, tabaşir olsun,  istərsə də uca tribunalarda çıxış etmək üçün yazılı mətn tutsun  –  bunlar qadının peşə aksesuarlarıdır və ona çox yaraşır. Yetər ki, qadınlığını itirməsin, xanımlığını uca tutsun, şərəf və ləyaqətini ucuzlaşdırmasın. Necə deyərlər, adam olsun.


- Adam olmağın formulu varmı?


- Adam olmağın ayrıca formulu yoxdur, nə də bunun üçün xüsusi resept hazırlanmır. İnsanın qəlbində sevgi, gözlərində mərhəmət, şəfqət varsa,  xarakterində humanizm, xeyirxahlıq  və ədalət hissi güclüdürsə bu, ən böyük adamlıqdır. Bunlar insana əsasən genetik olaraq keçir. Bəzən ətraf mühit, zaman, hadisələr də adam olmaq üçün güclü amil rolunu oynaya bilir. Türklərin bir sözü var: adam kimi adam olmaq. Bəlkə də sadaladığım faktorlar adam kimi adam olmağın formuludur. 


- Ürəyiniz ən çox nədən ağrıyır?


- Mən incə bir təbəssümdən, xoş sözdən, zərif gülüşdən, çox kiçik hədiyyədən də xoşbəxt olmağı bacaran adamam. İllərlə bu duyğuları özümdə formalaşdırmağa çalışmışam. Amma son zamanlar sanki, daha çox kədərli hadisələrin aurasına düşürəm. Az qala mənasız bir sözdən qəmlənirəm, neqativ görüntü belə qəlbimi tərpədə bilir. Bəzən bir həşəratın ölümünə təəssüflənirəm, ayaq altında tapdalanmış qarışqaya, solmuş gülə, qurumuş çiçəyə, budağı sınmış ağaca da etinasız qalmıram. Görünür  bu, yaşla bağlı olan haldır. Buna qəlb sızıltısı, ürək ağrısı demək olmaz. Faciələrin, təbii fəlakətlərin gətirdiyi ölümləri, şəhidlərin dəfnini isə göz yaşları ilə qarşılayıram. Amma ürəyimi sözün həqiqi mənasında ağrıdan bir insan var. O, bətnindəki övladını qətlə yetirən, uşağı qız olacaq deyə onu abort etdirən qadındır...


- İşiniz, övladınız...


- Hazırda işləmirəm, amma yazı-pozudan da qalmıram. Sosial sahənin uğurlarından, cəmiyyətdəki problemlərdən, gündəmdə olan mövzuların təhlilindən və digər məsələlərdən “Olaylar” qəzeti üçün yazıram. Bəzən başqa sayt və qəzetlərdə də imzamı görmək olar. Yeganə övladım Bakı Slavyan Universitetinin məzunudur. Çex dili üzrə mütəxəssisdir. Çox təəssüf ki, hələ də normal bir işi yoxdur.


- Sevdiyiniz o adam...


- Sevdiyim iki adam var: O və oğlum. 11 sentyabr onun ölüm günü, oğlumun isə doğum günüdür. Həmin gün bu iki adama olan sevgimin içində boğuluram, onları yan-yana görməməkdən  dolayı ölürəm... İndi ona daha çox möhtacam. Oğlumun da çox ehtiyacı var. O, dünyasını dəyişəndə Məcidin üç yaşı var idi. 24 il çalışdım ki, atasının yoxluğunu özümün analıq gücümlə ört-basdır edim. Amma indi bacarmıram, gücüm tükənib...


- Ən sevdiyiniz nə isə varmı?


- Çox şeyləri sevirəm, çox şeyləri bəyənirəm. Bu çoxluğun içində elə bir şey yoxdur ki, ona  fövqəladə vurğun olum.

 

- Özündən, soy kökündən belə sürətlə qaçmaq bizə nə verəcək?


- Bu, millətin faciəsidir, xalqın getdiyi yolun sonundakı uçurumdur. Bu cür faciələrdən kim qazanıb, hansı millət üstünlük əldə edib? Kim deyə bilər ki, hansısa bir xalq öz kökündən ayrılmaqla fəxr edir? Sürətli qaçış ancaq marafon yarışlarında öz effektini verir. Bu qaçış bizə heç nə verməyəcək, amma məhv edəcək. 


- Dünyanın gözəl adamı sizə görə kimdir?


- Oğlumun  hərdən  cüzi bir istəyini  yerinə yetirəndə mənə “dünyanın ən gözəl anası sənsən” deyir. Halbuki analar tanıyıram, övladı üçün dağı dağ üstə qoyur, okeanlar aşır, dünyanın dörd bucağını gəzirlər. Mən onların yanında çox balacayam, görünməzəm. Amma oğlum üçün “dünyanın ən gözəl anası” statusunda nəhəng görünürəm. Sualın cavabına  oğlumun təbirincə yanaşsam deyə bilərəm ki, bu an mənim üçün dünyanın ən gözəl adamı Nigar İsfəndiyardır. İndi səninlə həmsöhbətəm, ən gözəl sözləri  deyirsən, ən yaxşı ifadələri mənə ünvanlayırsan. Ümumilikdə isə mən bütün insanlarda yaxşı tərəfləri görməyə çalışıram. Adamları sevirəm, onlarda gözəl olmayan bir şey varsa da görmürəm, nə də görmək üçün axtarmağa çalışmıram.


- Şəmkirdə nə vardı?


- Məncə “nəyin qalıb?” deyə soruşsan daha  düzgün olardı. Şəmkirdə mənim  gəncliyim, həyatımın ən sevimli, bitib-tükənməyən anları, gözəl günləri, xoşbəxt həftələri qalıb. Həyatımın “Şəmkir nağılı” adlanan bir parçası var ki, o, çox dəyərlidir, yaddan çıxmayan, unudulmayan zaman kəsiyidir. Üç illik həmin zaman kəsiyində Şəmkir və şəmkirlilər mənim üçün o qədər doğmalaşdılar ki,  işlədiyim “Ulduz” qəzetindən ayrılanda ağladım. Şəmkirli günlərim haqqında bir kitaba  sığacaq qədər sözüm-söhbətim var. Bu gün də o illərin  dostları, tanışları ilə əlaqə saxlayıram, arada Şəmkirə gedirəm, toy-nişanlarda iştirak edirəm. O zamanki şəmkirliləri görəndə qəribə hisslər keçirirəm, elə bilirəm ki, yenə də 21-22 yaşındayam.  Yeri gəlmişkən, bir neçə gün əvvəl vaxtilə Şəmkirdə birlikdə işlədiyim Telli xanımla 35 ildən sonra ilk dəfə görüşdük. Hələ də o görüşün xoş təəssüratı altındayam.


- Balaca Züleyxaya söz demək imkanınız olsaydı, nə deyərdiniz?


- Deyərdim ki, həyatın gözəlliklərindən bərk yapışsın, gələcəyin qapısına doğru gedən yolda möhkəm addımlasın. Balaca ürəyinə böyük dərdləri hopdurmamaq  üçün xüsusi yaddaş cədvəli tərtib edib ona verərdim.


Nigar İSFƏNDİYAR

27.02.2018 14:49 / Baxılıb: 1946 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo