ADU-da AXC və qadınlar mövzusunda dəyirmi masa keçirilib

AZADİNFORM. Azərbaycan Dillər Universitetində (ADU) Regionşünaslıq kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə “AXC və qadınlar” mövzusunda dəyirmi masa keçirilib.

Kafedranın müdiri, dosent Sevdagül Əliyeva Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdiyini deyib.

S. Əliyeva qeyd edib ki, AXC dövründə Şərqdə ilk dəfə qadınlara seçki hüququ verilib və beləliklə kişilərlə bərabər qadınlar da ölkənin ictimai–siyasi həyatında fəal iştirak hüququ əldə ediblər. O, XX əsrin əvvəllərində azərbaycanlı qadının sosial-hüquqi statusu, qadın və kişi hüquqları arasında kəskin fərqlərdən danışıb, eyni zamanda təhsilli qadınların cəmiyyətdəki rolu barədə iştirakçıları məlumatlandırıb.

Daha sonra kafedranın dosenti Kifayət Ağayeva “XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan qadını” mövzusunda slayd təqdim edib. O, AXC qurulduğu müddətdə Azərbaycanın məişət və ictimai həyatında mövcud olan poliqamiya, məcburi evlilik və islami dəyərlərdən sui-istifadə olunmasından danışıb. Bu dövrü işıqlandıran “Əkinçi”, “Şərqi-rus”, “Molla Nəsrəddin” kimi qəzet, jurnalların dərc olunduğunu söyləyən K.Ağayeva qadına dəstək vermək istəyən H.Zərdabi, M.Şahtaxtlı, F.Köçərli və digər ziyalıların bu istiqamətdə atdıqları addımlardan ətraflı söhbət açıb.

Sonda AXC dövründə ölkənin ictimai-siyasi həyatında fəal olan, ilklərə imza atmış qadınlar və mədəni-intellektual mühit ilə bağlı video-çarx nümayiş olunub.

23.02.2018 14:57 / Baxılıb: 172 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo