Sərkisyan təkbaşına Azərbaycanın öhdəsindən gələ bilməyəcəyini başa düşür

Ləman Hüseynzadə / AZADİNFORM. “Ermənistan prezidenti Serj Sərkisyan general-mayor Tiqran Parvanyanı I ordu komandanlığından azad edib, Ermənistan-Rusiya qoşun birləşmələrinə komandan təyin etdi. T.Parvanyan I ordunun komandanı olmaqla yanaşı, həm də Ermənistan-Dağlıq Qarabağ birgə işğalçı qoşunlarının komandanı idi. Başqa sözlə, o, Ermənistanın işğal olunmuş Dağlıq Qarabağda yerləşən hərbi hissələrinin komandanı idi”.

Azadinform xəbər verir ki, bunu politoloq Mübariz Əhmədoğlu deyib. O bildirib ki, hazırda Dağlıq Qarabağ ərazisində 40 min hərbçi xidmətdədir: “Bunun yalnız 5-6 mini Dağlıq Qarabağın özündən olan hərbçilərdir. Qalan 35 min hərbçi Ermənistan respublikasından gəlmədir. T.Parvanyan 2017-ci ilin dekabrın əvvəlində Azərbaycanın işğal olunmuş ərazilərinə bitişik hissəsində Ermənistanın keçirdiyi birgə hərbi təlimlərə rəhbərlik etdi. Üstündən iki ay yarım keçmiş onu indiki vəzifəyə təyin etdilər. Rusiya-Ermənistan birgə qoşun birləşmələrinin əvvəlki komandanı A.Markaryan Dağlıq Qarabağda hərbi əməliyyat zamanı sərəncamında olan Ermənistan-Rusiya qoşun birləşmələrini Dağlıq Qarabağ ərazisində müharibəyə başlamaq əmri verəcəyini bildirmişdi. A.Markaryan bu zaman RF prezidenti, RF silahlı qüvvələrinin, o cümlədən Ermənistandakı hərbi birləşmələrin ali baş komandanı V.Putinin mövqeyini nəzərə almayacağını bildirdi. Görünür, bu səbəbdən onu komandanlıqdan azad etdilər”.

Politoloq əlavə edib ki, S.Sərkisyan Azərbaycanın bütün parametrlər üzrə Ermənistandan üstün olduğunu dəqiq başa düşür: “Hərbi kontekstdə Azərbaycanın Ermənistandan üstünlüyü daha aşkar hiss olunur. Ermənistan cəmiyyəti mənəviyyatsızlıq uçurumuna yuvarlanmaq ərəfəsində ikən Azərbaycanda mənəvi baxımdan güclənmə baş verir. Qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində qoşunların dislokasiyası barədə kəşfiyyat məlumatları da S.Sərkisyanda xof yaradıb. Keçmiş baş kəşfiyyatçısı Vova Vardanov Azərbaycanın Daşkəsən-Gədəbəy və Naxçıvan istiqamətindən  Ermənistana hücum edəcəyini anons edib. Onun fikrincə, Azərbaycan hərbçiləri Sevan gölündə forel balığı yemək istəyirlər”.

“S.Sərkisyan başa düşür ki, təkbaşına Azərbaycanın öhdəsindən gələ bilməyəcək”, - deyən M.Əhmədoğlu qeyd edib ki, bu məsələdə onun müttəfiqi yoxdur: “Ona görə öz xalqını aldatmaq üçün manevrlər edir. Dağlıq Qarabağda erməni qoşunlarına komandanlıq etmiş, general-mayor T.Parvanyanı Ermənistan-Rusiya birgə qoşunlarının komandanı təyin etmək belə yalan strategiyasının tərkib hissələrindən biridir. Görünür, S.Sərkisyanın bu yalanı uzun davam etməyəcək. Azərbaycan hərbçilərinin mövqe döyüşünü udması barədə erməni kəşfiyyatçılarının hay-küyü bunu deməyə əsas verir”.

23.02.2018 12:07 / Baxılıb: 225 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo