Azərbaycan iqlim dəyişikliklərinin təsirinin azaldılması üçün beynəlxalq səyləri dəstəkləyir

ATƏT-in Parlament Assambleyasının 17-ci qış sessiyası çərçivəsində qurumun iqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsində İqlim böhranı: İqlim dəyişikliyinə və onun qlobal nəticələrinə qarşı uzunmüddətli strategiyaların işlənib hazırlanması mövzusunda debat keçirilib.

Debatda çıxış edən Milli Məclisin deputatı Kamran Nəbizadə dünyada iqlim dəyişiklikləri problemi və ekoloji tarazlığın qorunması üçün görülməli olan işlərdən danışıb. Qeyd edib ki, hazırda planetimizdə illik orta temperaturun 15 dərəcə ətrafında olmasına baxmayaraq, qlobal istiləşmə prosesi əvvəlki dövrlərlə müqayisədə hazırda çox sürətlə gedir. Bu prosesin əsas səbəblərindən biri havaya buraxılan istixana qazlarının həcminin artmasıdır və bu da öz növbəsində okean sularının temperaturunun artması, buzlaqların əriməsi, qar örtüyünün azalması, dəniz səviyyəsinin artması və ümumilikdə yerli və qlobal xarakterlı çoxlu sayda fövqəladə halların baş verməsi ilə nəticələnir.

K.Nəbizadə deyib ki, iqlim dəyişikliklərinin aqrar sektora mənfi təsiri kənd təsərrüfatı ölkəsi olan Azərbaycanı ciddi şəkildə narahat edir. İqlim dəyişiklikləri və onun mənfi təsirlərinin qarşısının alınması Azərbaycan hökumətinin gündəliyində duran prioritet istiqamətlər sırasındadır. Bildirilib ki, aqrar sektor üçün risklərin azaldılması istiqamətində tədbirlər görülməsəydi, iqlim dəyişikliyi Azərbaycanın ərzaq təhlükəsizliyi, yoxsulluğun aradan qaldırılması, davamlı inkişaf və Minilliyin İnkişaf Məqsədlərinə nail olmaqda irəliləyişlərin əldə edilməsini qeyri-mümkün edə bilərdi. Ona görə də iqlim dəyişikliyinin təsirlərini azaltmaq və ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə milli və regional səviyyədə təcili tədbirlərin görülməsi tələb olunur. Bu baxımdan, Azərbaycan iqlim dəyişikliklərinin təsirinin azaldılması və istixana qazlarının atmosferə buraxılmasının məhdudlaşdırılması üçün beynəlxalq səyləri dəstəkləyir və bu istiqamətdə fəal rol oynamaq niyyətindədir.

Həmçinin qeyd edilib ki, bu yaxınlarda Dünya Bankı və Azərbaycan hökuməti kənd təsərrüfatı sektorunda iqlim dəyişikliyinin adaptasiyası üçün imkanların araşdırılması məqsədilə birgə tədqiqatlara başlayıblar.

Milli Məclisin deputatı bildirib ki, Azərbaycan beynəlxalq ictimaiyyəti yaşıl planetimizin qorunması üçün göstərilən səylərdə dəstəkləyəcəkdir. (azərtac)

23.02.2018 20:37 / Baxılıb: 197 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    11.12.2018
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo