Səhiyyəmizin son illər ərzindəki uğurları

Xalqın sağlamlığının qorunması, vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sahəsində uğurlu islahatlar həyata keçirilir, müasir avadanlıqlarla təchiz olunmuş yeni tibb mərkəzləri tikilir, səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. 


Bu sahədə həyata keçirilən ən mühüm tədbirlərdən biri Səhiyyə Nazirliyi tərəfindən təşkil olunan əhalinin təmənnasız tibbi müayinəsidir. Artıq 4-cü ildir ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində əhalinin tibbi müayinələri keçiriləcək. May ayına kimi davam edəcək profilaktik tibbi müayinələr müxtəlif xəstəliklərin erkən aşkarlanması məqsədi daşıyır. Tibbi müayinələr zamanı həkimlər tərəfindən profilaktik baxış keçirilir, sağlamlığa dair məlumatlar və xəstəliklərə səbəb olan risk faktorları ilə bağlı tövsiyələr verilir, maarifləndirmə işi aparılır. Xəstəliklər aşkar olunduğu halda pasiyentlər dərhal yerlərdə, zərurət yarandığı halda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunurlar. Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2017-ci ildə respublika üzrə müayinədən keçirilmiş şəxslərdən 2041388 nəfəri əlavə müayinələrə cəlb edilib, 68427 nəfəri dispanser nəzarətinə alınıb, 27059 nəfəri hospitalizasiya olunub.

Əhalinin sağlamlığının qorunması istiqamətində atılan addımlar bununla bitmir. Bu sahədə həyata keçirilən mühüm tədbirlərdən biri vətəndaşların səhiyyə ilə bağlı müraciətlərinin təcili həlli məqsədilə Elektron Səhiyyə Mərkəzinin yaradılmasıdır. Bundan əlavə, Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrini rəhbər tutaraq səhiyyə naziri tərəfindən müxtəlif rayon və şəhərdə vətəndaşların qəbulu təşkil olunur, müraciət edən hər bir vətəndaş dinlənilir və müvafiq tədbirlər görülür. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində 642 yeni və əsaslı təmir olunmuş səhiyyə müəssisəsi tikilib istifadəyə verilib. Regionlarda müasir avadanlıqlarla təchiz edilmiş diaqnostika mərkəzləri inşa edilib. Hazırda yeni və ya əsaslı təmir olunmuş səhiyyə müəssisəsi istifadəyə verilməyən barmaqla sayılası regionlar qalıb. Ölkə başçısının geniş tərkibli müşavirədə qeyd etdiyi kimi biz bu il Qubada, Şəmkirdə, Goranboyda, Qazaxda, Naftalanda və Qobustanda müasir səhiyyə müəssisələrini əhalinin istifadəsinə təqdim etməyi nəzərdə tutmuşuq. Gələn il analoji müəssisələr Fizuli və Qəbələdə əhalinin istifadəsinə təqdim edilməsi planlaşdırılıb. Beləliklə, bu müəssisələr istifadəyə veriləndən sonra ölkənin demək olar ki, bütün regionlarında əhali yerindəcə müəsir səhiyyə müəssisələrdən istifadə edə biləcək

Yoluxucu xəstəliklərlə mübarizə işində müasir strategiyalar tətbiq olunmaqla beynəlxalq təşkilatlarla əməkdaşlıq qurulub. Nəticədə, qonşu ölkələrdə və ümumiyyətlə, regionda qeyd edilən epidemioloji gərginliyə baxmayaraq, respublikada epidemioloji sabitliyi qoruyub saxlamaq mümkün olub. Bu istiqamətdə görülən prioritet tədbirlərdən biri uşaqların immunoprofilaktikasıdır. Məlumdur ki, müstəqilliyimizin ilk illərində ağır böhran şəraitində dərman vasitələrinin kəskin çatışmazlığı hökm sürürdü və uşaqlar cəmi beş yoluxucu xəstəliyə qarşı peyvənd olunurdu. 

Hələ o zaman ölkə Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə Avropadan alınan kredit hesabına Azərbaycana külli miqdarda peyvənd materialları, dərman preparatları və tibbi ləvazimat gətirilməklə bu problemlərin həllinə başlanılmışdır.  Qeyd etmək lazımdır ki, 2006-cı ilin fevralından etibarən Səhiyyə Nazirliyinin Kollegiyasının qərarı ilə ana və uşaqların sağlamlığının qorunması səhiyyənin prioriteti kimi müəyyən edilmiş və bu günə qədər də həmin qərar qüvvəsində qalmaqdadır. Keçən on il müddətində uşaqların sağlamlığının qorunması ilə bağlı çoxsaylı dövlət proqramları qəbul edilərək reallaşdırılmış və bu gün də 2014--2020-ci illəri əhatə edən "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılması haqqında" Dövlət Proqramı fəaliyyətdədir.  Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2013-cü ilin martında "Uşaqların icbari dispanserizasiyası haqqında" qəbul edilmiş qanun uşaqların sağlamlığının qorunması işində müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, bu sahədə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın uşaqlarda irsi qan xəstəliklərinin, şəkərli diabetin, ürək qüsurlarının, nevroloji xəstəliklərin müalicə və profilaktikasında əvəzolunmaz xidmətləri bu gün də davam etməkdədir.

 Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə tikilib istifadəyə verilən Respublika Talassemiya Mərkəzində xəstələrin normal həyat fəaliyyətinin təmin olunması hesabına son 10 ildə talassemiyadan ölüm göstəricisi 5 dəfə azalıb. Hazırda 2800-dən artıq xəstə bu mərkəzdə daimi müalicə alır, irsi qan xəstəliklərinin radikal müalicə üsulu olan sümük iliyinin transplantasiyası əməliyyatı aparılır.

Bütün dünyada geniş yayılmış şəkərli diabet xəstəliyi üzrə ölkəmizdə bir neçə il əvvəl 55 min xəstə dövlət hesabına dərman vasitələri ilə təmin olunurdu. Bu gün bu rəqəm 213 minə çatıb. Xəstəliyin vaxtında aşkarlanması, dövlətin onun müalicəsini tam öz üzərinə götürməsi nəticəsində, diabetin ağır formaları, fəsadları dəfələrlə azalıb. Nəticədə, şəkərli diabetdən ölüm göstəricisi 15,8-dən 8,2-yə düşüb. Qeyd etmək lazımdır ki, təkcə şəkərli diabet xəstələri deyil, böyük maliyyə vəsaiti tələb edən hemofiliya, dağınıq skleroz, onkoloji və digər xəstələrin dərman təminatı da dövlətin nəzarətindədir.

Azərbaycanda səhiyyənin tərəqqisindən danışarkən onu da qeyd etmək lazımdır ki, ölkə üzrə dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi aparılır. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) "Dərmanların keyfiyyətinin yoxlanılması laboratoriyası"na Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Dövlət Akkreditasiya Xidməti tərəfindən laboratoriyanın dərman vasitələrinin sınağının həyata keçirilməsi üçün Akkreditasiya attestatı verilib. Dövlət başçımız İlham Əliyevin tapşırığına əsasən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir.

Səhiyyəmizin son illərdə tərəqqisini müxtəlif beynəlxalq qurumların təsdiqləməsi də danılmaz faktdır. Böyük Britaniyanın tanınmış "The Legatum Institute" Tədqiqat Mərkəzi 142 ölkənin monitorinqi nəticəsində son iki ildə Azərbaycan səhiyyəsini 91-ci pillədən 68-ci pilləyə qaldırıb. Bu il ölkəmizin iki tibb müəssisəsi dünyanın ən nüfuzlu JCI (Joint Commission International) beynəlxalq standartlaşdırma təşkilatı tərəfindən akkreditasiyadan keçib. Ölkəmizə xarici qonaqlar və turistlərin axınını nəzərə alsaq, deyə bilərik ki, JCI sertifikatlı səhiyyə müəssisələrinin olması beynəlxalq sığorta şirkətləri üçün çox vacib amildir.

Səhiyyəyə olan diqqət və qayğı onun prioritet məsələlərindən biri olan vərəmlə mübarizə xidmətinin gücləndirilməsində öz əksini tapır. Dövlət tərəfindən qəbul olunmuş Vərəmlə Mübarizə Proqramları vərəm əleyhinə müəssisələrin maddi-texniki bazasının gücləndirilməsini, vərəmin müayinə, diaqnostika, müalicə və profilaktikası üzrə yeni müasir üsulların tətbiqini təmin edir. Vərəmlə Mübarizə Proqramı çərçivəsində son illər ərzində Səhiyyə Nazirliyi tərəfindən Bakıda və regionlarda vərəmli, o cümlədən dərmanlara davamlı vərəmli xəstələr üçün 15 müasir tipli tibb müəssisəsi tikilmiş və ya əsaslı təmir olunmuş və müasir avadanlıqla təchiz edilmişdir.

 Təkcə 2017-ci il ərzində Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yerləşən Milli Referens Laboratoriyasında və regionlarda yerləşən 5 mikrobioloji laboratoriyalarda, eləcə də 6, 8 və 9 nömrəli xüsusiləşdirilmiş xəstəxanalarda ventilyasiya sistemləri təmir edilmiş, İnstitutun mərkəzi dərman anbarında soyuducu otaq quraşdırılmış və 3 rayonda mikrobioloji laboratoriyalar işə salınmışdır. Bundan əlavə İnstitutunun müalicə korpuslarında təmir işlərinə başlanılmış və onun su təchizatı yaxşılaşdırılmışdır.

Həmin dövrdə İnstitut və digər vərəməleyhinə müəssisələr müasir tələblərə cavab verən yeni cihaz və aparatlarla, o cümlədən rentgen aparatı, flüoroqraflar, molekulyar–genetik müayinələrin aparılması üçün GenXpert aparatları, audiometrlər, elektrokardioqraflar və xolterlər, biokimyəvi və qan analizatorları, test-sistemlər və reaktivlər və s. təchiz olunmuşlar.

 Bunlarla yanaşı vərəmin erkən aşkar olunması və müalicəsi məqsədilə ambulator şəbəkə genişləndirilmiş və ilkin səhiyyə xidmətinin həkimləri bu işə qoşulmuşdular. 

Ümumdünya Səhiyyə Təşkilatının 2017-ci ildə dərc etdiyi son tövsiyyələrə əsasən vərəmin müxtəlif formalarının diaqnostika və müalicəsinə aid normativ-metodik sənədlər təzələnmişdir. Vərəmlə mübarizə işində iştirak edən mütəxəssislərin bilik və bacarıqlarının artırılması məqsədilə 2017-ci il ərzində İnstitutu tərəfindən 48 təlim keçirilmiş və ümumilikdə 896 nəfər hazırlıq keçib (vərəməleyhinə xidmətin bütün həkimləri və orta tibb işçiləri, ilkin səhiyyə xidmətinin həkimləri, gigiyena-epidemiologiya mərkəzlərinin epidemioloqları və TB-menecer elektron proqramı üzrə işləyən operatorlar).

 Bütün ölkə üzrə vərəmli xəstələrin vahid elektron qeydiyyat sistemi tətbiq olunur və xəstələrin qeydiyyatı dünya standartlarına uyğun aparılır. Aparılan tədbirlərin nəticəsində ölkədə son illər ərzində xəstələnmənin dinamikasında müsbət dəyişikliklər müşahidə olunur. Əgər 2010-cu ildə hər 100 min əhaliyə xəstələnmə göstəricisi 53 təşkil edirdisə, hazırda bu göstərici 39-a qədər azalmışdır. Eynilə də ilkin aşkar olunmuş vərəm hallarının sayı 21% azalmışdır.

 Müalicə tədbirlərinin gücləndirilməsi və xəstələrin dərman preparatları ilə təmin olunması nəticəsində ölüm hallarının sayı da azalmaqdadır: 2010-cu ildə 100 min əhaliyə ölüm göstəricisi 7,9 təşkil etdiyi halda, 2016-cı ildə həmin göstərici 4,6 olmuşdur.

 Son illər strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına xüsusi diqqət yetirilir. Əhalinin donorluğa cəlb edilməsi işinin aktivləşdirilməsi nəticəsində tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artırılır. Belə ki, 2010-cu ildə 19,5 ton qan tədarük edilmişdirsə, 2017-cı ildə bu rəqəm 37 tondan çox olmuşdur. Bu il yalnız Məhərrəm ayının Aşura günü ərzində 3827nəfər insandan qan götürülmüş və 1722 litr qan tədarük edilmişdir. Hazırda tibb müəssisələrinin və xəstələrin “təhlükəsiz” donor qanına və onun komponentlərinə olan ehtiyacı tam ödənilir.

 Qanın bədxassəli xəstəlikləri ilə xəstələnmənin və bu səbəbdən ölüm hallarının yüksək göstəriciləri, bu xəstəliklərə, əsasən, əmək qabiliyyəti yaşında olan insanların və uşaqların düçar olması, müayinə və müalicə xərclərinin xəstələr üçün ağır maddi yük olmasını nəzərə alaraq “2017-2021–ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı” qəbul edilmişdir.

 Şöbə müdiri əlavə etdi ki, hazırda qeyd olunan Proqram üzrə 1852 xəstənin dövlət hesabına innovasion preparatlarla təminatı həyata keçirilir.Beləliklə də, əvvəlllər mütləq ölümlə nəticələnən bu xəstəlikdən əziyyət çəkənlərin həyat keyfiyyəti yaxşılaşmış və bəzi hallarda sağalması mümkün olmuşdur.

Bədxassəli şişlərlə mübarizə işində də nəzərəçarpan irəliləyiş əldə olunmuşdur. Mütəmadi olaraq onkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazası yaxşılaşdırılır, yeni texnologiyalarla işləmək üçün müvafiq mütəxəssislər hazırlanır. Milli Onkologiya Mərkəzində aparılan müayinə, müalicə Avropa və Amerikada qəbul olunmuş ən müasir protokollar üzrə həyata keçirilir.

 

İskəndər Quliyev,

“Şəffaf Seçkilər”

Monitorinq Mərkəzinin direktoru

27.02.2018 14:07 / Baxılıb: 1309 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
19.06.2018
18.06.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo