ADU-nun rektoru Rumıniya səfiri ilə görüşüb

AZADİNFORM. Fevralın 22-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku ilə görüşüb.

Rumıniyanın Babeş-Bolyay Universitetində Azərbaycan dili və mədəniyyəti Mərkəzinin açılması üçün göstərdiyi səylərə görə səfirə öz təşəkkürünü bildirən Kamal Abdulla bu fəaliyyəti çox yüksək qiymətləndirdiyini vurğulayıb. 

Rektor ümid etdiyini bildirib ki, cənab səfiri ADU-da tələbələr qarşısında çıxış edən müəllim kimi də görəcək. 

Kamal Abdulla əlavə edib ki, ADU-da Rumıniya Mərkəzi açılacaq. 

Rektor ADU-da Rumıniyaşünaslıq ixtisasının tədris olunacağı barədə də məlumat verib. Qeyd edib ki, bu ixtisas üzrə hər il 15 nəfərə yaxın tələbə təhsil alacaq. 

Kamal Abdulla Rumıniya universitetlərindən birində Azərbaycan multikulturalizmi fənninin tədris edilməsini təklif edib, Rumıniyada Azərbaycanı sevənlərin sayını artırmağın vacibliyindən danışıb. 

Təklifləri müsbət qarşılayan Dan İanku Azərbaycan və Rumıniya mərkəzlərinin bir gündə açılması təklifini irəli sürüb. Təklif müsbət qarşılanıb.  

Görüşdə ADU və Rumıniyanın Babeş-Bolyay Universiteti arasında protokol imzalanıb. 

Qeyd edək ki, protokol iki ölkə arasındakı əlaqələri gücləndirmək üçün qarşılıqlı anlaşmanı artırmaq, əməkdaşlığı, mədəni və akademik öhdəlikləri gücləndirmək, Türkologiya İnstitutunun dəstəyi ilə BBU-da Azərbaycan dili və mədəniyyəti Mərkəzinin açılması və müəyyən olunmuş prinsiplər, eləcə də qarşılıqlı öhdəliklər çərçivəsində birgə fəaliyyətin genişləndirilməsi məqsədi daşıyır. 

Protokolda ADU-nun BBU-da təşkil olunacaq Azərbaycan dili kurslarına azərbaycanlı təlimçilərin təyin olunmasına üstünlük verəcəyi, həmin universitetdə müvafiq təhsil və mədəni kontekstdə fəaliyyət göstərən Türkologiya İnstitutunun daxilində yaradılacaq Mərkəzin bütün zəruri təlim materiallarının (dərs kitabları, təcrübə kitabları, müəllimlər üçün vəsaitlər, çap materialları, mətn materialları, distans təhsil materialları, broşüra və posterlər və s.) ADU tərəfindən təmin edilməsi və digər mühüm məsələlər nəzərdə tutulub.

Sonda qonaqlara hədiyyələr təqdim olunub.

22.02.2018 17:30 / Baxılıb: 217 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    11.12.2018
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo